“Azəralüminium” 2026-cı ilin ilk yarısında həm maliyyə, həm də ixrac göstəricilərində yüksək dinamika nümayiş etdirib.
FED.az biznes və maliyyə xəbərləri portalına Azərbaycan İnvestisiya Holdinqindən verilən məlumata görə, şirkətin gəlirləri 41% artaraq 165 milyon manatdan çox, EBITDA göstəricisi 41 milyon manat təşkil edib. Mənfəətlilik göstəricisi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 151% yüksəlib.
Alüminium məhsullarının ixracı 46% artaraq 98 milyon ABŞ dollarını ötüb. Şirkət dövlətə məxsus qeyri-neft ixracatçıları arasında ilk dördlükdə yer tutub. Məhsulların 95%-dən çoxunun xarici bazarlara ixrac
olunması “Azəralüminium”un Azərbaycanın qeyri-neft ixracının genişləndirilməsində və yerli sənaye məhsullarının beynəlxalq bazarlarda mövqeyinin gücləndirilməsində mühüm rolunu göstərir.
2018-ci ildən fəaliyyət göstərən müəssisə indiyədək 400 min tondan çox məhsulu istehsal, 1,8 milyard manatdan artıq dəyərdə məhsulu isə ixrac edib.
Şirkətdə yüksək əlavə dəyərli soyuq yayma və tökmə rulon məhsullarının istehsal və satışının artırılması istiqamətində işlər davam etdirilir. Mövcud proqnozlara əsasən, 2026-cı ilin sonunda şirkətin gəlirlərinin 300 milyon manatı ötəcəyi gözlənilir.












