Azərbaycanda rəqəmsal kanallar vasitəsilə istehlak kreditlərinin götürülməsi zamanı tətbiq edilən gözləmə müddəti kreditin məbləğindən asılı olaraq 2 və ya 24 saat təşkil edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə bildirib.
Yeni qaydalara əsasən, müqavilə məbləği ölkə üzrə minimum əməkhaqqının iki mislinədək, yəni hazırda 800 manatadək olan kreditlər üzrə gözləmə müddəti 2 saat, 800 manatdan yuxarı kreditlər üzrə isə 24 saat təşkil edir.
Gözləmə müddəti vətəndaşın müraciəti ilə kreditin verilməsi və ya mövcud kredit limitinin artırılması arasındakı müddətdir.
Yeni tələbin məqsədi vətəndaşlara kredit götürmək barədə qərarlarını, maliyyə imkanlarını və müqavilə şərtlərini yenidən nəzərdən keçirmək üçün əlavə vaxt vermək, izafi borclanmanın qarşısını almaqdır.
Bundan başqa, bu müddət ərzində vətəndaş onun xəbəri olmadan adına kredit götürülməsi üçün müraciət edildiyini aşkar edə və müvafiq tədbirlər görə bilər.
Mərkəzi Bank rəsmisi bildirib ki, təcili maliyyə vəsaitinə ehtiyacı olan vətəndaşlar kredit təşkilatına şəxsən müraciət etməklə kredit əldə edə bilərlər. Belə hallarda 2 və ya 24 saatlıq gözləmə müddəti tətbiq edilmir.















