Azərbaycanın son illər sürətlə inkişaf edən sənaye zonalarına daha bir böyük investisiyala rezident cəlb olunub.
FED.az xatırladır ki, bir qədər əvvəl İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Pirallahı Sənaye Parkında yeni rezident - "Supreme Pharmatech Azerbaijan" MMC qeydiyyata alınıb, bununla da Sənaye Parkının rezidentlərinin sayı 6-ya çatıb.
Tailand-Azərbaycan birgə şirkəti olan "Supreme Pharmatech Azerbaijan" MMC tərəfindən Sənaye Parkının 2,5 hektar ərazisində bioloji aktiv qida əlavələrinin və dərman vasitələrinin istehsalını həyata keçirəcək müəssisə inşa ediləcək. İnvestisiya həcmi 8,3 milyon manat təşkil edən müəssisədə 56 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.
Bu gün isə “Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) və Tailandın “Supreme Pharmatech Co., LTD” şirkəti arasında əməkdaşlıq haqqında üçtərəfli Anlaşma Memorandumu imzalanıb.
Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İZİA-nın İdarə Heyətinin sədri Elşad Nuriyev və Tailandın “Supreme Pharmatech Co., LTD” şirkətinin baş direktoru Yuri Nelepçenko imzalayıblar. Memorandumda əczaçılıq sahəsində birgə tədbirlərin, proqram və layihələrin həyata keçirilməsi, yerli kadr potensialının inkişafına dəstək, KOB-lar üçün təlimlərin təşkili, tədqiqatların aparılması nəzərdə tutulur.
Həmçinin, tədbir çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) və Tailand-Azərbaycan birgə şirkəti olan “Supreme Pharmatech Manufacturing” MMC arasında Müqavilə imzalanıb.
Sənədlərə əsasən əczaçılıq sahəsində birgə tədbirlərin, proqram və layihələrin həyata keçirilməsi, yerli kadr potensialının inkişafına dəstək, KOB-lar üçün təlimlərin təşkili, tədqiqatların aparılması, əczaçılıq və qida əlavələri sektoruna töhfə verə bilmələri üçün KOB-ların məlumatlandırılması və qarşılıqlı əməkdaşlıq, yerli xammal bazasının inkişafı üçün birgə tədbirlərin həyata keçirilməsi də daxil olmaqla əczaçılıq məhsulları istehsalı sahəsində təchizat zəncirinin inkişaf etdirilməsi, əczaçılıq sənayesində fəaliyyət göstərən KOB və startapların inkişafına birgə dəstək, əczaçılıq sahəsində biznes inkubatorların və tədqiqat mərkəzlərinin dəstəklənməsi kimi istiqamətlərdə birgə əməkdaşlıq nəzərdə tutulur.
Həmçinin, tədbir çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) və Tailand-Azərbaycan birgə şirkəti olan “Supreme Pharmatech Manufacturing” MMC arasında Müqavilə imzalanıb.
Tədbir çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İZİA-nın İdarə Heyətinin sədri Elşad Nuriyev, “Supreme Pharmatech Co., LTD” şirkətinin baş direktoru Yuri Nelepçenko və “Supreme Pharmatech Manufacturing” MMC-nin direktoru Müşfiq Hüseynov arasında görüş keçirilib. Görüşdə tərəflər arasında imzalanmış üçtərəfli sənəddən irəli gələn məsələlər, əməkdaşlıq imkanları müzakirə edilib.