Azərbaycanda xarici valyutada cəlb olunmuş əmanətlərin həcmi üzrə regionların reytinqi bu vəsaitlərin demək olar ki, tamamilə paytaxtda cəmləşdiyini göstərir.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, respublika üzrə ümumi 4 milyard 965 milyon 68 min manatlıq portfelin 96%-dən çoxu Bakının payına düşür.
Reytinqdə mütləq lider olan Bakı iqtisadi rayonunda cəlb olunmuş xarici valyutada əmanətlərin həcmi 4 milyard 763 milyon 289 min manat təşkil edib. Paytaxtda təklif olunan orta faiz dərəcəsi isə 1,99% olub.
Paytaxtdan sonra ikinci yerdə Abşeron-Xızı iqtisadi rayonu qərarlaşıb. Bu regionda əmanətlərin ümumi həcmi 100 milyon 229 min manat, orta faiz dərəcəsi isə 1,79% olub. Siyahıda üçüncü yerdə 27 milyon 483 min manatlıq əmanət həcmi və 2,29%-lik orta faiz dərəcəsi ilə Gəncə-Daşkəsən iqtisadi rayonu yer alıb.
Ən çox əmanət cəlb edən digər regionlar arasında Şəki-Zaqatala (15 milyon 621 min manat həcm və 1,57% faiz) və Quba-Xaçmaz (12 milyon 226 min manat həcm və 1,63% faiz) iqtisadi rayonları da var.