Xəbər verildiyi kimi, Azərbaycanın qızıl hasilatı və istehsalı sektorunun əsas operatoru olan dövlət şirkəti «AzerGold» QSC Bakıda yeni qızıldan hazırlanan məhsulların ilk Satış və mübadilə mərkəzini istifadəyə verib.
Eləcə də bax: Bakıda 1 kiloqramlıq qızıl külçə satışı başladı – «AzerGold»DAN YENİLİK
FED.az xəbər verir ki, Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən mərkəzdə Səhmdar Cəmiyyətin 2019-cu ildən etibarən yerli pərakəndə bazara təqdim etdiyi 5, 10, 20 qramlıq sikkə və külçələrlə yanaşı, çəkisi 1, 10 unsiya, 500 qram və 1 kiloqram olan yeni qızıl külçələr və fərqli dizaynlarda qızıl sikkələr satışa çıxarılıb.
Xatırladaq ki, bir qədər əvvəl Azərbaycanda külçə, sikkə və qranul şəklində qızılın və gümüşün satışı əlavə dəyər vergisindən, gömrük rüsumlarından, eləcə də idxal olunan qızıl və ondan hazırlanmış məhsullar aksiz vergisindən azad edilib. Bu dəyişikliklər nəticəsində «AzerGold»un rəsmi Satış və mübadilə mərkəzində şirkət tərəfindən istehsal edilən məhsullar qızılın dünya birjasındakı cari qiymətinə uyğun minimal marja ilə alıcılara satılır. Məhsulların maya dəyərinə əlavələrin əhəmiyyətli hissəsini isə istehsal xərcləri təşkil edir.
Əlavə olaraq, ilk dəfə mərkəzdə Cəmiyyətin istehsal etdiyi sikkə və külçələrin qızılın dünya birjasındakı cari qiymətinə uyğun geri alışı – mübadiləsi təmin ediləcək. Bu da, artıq məhsulların təkcə hədiyyə qismində deyil, istənilən zaman milli valyuta ilə mübadilə edilə bilən sərfəli investisiya aləti kimi seçiminə də imkan yaradacaq.