“Plastik cərrahiyyə nəticəsində ölən adamlar var, uşaqları yetim qalıb. Ülviyyə Qurbanova adlı plastik cərrahın 9-cu sinif təhsili var. Bu adam indi gizli kosmetoloq, üz cərrahı kimi fəaliyyət göstərir. Bu xanım adam öldürüb, lakin onunla bağlı heç bir addım atılmır”.
İcazəsiz işləyən plastik cərrahlarlara XƏBƏRDARLIQ! - 30 min manatadək CƏRİMƏ
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Səyyad Aran (Salahlı) deyib.
Deputat bildirib ki, ölən şəxsin valideynləri ona müraciət edib, Ülviyyə Qurbanovanın cəzalandırılmasını istəyirlər: “İndi kimsə hansısa defektini düzəltmək istəyirsə, yenə gedəcək düşəcək bunun əlinə, həmin adamı da öldürəcək. Yaxşı haldır ki, Azərbaycanda Səhiyyə Nazirliyi plastik cərrahların siyahısını dərc etdi, amma bu, geniş yayılmalıdır. Plastik cərrahların toplandığı bir mərkəz yaratmaq olmazmı ki, hamı plastik əməliyyat üçün hara getməli olduğunu bilsin?”
Deputat əlavə edib ki, rayonlarda xəstəxana direktorları rayona göndərilən həkimlərin istəyi ilə onları geri qaytarır: “Bu, nə demokratiyadır? Həkim mütləq təyinat üzrə göndərildiyi yerdə işləməlidir. Deyirlər, gələn həkimə hava düşmədi. Belə şey olar?! Mütləq şəkildə təyinat məcburi olmalıdır”.
Qaldırılan məsələyə münasibət bildirən Səhiyyə naziri Teymur Musayev deyib ki, plastik əməliyyatı edən şəxs bunu öz evinin mətbəxində icra edib, ölən şəxsin bütün qohumları da bilirmiş ki, əməliyyat edən şəxs ixtisaslı deyil.
Nazir bildirib ki, Səhiyyə Nazirliyi, sadəcə, tibb işçilərinə cavabdehdir: “Ölən qızın valideynləri mənim də qəbulumda olub. Səhiyyə Nazirliyi yalnız tibb işçilərinə cavabdeh ola bilər. Bu məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırmalıdır. Hər hansı şəxs dələduzluqla məşğul olursa – ixtisasından asılı olmayaraq - buna mərkəzi icra hakimiyyəti orqanı cavabdeh ola bilməz”. (Apa)