2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 975,5 kq qızıl hasil edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 29,6% azdır.
Azərbaycanda hazır qızıl ehtiyatı 25% azalıb
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 1 min 841,3 kq gümüş (azalma 42,5%) hasil edilib.
İyunda 88,9 kq qızıl, 46,8 kq gümüş hasil edilib.
Hasil edilən qızıl və gümüş emala göndərilib.
1 iyul 2023-cü il tarixinə istehsalçı şirkətlərin anbarlarında qızıl ehtiyatının həcmi 101,9 kq, gümüş ehtiyatının həcmi 325,2 kq təşkil edir.
Hazırda Azərbaycanda qiymətli metal hasilatı “AzerGold” QSC və Britaniyanın “Anglo Asian Mining PLC” şirkəti tərəfindən həyata keçirilir.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Azərbaycan hökuməti və “Anglo Asian Mining PLC” şirkəti arasında Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. 2021-ci ilin sentyabr ayında imzalanmış yeni müqaviləyə əsasən, 3 yeni müqavilə bloku “Anglo Asian Mining”in sərəncamına verilib və şirkət bir yatağı işləmək hüququndan imtina edib. Bununla da hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir. Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. (İnterfaks-Azərbaycan)