Azərbaycanın qeyri-bank sektorunun aparıcı iştirakçılarından olan «FINOKO» Bank Olmayan Kredit Təşkilatı nizamnamə kapitalını son 3 ayda növbəti dəfə artırıb.
FED.az xəbər verir ki, artıq bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) ünvanlanan müraciətə 04.06.2019 tarixində müsbət cavab verilib. BOKT-dan FED.az-a bildirilib ki, yeni qərarla nizamnamə kapitalı 2 milyon 600 min manat artırılaraq indiki 2 milyon 255 min manatdan 4 milyon 855 min manata çatdırılıb.
Eləcə də bax: “Viza Kredit BOKT” - İFLASIN ASTANASINDA
Qeyd edək ki, bu, son 4 ay ərzində «FINOKO» BOKT-un nizamnamə kapitalında baş verən ikinci böyük artımdır. Xatırladaq ki, mart ayında şirkətin nizamnamə kapitalı 1 milyon 255 min manat artırılaraq 1 milyon manatdan 2 milyon 255 min manata qaldırılmışdı. İndi isə kapital 4 milyon 855 min manata çatdırılıb. Başqa sözlə, ötən dövrdə şirkətin nizamnamə kapitalında 5 dəfəyə yaxın artım var.
Nizamnamə kapitalıın artımı BOKT-un öz təsisçiləri tərəfindən paylara uyğun olaraq həyata keçirilib və bu artım nəticəsində pay bölgüsündə dəyişiklik olmayıb.
Eləcə də bax: Daha bir maliyyə təşkilatı – ZƏRƏR AÇIQLADI - HESABAT
«FINOKO» BOKT-dan verilən məlumata görə, nizamnamə kapitalının artırılmasında məqsəd «FINOKO» BOKT -un bazardakı mövqeyinin daha da möhkəmləndirilməsi, dayanıqlığının və rəqabət qabiliyyətinin artırılması, müştəri etimadının gücləndirilməsidir.
Şirkət sərəncamına aldığı vəsaitlərlə xidmət şəbəkəsini genişləndirmək və kredit portfelini böyütmək fikrindədir.
Nizamnamə kapitalının artımı nəticəsində «FINOKO» BOKT-un məcmu kapitalı da böyüyərək hazırki 5 milyon 173 min manatdan 7 milyon 773 min manata çatacaq.
Qeyd edək ki, 2014-cü ilin dekabrından fəaliyyətə başlamış «FINOKO» BOKT-un hazırda 3 fəlialı fəaliyyətdədir. Bunlar «Ekspress Yasamal», «Ekspress Tovuz» və «Ekspress Qazax»dır. İlin sonunadək isə BOKT-un daha 4 filialının işə düşməsi, bununla da şəbəkənin sayının 7-yə çatdırılması nəzərdə tutulur. Artıq gələn aydan BOKT-un Göyçay rayonunda növbəti filialının açılması istiqamətində işlərə başlayacaq. Sentyabrda isə Sumqayıt filialının işə düşməsi gözlənilir.
Nizamnamə kapitalının artımı şirkətin kredit portfelinin də böyüməsinə imkan verəcək: «Yanvar ayının 1-ə olan məlumata görə, «FINOKO» BOKT-un kredit portfeli 17 milyon 269,7 min manat təşkil edirdi, hazırda bu göstərici təqribən 2 milyon manat artaraq 19 milyon 217 min manata çatıb. İlin sonunadək isə bu məbləğin 25 milyon manata yüksəlməsi nəzərdə tutulur».
Qeyd edək ki, «FİNOKO» BOKT regionların payına düşən kredit portfelini ciddi surətdə artırmağı planlaşdırır. Şirkət mikrokreditlər, biznes kreditləri, istehlak kreditləri, kənd təsərrüfatı və lombard kreditləri kimi məhsullar təqdim edir.