Azərbaycanda xarici valyutada olan əmanətlər üzrə ən aşağı orta faiz dərəcələri daha çox cənub və şimal-qərb regionlarında qeydə alınıb.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ümumi xarici valyuta əmanətləri üzrə respublikada ən aşağı orta faiz dərəcəsi 1,52% ilə Şirvan-Salyan iqtisadi rayonuna aiddir.
Bu regionda ümumilikdə 6 milyon 661 min manat həcmində əmanət cəlb olunub. Bu göstəriciyə görə ondan bir qədər yuxarıda Şəki-Zaqatala (1,57% faizlə 15 milyon 621 min manat) və Lənkəran-Astara (1,61% faizlə 7 milyon 668 min manat) qərarlaşıb. Siyahını Quba-Xaçmaz (1,63% faizlə 12 milyon 226 min manat) və Naxçıvan (1,76% faizlə 4 milyon 264 min manat) iqtisadi rayonları davam etdirir.
Tələbli əmanətlər üzrə, Bakı istisna olmaqla, demək olar ki, bütün regionlarda faiz dərəcəsi 0% olduğundan, aşağı faizli regionlar arasında fərq yoxdur.
Müddətli əmanətlər üzrə respublikada ən aşağı gəlirlilik 2,98% ilə Dağlıq Şirvan iqtisadi rayonunda müşahidə olunur. Bu regionda depozitlərin ümumi həcmi 2 milyon 221 min manatdır. Şəki-Zaqatala (3,11% faizlə 7 milyon 873 min manat) və Lənkəran-Astara (3,12% faizlə 3 milyon 944 min manat) da bu kateqoriyada ən aşağı göstəricilərə malikdir.