2025-ci ilin ilk altı ayının yekunlarına əsasən ölkə üzrə birinci yarımildə 48,856, ikinci rübdə isə 25,470 yeni iş yeri açılsa da, bu artımın böyük hissəsi paytaxt Bakının və bir neçə iri iqtisadi mərkəzin payına düşür.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
İlin ilk altı ayının yekunlarına əsasən, paytaxt Bakı şəhəri 36 min 496 yeni iş yeri ilə mütləq liderdir ki, bu da yarımil ərzində ölkədə açılan bütün yeni iş yerlərinin təxminən 75%-ni təşkil edir.
Paytaxtı 2 min 967 iş yeri ilə Abşeron rayonu izləyir. Sənaye şəhəri olan Sumqayıt isə 1,056 göstərici ilə ilk üçlüyü tamamlayır. Onlardan sonra reytinqdə Goranboy rayonu 554, Naxçıvan şəhəri 500, turizm potensialı ilə seçilən Qusar rayonu isə 497 yeni iş yeri ilə qərarlaşıb.
Siyahını ölkənin ikinci böyük şəhəri olan Gəncə (453), Zaqatala rayonu (414), işğaldan azad edilmiş ərazilər arasında aktivliyi ilə seçilən Xankəndi şəhəri (385) və Xaçmaz rayonu (370) tamamlayır.
İkinci rübün mənzərəsi
İlin ikinci rübünün nəticələri də oxşar mənzərəni nümayiş etdirir, lakin bəzi maraqlı dəyişikliklər diqqəti çəkir. Bu dövrdə də Bakı şəhəri 19,102 yeni iş yeri ilə liderliyini qoruyub.
İkinci yerdə 977 iş yeri ilə Abşeron rayonu qərarlaşsa da, Goranboy rayonu 472 yeni iş yeri ilə üçüncü pilləyə yüksəlib.
Bu dövrdə həmçinin Zaqatala (413) və Xaçmaz (318) rayonları da ön sıralarda qərarlaşıb.
İlk onluqda qərarlaşan digər ərazilər isə Naxçıvan şəhəri (312), Kürdəmir rayonu (268), Gəncə şəhəri (249) və yenidən qurulan Laçın rayonudur (216).