Bitcoində 35 sentdən az dəyərində kiçik köçürmə etdikdə kripto cüzdanı ilə əlaqəli kompüterin IP ünvanını aşkarlamaq və istifadəçisinin yerini dəqiq müəyyən etmək mümkündür.
FED.az xəbər verir ki, bu barədə “Investing” məlumat yayıb.
Məlumatda deyilir ki, “Bitcoin Core” mütəxəssisi Abubakr Sadiq İsmayıl təsdiqlənməmiş əməliyyatları digər şəbəkə iştirakçılarına avtomatik olaraq ötürən “Bitcoin Core” proqramının xüsusiyyətindən istifadə etməyin yolunu kəşf edib.
Belə ki, bu zaman istifadəçi bitkoinlə kiçik məbləğdə ödəniş göndərməklə, əməliyyatın hansı kompüterdən yenidən ötürüldüyünü izləyə bilər.
30 dəfə keçirilən test bu metodun işlək olduğunu göstərib. Bu əməliyyat üçün çox kiçik məbləğdə - 18-34 sentlik bitkoin qırığı göndərmək kifayət edirmiş.
Zəiflik “Sparrow”, “Bitcoin Knots”, “Specter Desktop” və “Liana” da daxil olmaqla bir sıra məşhur kripto cüzdanlarında, eləcə də “Tor” şəbəkəsində qeydə alınıb.
Lakin bu təcrübə hələ “Bitcoin”in əsas şəbəkəsində aparılmayıb. Yəni bu metodun bitkoin şəbəkəsində də istifadəçinin yerini aşkar etməyə imkan verdiyi məlum deyil.
Üstəlik, ekspertlər bildirir ki, IP ünvanı yalnız cihazın təxmini yerini müəyyən etməyə imkan verir, amma pul cüzdanının sahibini müəyyən etmir.













