Yeni infrastrukturun yaradılması, yolların çəkilməsi, metronun müəyyən ərazilərə qədər uzanması həmin ərazilərdə daşınmaz əmlakın, torpağın qiymətinin bahalaşmasına səbəb olur. Amma elə məqamlar da var ki, əkk effekt verir. Qiymətlər bahalaşmaq əvəzinə daha da ucuzlaşır. Buna əsasən təbiət hadisələri sel, daşqın, torpaq sürüşməsi və s. təsir edir.
Belə məkanlardan biri də Bakının Səbail rayonunda yerləşən Badamdar qəsəbəsidir. Bu qəsəbə aktiv sürüşmə zonasında yerləşir və dəfələrlə sürüşmələr baş verib. Təzəlikcə bu ərazidə baş verən sürüşmənin daşınmaz əmlak və torpaq qiymətinə necə təsir etdiyi maraq doğurur.
FED.az biznes və maliyyə xəbərləri portalı həmin ərazidə baş verən sürüşmənin qiymətlərə necə təsir etdiyini araşdırıb.
FED.az biznes və maliyyə xəbərləri portalına məlumat verən daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan Sənan Niftəliyev deyir ki, Badamdarın Üçüncü massivində baş verən sürüşmə daşınmaz əmlak bazarına ciddi təsir göstərib:
«Ərazini yaxşı tanımayan və orada əmlak almaq istəyən şəxslər hazırda geri dururlar. Ümumiyyətlə, Üçüncü massivdə torpaq və daşınmaz əmlakın alqı-satqısı ilə bağlı ciddi problemlər yaranıb. Alıcıların marağının azalması normaldır. Məsələn, sürüşmə zonasına yaxın ərazilərdə əvvəllər 80-85 min manata təklif olunan torpaq sahələrinin qiyməti hazırda təxminən 60 min manatdır. Buna baxmayaraq, alıcı yoxdur».
Sənan bəy qeyd edir ki, hazırda ərazidə satış təklifləri çoxdur, lakin alıcı yoxdur:
«Reallıq bundan ibarətdir ki, sürüşmə zonasından təxminən 150-200 metr məsafədə, o cümlədən sürüşmə xəttinə paralel küçələrdə belə torpaq sahələri dəyərindən xeyli aşağı qiymətə təklif olunur.
Həmin ərazidə torpağın bir sotu 24 min manata təklif edilir. Halbuki əvvəllər 60-65 min manat civarında qiymətləndirilən torpaq sahələrini belə hazırda bu qiymətə almaq istəyən yoxdur. Ümumilikdə daşınmaz əmlak bazarında durğunluq müşahidə olunur. Sürüşmə hadisəsi xüsusilə Badamdarın Üçüncü massivində əmlak satışına ciddi təsir göstərib. Həmin ərazidə villaların qiymətlərində təxminən 10-15 faiz azalma var».
«Azərbaycanda daşınmaz əmlak bazarında qiymətləri tənzimləyən konkret mexanizm yoxdur. Əmlakını satışa çıxaran şəxs ilkin olaraq istədiyi qiyməti müəyyənləşdirir. Daha sonra bazarın vəziyyətinə və satış tempinə baxaraq həmin qiymətin reallığa uyğun olub-olmadığını qiymətləndiririk. Bəzən mülkiyyətçilər əmlaklarını real bazar dəyərindən xeyli yüksək qiymətə təklif edirlər. Belə hallar mövcuddur.
Badamdarda, xüsusilə sözügedən ərazidə əmlak alanların əksəriyyəti öz yaşayışları üçün alış edirlər. Bununla yanaşı, investisiya məqsədilə əmlak alanlar, tikinti apararaq satışla məşğul olanlar və bu sahədə biznes fəaliyyəti göstərənlər də var. Yəni alıcıların məqsədləri müxtəlifdir», - deyə Sənan Niftəliyev bildirib.
Bu məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc da fikirlərini FED.az biznes və maliyyə xəbərləri portalı ilə bölüşüb:
«Ərazidə satışa çıxarılan əmlaklarla bağlı təkliflər olsa belə, alıcılar bu təkliflərə ehtiyatla yanaşacaqlar. Baş verən hadisənin yaratdığı bazar şoku təkcə Badamdarın Üçüncü massivində deyil, ümumilikdə ərazidə yerləşən daşınmaz əmlaklara münasibətdə də müəyyən müddət ehtiyatlı davranışa səbəb olacaq».
Sədr bildirib ki, sürüşmədən əvvəl Badamdarda torpaq sahələrinin, fərdi yaşayış evlərinin və mənzillərin qiymətlərində ciddi artım müşahidə olunmuşdu, lakin baş verən təbii hadisə bazarda vəziyyəti dəyişib:
«Artıq alıcılar Badamdarda satışa çıxarılan əmlakların sürüşmə zonasından hansı məsafədə yerləşdiyini daha diqqətlə araşdırmağa meyilli olacaqlar. Bu isə tələbin azalması və nəticə etibarilə həmin ərazidə daşınmaz əmlak qiymətlərinin aşağı düşməsi ilə nəticələnə bilər.
Hazırda müştərilərin baş verən hadisədən çıxardığı nəticələr sözügedən ərazidə daşınmaz əmlak satışının yaxın müddətdə nə dərəcədə aktual olacağına təsir göstərəcək. Sürüşmə zonasındakı evlərin sakinlərinə yaşayış yerlərini tərk etmək tövsiyə olunursa, həmin ərazidə və ya ona yaxın ərazilərdə əmlak almaq istəyən şəxslərin də riskləri nəzərə almaları vacibdir. Çünki sürüşmə prosesi hələ dayanmayıb».
Vüqar Oruc vurğulayıb ki, əgər gələcəkdə sürüşmə prosesi dayandırılarsa, ərazidə möhkəmləndirmə işləri aparılarsa və müəyyən müddət keçdikdən sonra ictimai narahatlıq səngiyərsə, daşınmaz əmlak qiymətləri yenidən əvvəlki səviyyələrə yaxınlaşa bilər.
«Hazırda konkret alqı-satqı faktları olmadığı üçün sürüşmədən əvvəlki və sonrakı qiymətləri müqayisə etmək, eləcə də mümkün ucuzlaşmanın faizini müəyyənləşdirmək çətindir. Bununla belə, əsas məqam ondan ibarətdir ki, hazırda həmin ərazidəki daşınmaz əmlak təkliflərinə alıcı marağı zəifləyib. Bu vəziyyət birbaşa təhlükənin davam etməsi ehtimalı və vətəndaşların bundan sonra Badamdardakı əmlaklara daha ehtiyatlı yanaşacaqları ilə bağlıdır», - deyə AQC sədri əlavə edib.













