Qida Təhlükəsizliyi Agentliyində ölkədə fəaliyyət göstərən bir sıra şadlıq evlərinin rəhbərləri ilə onlayn formatda görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən FED.az-a verilən məlumata görə, görüşün keçirilməsində məqsəd şadlıq evlərinin rəhbərlərinin qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər barədə məlumatlandırılması, eləcə də həmin sahibkarlıq subyektlərində qida təhlükəsizliyinə nəzarətin təkmilləşdirilməsi olub.
Görüşdə qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin fəaliyyətinə dövlət nəzarətinin həyata keçirildiyi, şadlıq evlərinin rəhbərlərinin də bu sahədə öz fəaliyyətini təkmilləşdirməli və qida təhlükəsizliyi ilə əlaqədar qüvvədə olan bütün norma və tələblərə ciddi şəkildə əməl etməli olduğu diqqətə çatdırılıb.
Agentliyin sədr müavini Rəşad Mafusov sahibkarlara əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Xüsusilə qanunsuz heyvan kəsimi və ət satışı məsələsi üzərində dayanan sədr müavini bildirib ki, fəaliyyətini “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli Sərəncamı əsasında quran agentlik bu ilin avqust ayından etibarən baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi hallarının qarşısının alınması məqsədilə Bakı şəhərində və respublikanın rayonlarında Daxili İşlər Nazirliyinin və rayon icra hakimiyyətlərinin nümayəndələri ilə birgə reydlər keçirir.
Sədr müavini bildirib ki, hazırda Bakıda qanuni şəkildə fəaliyyət göstərən 22 heyvan kəsimi və ət satışı məntəqəsi paytaxt əhalisinin tələbatını ödəməyə imkan verir. Təəssüf ki, şadlıq evləri heyvan mənşəli məhsulları həmin məntəqlərdən deyil, qeyri-qanuni şəkildə fəaliyyət göstərən obyektlərdən tədarük edərək onların fəaliyyətinə tələbat yaradırlar. Şadlıq evləri tərəfindən tədarük olunan ət və ət məhsullarına mütləq baytarlıq arayışı alınmalıdır və həmin sənədləri elektron qaydada əldə etmək mümkündür. Fəaliyyətini qanunvericiliyin tələbləri çərçivəsində qurmayan şadlıq evləri barəsində isə müvafiq tədbirlər görüləcək.
Görüşdə qeyd edilib ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanuna uyğun olaraq, əhalinin sağlamlığının qorunması, yoluxucu və parazitar xəstəliklərin yayılmasına yol verilməməsi, zəhərlənmələrin qarşısının alınması məqsədilə obliqat qrupuna daxil olan işçilərin işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində vaxtaşırı tibbi müayinədən keçməsi və tibbi arayışlarla təmin olunması zəruridir. Həmçinin bildirilib ki, şadlıq evlərində obliqat qrupuna daxil olan işçilərin tibbi müayinədən keçmədiyi aşkarlanarsa, onların işdən azad olunması üçün müvafiq qaydada tədbirlər görüləcək.
Tədbirdə, müşayiətedici sənədləri olmayan qida məhsullarının (o cümlədən alkoqollu içkilərin), saxta şəkildə markalanmış alkoqolsuz içkilərin tədarükünün, yararlılıq müddəti bitmiş məhsullardan istifadənin qadağan olduğu, qida təhlükəsizliyinin mal qonşuluğu, qida zənciri və digər prinsiplərinə əməl edilməsinin vacibliyi bir daha sahibkarların diqqətinə çatdırılıb.
Görüşdə şadlıq evlərinin rəhbərləri bir sıra problemlərə toxunub və onların həlli sahəsində fikir mübadiləsi aparılıb.