Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti 2022-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, mədən şirkətinin gəlirləri 2021-ci ilə nisbətən 2022-ci ildə 8,4% və ya 7,8 mln. dollar azalaraq 84.7 mln. ABŞ dollarına enib. 2021-ci ildə “Anglo Asian" 92.5 mln. ABŞ dolları gəlir əldə etmişdi.
Ötən il şirkətin xalis mənfəəti isə 7.5 mln. ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 40,5% və ya 5,1 mln. ABŞ dolları azdır. 2021-ci ildə şirkət 12.6 mln. ABŞ dolları xalis mənfəət açıqlamışdı.
Qızıl hasilatının ümumi davamlı dəyəri hasilatın azalması səbəbindən bir unsiya üçün 1 064 dollara (2021-ci ildə 843 dollar olub) kimi artıb.
31 dekabr 2022-ci il tarixinə şirkətin nağd vəsaitləri 20.4 mln. dollar təşkil edib. 2021-ci ilin eyni dövründə bu rəqəm 37.5 mln. dollar olub.
“Anglo Asian Mining" ötən il 2021-ci illə eyni həcmdə, hər səhm üzrə 4 sent olmaqla ümumilikdə 8,6 mln. dollar dividend ödədiyini açıqlayıb.
“2022-ci il “Anglo Asian Mining” üçün mühüm il olub və bu müddət ərzində şirkət mövcud əməliyyatlarında və biznesinin inkişafında əhəmiyyətli irəliləyiş əldə edib. Bu, mənfəətlə işləmək və bütün maraqlı tərəflər üçün dəyər yaratmaq təcrübəsini saxlamaqla həyata keçirilib” - deyə, şirkət rəhbəri Reza Vaziri bildirib. (Apa)