2023-cü ilin yanvar-dekabr aylarında Gəncə şəhərində fəaliyyət göstərən sənaye müəssisələri və fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 571,9 milyon manatlıq sənaye məhsulu istehsal edilib və sənaye xarakterli xidmətlər göstərilib.
FED.az bu barədə Gəncə Şəhər Statistika İdarəsinə İstinadən xəbər verir.
Məhsulun və xidmətlərin 143,5 milyon manatı, yaxud 25,1 faizi dövlət sektorunun sənaye müəssisələri, 428,4 milyon manatı, yaxud 74,9 faizi qeyri-dövlət sektorunun sənaye müəssisələri və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektləri (fiziki şəxslər) tərəfindən istehsal edilib.
Emal sektorunun müəssisələri tərəfindən 425,9 milyon manatı, yaxud 82,8 faizi qeyri-dövlət sektoruna aid olmaqla 514,4 milyon manatlıq məhsul istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilib. Bundan 120,4 milyon manat qida məhsulları istehsalı, 14,6 milyon manat içki, 245,7 milyon manat metallurgiya sənayesi məhsulları, 88,3 milyon manat avtomobil, qoşqu və yarımqoşquların istehsalı və 45,4 milyon manat digər məhsulların istehsalı təşkil edib.
Cari ilin yanvar-dekabr ayları ərzində 90,4 min ton un, 52,8 ton makaron, 161,5 min dekalitr araq, 150,2 min dekalitr şərab, 662 ədəd traktor, 383 ədəd MAZ yük avtomobili, 20755,5 ton emal edilməmiş alüminium ərintiləri (ilkin şəkildə), 50 ədəd taxılyığan kombaynlar və 5803 ədəd elektron, 238247 ədəd mexaniki su və qaz sayğacları istehsal olunub.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun müəssisələri tərəfindən 2023-cü il yanvar-dekabr ayları ərzində 31,5 milyon manatlıq, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 24,4 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilib.