Sağlamlıq

"Xəstə özünü cərəyana qoşub yatmalıdır" - Süni ürək qoyan həkimlə - MÜSAHİBƏ

"Xəstə özünü cərəyana qoşub yatmalıdır" - Süni ürək qoyan həkimlə - MÜSAHİBƏ | FED.az
20:49 12 Fevral 2019
Fevralın 3-də Respublika Müalicəvi Diaqnostika Mərkəzində 55 yaşlı Qubuşov Vasif İslam oğluna süni ürək qoyulub.

FED.az-ın məlumatına görə, bu hadisə cəmiyyət arasında geniş müzakirələrə səbəb olub.
Ölkədə ürək çatışmazlığından əziyyət çəkən digər xəstələrə bu prosedurun tətbiqinə başlanacaqmı? Süni ürək daşıyan xəstənin həyatında nə kimi dəyişikliklər olacaq? 

ELƏCƏ DƏ BAX: Dərman satışı artıb – MƏBLƏĞ

Sualları Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RDM) Ürək və Damar Cərrahiyyəsi Uzmanı, Ürək-damar xəstəlikləri Şöbəsinin müdiri, həkim Anar Əmrah cavablandırıb:

- Özünüz barədə məlumat verərdiniz. 

- 25 fevral 1978-ci ildə anadan olmuşam. 1995-ci ildə Bakıda "Kimya-Biologiya təmayüllü" liseyi bitirib, eyni ildə Gülhane Hərbi Tibb Akademiyasına daxil olmuşam. 2013-cü ildə Silahlı Qüvvələrin Hərbi Hospitalında ürək-damar cərrahiyyə mərkəzini yaradıb, beş il mərkəzə rəhbərlik etmişəm. Artıq iki aydır ki, Respublika Müalicəvi Diaqnostika Mərkəzində ürək-damar cərrahiyyəsində şöbə müdiri vəzifəsində çalışıram. Uzun illər xaricdə təhsil almışam və orada çalışmışam. Təxminən 6-7 ilə yaxındır ki, Azərbaycanda fəaliyyət göstərirəm.

- Respublikada ürək xəstəliklərinin sayı ilbəil artır, yoxsa?

- Təəssüf ki, bu gün nəinki Azərbaycanda, eləcə də, dünyada ölüm və əlilliyə səbəblər arasında ilk yerdə ürək-damar xəstəlikləri qərarlaşıb. Xəstəliklər arasında ən çox inkişaf edən sahə olsa da, onun müalicə üsulları da kifayət qədər genişdir. Amma təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu gün infarkt və ürək çatışmazlığı diaqnozundan itirdiyimiz insanların sayı olduqca çoxdur.

- Xəstəlik ötən illərlə müqayisədə, xeyli gənc yaşlarda olan insanlarda müşahidə olunur. Bunu nə ilə əlaqələndirirsiniz?

- Qidalanma problemimiz çox önəmlidir. İnsanlar sağlam qidalanmır, sağlam həyat tərzinə riayət etmir. 40 yaşım var, hələ də bu xəstəliyin qarşısını almağın yollarını axtarıram. Apardığımız bütün araşdırmaların, tədqiqatların sonu gəlir bizim atalarımıza, babalarımıza çıxır. İrsi faktor var. Lakin bizim insanlar bu günlə müqayisədə, olduqca aktiv həyat tərzi keçiriblər. Bu isə bizim genetikamızı formalaşdırıb. İndi isə oturaq iş sistemi, passiv həyat tərzi bu ürək-damar xəstəliklərinin yaranmasına təkan verir.

- Gənclərin böyük əksəriyyəti idmana zaman ayırsa da, 25-30 yaşlı insan infarktdan ölür.

- Bilirsiniz, idman dedikdə bizim ağlımıza hər hansı qapalı idman zalı gəlir. Əslində, bu, heç də sağlam üsul deyil. Daha yaxşı olardı ki, insanlar açıq havada qaçmağa, müxtəlif idman hərəkətləri etməyə üstünlük verəydilər. Gündə ən azı 45 dəqiqə-1 saat yürüş etmək vacibdir. Sürətli qaçmaq lazım deyil. Həmişə bunu vurğulayırıq. Yarış tərzi yaradan idman növləri stress deməkdir ki, bu da qətiyyən bizim nəzərdə tutduğumuz və tövsiyə etdiyimiz bir şey deyil. Yaxşı olardı ki, insanlar hər gün qeyd etdiyim müddətdə təmiz havada gəzsinlər, gəzən zaman bir-biri ilə söhbət etsinlər.

- Ürək çatışmazlığı hansı yaş qrupunda daha çox qeydə alınır?

- 40 yaş civarında insanlarda xüsusilə son dövrlərdə daha çox artıb. Kişilərdə daha çox rast gəlinir.

- Ürək-damar xəstəliklərinin yaranmasına təkan verən hansı problemlər çoxalıb?

- İnsanlar qidalanan zaman qətiyyən diqqət etmirlər. Həddən artıq yağlı, duzlu və tərkibində normadan artıq şəkər olan qida məhsullarına üstünlük verirlər. Nəticədə, şəkər xəstəliyi, təzyiq problemi yaranır. Amma xəstənin heç bu problemdən xəbəri olmur. Şəkər xəstəliyi, təzyiq problemi də öz növbəsində ürək-damar xəstəliklərinin yaranmasına gətirib-çıxara bilər.

- Bəzən insanlar təzyiq probleminin olduğundan belə xəbərsiz olurlar. Bu, özünü daha çox hansı simptomlarla büruzə verir?

- İl ərzində ən azı 2-3 dəfə təzyiq ölçülməlidir. Çox sadə müayinə metodudur. Elə insanlar var ki, təzyiqi 180 civarındadır, amma xəbərləri yoxdur və heç bir tədbir görmürlər. Təbii ki, yüksək təzyiq damarlara çox ciddi təsir göstərir. Daha da qorxulusu yavaş-yavaş artan təzyiqdir ki, təəssüf ki, o, özünü çox nadir hallarda büruzə verir. Əslində, təzyiqin olduğunu hiss edirsinizsə, hərəkətdə olan zaman sinənizdə bir göynəmə, ağrı hiss edirsinizsə, bu, sevindirici haldır. Bu, həyəcan təbilidir ki, həkimə müraciət etmək lazımdır. Amma əksər hallarda bu proseslər gizli gedir və qəfl infarkt diaqnozu və ya ağırlaşmış ürək çatışmazlığı ilə qarşı-qarşıya qalırıq. 

- Ailəsində ürək-damar xəstəliklərindən əziyyət çəkənlər olan şəxslərdə bu risk nə qədər yüksəkdir? 

- Təbii ki, risk hər zaman var. Amma ailəsində və ya nəsildə bu xəstəlik varsa, ikiqat daha diqqətli olmalıdırlar. Ən kiçik bir narahatlıq hiss etdikdə dərhal həkimə müraciət etmələri tövsiyə edilir.
Bu gün ürək müayinələrinin aparılması qəliz prosedur deyil. Bir kardioqram, kordioloji stress test (ürəyin dözümlülüyünü yoxlamaq üçün) kifayət edir ki, pasiyentin vəziyyəti haqqında məlumat əldə edilsin. Xüsusilə ani ölüm faktları ürəyin ritminin pozulması zamanı müşahidə edilir. Ona görə də adi bir döyüntü belə mütəmadi narahat edirsə, gecikmədən həkimə müraciət olunmalıdır. 

- Ölkədə ürək çatışmazlığından əziyyət çəkən insanların sayı çoxdur? 

- Demək olar ki, ümumi xəstəliklərin 35-40 faizini təşkil edir. Bu gün azyaşlı uşaqlara belə süni ürək köçürmək mümkündür. Yəni ürək xəstəliklərinin 30 faizini məhz ürək çatışmazlığından əziyyət çəkən xəstələr tutur ki, təəssüf ki, gec müraciətlərdən dolayı onların böyük əksəriyyətini itiririk. 
- Bir qədər 55 yaşlı pasiyent barədə məlumat verərdiniz. Bu, ölkədə ilk prosedurdur? 

- Bəli, ilk dəfə 55 yaşlı Qubuşov Vasif İslam oğluna 140-160 qram çəkidə olan süni ürək qoşulub. Bu pasiyent bizə müraciət edənə qədər Rusiya, Türkiyə, Belarus və bir çox ölkələrdə müalicə alıb. Burada da müalicə olunub. Ona vəziyyəti ilə bağlı məlumat verilib və çıxış yolu kimi süni ürək qoyulmasının ən məqbul yol olduğu bildirilib.
Xəstə bu barədə fikirləşəcəyini deyərək evə yazılıb. Lakin bir gün sonra çox ağır, təngnəfəs vəziyyətdə xəstəxanaya gətirilib. Zamanımız yox idi. Əməliyyatı bazar gününə saldıq. Xəstəni itirmək üzrə idik. Ürək öz fəaliyyətini yerinə yetirə bilmirdi. Dörd saat davam edən əməliyyatda ürəyin yuxarı hissəsinə süni ürək yerləşdirildi. Ürəyə gedən damarlar süni ürəyə yönləndirildi.
Ürəyin passiv də olsa, fəaliyyəti var. Lakin əsas güc süni ürəyin üzərinə düşür. O qanı yığır və digər orqanlara ötürür. Təqribən 8-10 litrə yaxın qan ötürülür ki bu da orqanların qanla təminatını qarşılaya bilir. 

- Bəs cihazın öz fəaliyyəti? 

- Cihaz ABŞ istehsalıdır. Ən müasir texnologiyalarla hazırlanmış həcmcə kiçik ürəkdir. Aparatın işləməsindən asılı olaraq 6-8 və ya 12-24 saat ərzində batareya gücü ilə çalışa bilir. Ehtiyat olaraq dörd batareya verilir. Ehtiyac yaranarsa, daha dörd batareya ilə təchiz etmək imkanımız var. 

- Batareyanın enerjisi bitdi və xəstə elektrik olmayan hər hansı bir yerdə qaldı. O zaman nə baş verəcək? 

- Bilirsiniz, batareyanı həm maşında, həm evdə enerjiyə qoşmaq olur. Batareyaların enerji ilə təmin edilməsinə diqqət edilməlidir, inanmıram, hər hansı bir xəstə öz həyatına bu cür diqqətsiz yanaşsın. Amma dediyiniz hal yaşanarsa, təbii ürək tamamilə fəaliyyətini itirmir. Passiv şəkildə də olsa, 24 saat öz funksiyasını yerinə yetirə bilər. O baxımdan, xəstələrə tövsiyə edirik ki, elektrik təchizatı olmayan ərazilərdə 24 saatdan artıq qalmasınlar. 

- Xəstələrə verilən batareyaların müəyyən istifadə müddəti var. Onlar bitdikdən sonra pasiyent həmin batareyaları almaq üçün nə qədər pul verməlidir? 

- Heç bir ödəniş edilmir. Bu batareyalar həmin xəstələr üçün sifarişli gəlir və ehtiyac olan zaman onlar zəruri sayda batareya ilə təmin edilirlər. 

- Bu insanlar yatanda batareya bitərsə, nə baş verər? 

- Yaxşı olar ki, yatan zaman batareya ilə deyil, cihazın kabelini elektrik cərəyanı yuvasına taxaraq yatsınlar. Kabel kifayət qədər uzana və qısala bilir. Bütün proseslər bədənin daxilində qalır. Sadəcə aşağı tərəfdən cərəyan kabeli bədəndən çölə çıxarılıb ki, bu da cihazın enerji bərpası üçün idtifadə edilir.
- Doğru başa düşdüm, insan enerjiyə qoşulu halda yatmalıdır? 
- Bəli, düz başa düşdünüz. 
- Hər hansı qısaqapanma və ya elektrik problemi onların həyatı üçün riskli deyil? 
- Xeyr, heç bir təhlükə yoxdur. Cihazın daxilində və proqramında təhlükəsizlik üçün qoruyucular mövcuddur. 

