Bakıda istifadə müddəti bitmiş konservləşdirilmiş məhsullar məhv edilib.
"Bəzi süd məhsulları istehsalçıları istehlakçıları aldadır"
Bu barədə FED.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov 16E ünvanında fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Zaur Rasim oğluna məxsus konservləşdirilmiş mürəbbə və turşuların saxlanma anbarında (maşın qarajı) aparılmış yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib. Baxış zamanı anbarın qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi məlum olub.
Anbarda saxlanılan “Nuşican” əmtəə nişanlı, mənşəyi və istehsal tarixi məlum olmayan hər biri 3 litrlik qablaşdırmada olan 523 ədəd mürəbbə, qarajın zirzəmi hissəsində saxlanılan hər biri 3 litrlik qablaşdırmada olan 2 835 ədəd turşudan müayinələrin aparılması məqsədilə nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyasına təqdim edilib. Müayinələrin nəticələrinə əsasən istehlak üçün yararsız hesab edilən, mənşəyi və istehsal tarixi məlum olmayan məhsullar “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.