“Norm” Açıq Səhmdar Cəmiyyəti və Xəzər Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
FED.az xəbər verir ki, sənəd Xəzər Universitetinin rektoru İradə Xəlilova və “Norm” ASC-nin Baş icraçı direktoru Henning Sasse tərəfindən imzalanıb.
Rektor İradə Xəlilova çıxışında müasir təhsil sisteminin tələblərinə uyğun olaraq, istər gənc kadrların ixtisas seçimində, istərsə də onların rəqabətədavamlı mütəxəssis, kadr kimi hazırlığı baxımından “Norm” ASC ilə qurulan çoxşaxəli əməkdaşlığın faydalı olacağını bildirib.
“Norm” ASC-nin Baş icraçı direktoru Henning Sasse də təmsil etdiyi qurumun ali təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verdiyini, istehsalat təcrübələri əsasında universitetlərin kadr hazırlığı proseslərinə dəstək verilməsinə maraq göstərdiyini qeyd edib. İcraçı direktor əldə olunan razılaşmanın əhəmiyyətini, kifayət qədər geniş sahələri əhatə edən bu əməkdaşlığın hər iki tərəf üçün yararlarını vurğulayıb.
Şirkətin İnsan Resursları və Administrativ İşlər üzrə müdiri Arzu Abdullayeva “Norm” şirkətinin təhsil müəssisələri ilə müsbət əməkdaşlıq təcrübəsindən danışıb və bu səpkidə əməkdaşlıqların gənc kadrların mütəxəssis kimi yetişməsində faydalı tərəflərini bir daha qeyd edib.
Daha sonra “Norm” ASC-nin istehsal tarixini, fəaliyyət sahəsini, eləcə də nəzərdə tutulan əməkdaşlıq istiqamətlərini özündə əks etdirən ətraflı təqdimat şirkətin İnsan Resursları və Administrativ işlər üzrə Baş mütəxəssisi Tamerlan Ələkbərli tərəfindən iştirakçıların diqqətinə çatdırılıb.
Bu əməkdaşlıq çərçivəsində Xəzər Universitetinin müxtəlif ixtisasları üzrə tələbələri şirkətdə istehsalat təcrübəsi keçəcək, ali təhsil ocağının müəllim heyəti isə “Norm” tərəfindən təşkil olunan təlim və seminarlara qatılacaqlar. Həmçinin tərəflərin maraqlarına uyğun olaraq, müxtəlif mövzularda təlim və konfransların, şirkətin peşəkar heyətinin iştirakı ilə seminarların təşkili də razılaşma çərçivəsində nəzərdə tutulub.
Anlaşma memorandumu imzalandıqdan sonra universitetin rəhbər və pedaqoji kollektivinin, o cümlədən, “Norm” ASC-nin nümayəndə heyətinin iştirakı ilə xatirə şəkli çəkdirilib.