2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycana 79 milyon 382 min ABŞ dolları dəyərində 121 min 602 ton gübrə idxal edilib.
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın gübrə idxalının fiziki həcmi 25 min 722 ton və ya 17,5% azalsa da, dəyəri 4 milyon 302 min dollar və ya 5,7% artıb.
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 75 milyon 80 min dollar dəyərində 147 min 324 ton gübrə idxal edilmişdi.
İDXAL OLUNAN GÜBRƏLƏRİN ORTA DƏYƏRİ KƏSKİN YÜKSƏLİB
Hesablamalara görə, 2025-ci ilin ilk 10 ayında Azərbaycana idxal olunan gübrələrin bir tonunun orta statistik dəyəri 509,63 dollar təşkil etmişdisə, 2026-cı ilin eyni dövründə bu göstərici 652,81 dollara yüksəlib. Beləliklə, idxal olunan gübrələrin bir tonunun orta statistik dəyəri 143 dollar və ya 28,1% artıb.
Manat ifadəsində idxal olunan gübrələrin bir tonunun orta statistik dəyəri 866 manatdan 1110 manata yüksəlib (244 manat artıb).
Orta statistik vahid dəyərinin yüksəlməsi idxalın fiziki həcmindəki azalmanı kompensasiya edərək gübrə idxalının ümumi dəyərinin artması ilə nəticələnib.
AZƏRBAYCANIN GÜBRƏ İDXALININ DƏYƏRİ 135 MİLYON MANATA YAXINLAŞIB
2026-cı ilin ilk 10 ayında Azərbaycanın gübrə idxalının ümumi statistik dəyəri manat ifadəsində 134 milyon 950 min manat təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə gübrə idxalının dəyəri 7 milyon 313 min manat artıb.
Hesabat dövründə gübrələrin Azərbaycanın ümumi idxalında xüsusi çəkisi 0,39%-dən 0,52%-ə yüksəlib.