- Bəs bu insanlar normal insanlar kimi duş qəbul edə biləcək? Su ilə təmas cihazın istifadəsində problem yaradır? 

- Xeyr. Bunlar əvvəlcədən düşünülüb. Süni ürək cihazı suya və zərbəyə davamlıdır. 

- Əməliyyat 97-100 min manat civarında vəsait tələb edir. Süni ürəyə ehtiyacı olan çox sayda insan var. Əməliyyatın gerçəkləşdirilməsində əhaliyə dövlət yardımı istiqamətində hər hansı layihə hazırlanacaq mı?

- Bu gün Azərbaycanda ürək köçürülməsi Milli Məclisdə müzakirəyə qoyulub. Ümid edirəm ki, bu məsələ yaxın gələcəkdə öz həllini tapacaq. Ürək köçürülməsi bu işin ən son mərhələsi hesab olunur. Yəni canlı donorların tapılması üçün çox zaman sərf edilir. İtirilən hər dəqiqə isə pasiyentin vəziyyətinin daha riskli hal alması deməkdir. Həm də çox nadir halda təsadüf edilir ki beyin ölümü gerçəkləşsin, lakin ürək, ağciyər fəaliyyətini saxlasın. Məsələn, 55 yaşlı xəstəmizdə ağciyər təzyiqi 90-a çatmışdı.

Orqan köçürülməsi zamanı artıq ona iki orqan - ağciyər və ürək köçürülməli idi. Bunun üçün isə donor kimi istifadə ediləcək şəxsin ailə yaxınlarının icazəsi olmalıdır, qan qrupu uyğun gəlməlidir, xəstəlikləri olmamalıdır. Bu, kifayət qədər uzun prosedurdur. Eyni zamanda, bu gün ölkə qanunvericiliyində ağciyər transplantasiyasına icazə yoxdur. Məhz bu səbəblərdən biz süni ürək qoyulması yolunu seçdik. 

- Xəstənin qidalanmasına dəyişiklik ediləcəkmi? 

- Xəstə altı həftə özünə diqqət etməlidir. Qida rasionu, demək olar ki, normal insanlarla eynidir. Lakin ömür boyu qan durulaşdırıcı preparatlardan istifadə etməlidir ki, cihaz qan laxtaları ilə təmas yaratmasın. 

- Bu cihaz nə vaxtsa ürəkdən çıxarılır?

- Gənc xəstələrdə ürəyin fəaliyyətini nəzərə almaqla, altı aydan sonra çıxarmaq olur. Altı ay müddətinə süni ürək təbii ürəyin fəaliyyətinə təkan verərək onun aktiv və normal fəaliyyətini təmin edirsə, cihazı çıxarırıq. Lakin yaşlı xəstələrdə bunu etmirik, çünki ürək hüceyrələri ölür. Bu səbəbdən cihaz ömür boyu ürəyin yanında qalır. Cihaz dəyişdirilmir, yalnız batareyaları dəyişdirilir. Təbii ki, minimum ehtimallar var ki, cihaz xarab olsun. ABŞ-da belə bir hal olub və cihaz dəyişdirilib. 

- Gənc yaşda insanlara süni ürək qoyulması onların ailə həyatında hər hansı bir problem yarada bilərmi? 

- Xeyr, heç bir problem yoxdur. Onlar hər kəs kimi ailə qura və övlad sahibi ola bilərlər. 

- Həmin şəxslər ağır nəqliyyat qəzaları keçirən zaman nə baş verə bilər? 

- Normal insanlara göstərilən ilkin tibbi yardım göstərilməlidir. Qəza anında ilk olaraq cihazın batareyaları yoxlanmalıdır. Əgər çıxıbsa, yerinə taxılmalıdır. Digər bütün proseslər hamı kimi davam etdirilir. 

Digər xəbərlər