Neftçala rayonunda yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət Neftçala rayonu, Sübh kəndində yerləşən əmlak kompleksindən gedir, onun əvvədki adı Kür-Ağzı Nərə Balıqartırma zavodudur .
Balıq zavodu ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2 ay əvvəl edan edilmiş investisiya müsabiqəsində “Rail Trans Service” MMC qalib gəlib. Müsabiqənin şərtlərinə görə, qalib şirkət zavodda 10 milyon manatlıq investisiya proqramı yatırmalı, eləçcə də büdcəyə 2,2 milyon manat ödəməli idi.
“Rail Trans Service” MMC də zavoda 10 mln. manat həcmində İnvestisiya Proqramının icrasına dair öhdəlik götürüb.
Neftçala rayonu, Sübh kəndində yerləşən əmlak kompleksinin (keçmiş Kür-Ağzı Nərə Balıqartırma zavodunun) satışı üzrə elan edilmiş investisiya müsabiqəsinə bu ilin 21 oktyabr tarixində yekun vurulub. Həmin tarixdə müsabiqə komissiyası tərəfindən iddiaçıların təklif zərfləri açılıb, “Rail Trans Service” Məhdud Məsuliyyətli Cəmiyyəti investisiya müsabiqəsinin qalibi elan olunub. 12 noyabr 2026-cı il tarixində müsabiqə qalibi ilə müvafiq alqı-satqı müqaviləsi imzalanıb.
Xatırladaq ki, "RAİL TRANS SERVİCE" MMC Ağdamda qeydiyyatdan keçib, hüquqi ünvanı da Ağdamın Kosalar kəndin, 20 Yanvar küçəçsində yerləşir. Şirkətin nizamnamə kapitalı 10 min manatdır. Şirkətin qanuni təmsilçisi Vüsal İsmayılzadə Mahmud oğludur. İndiyədək şirkətin adı daha çox dəmir yol layihələrində, o cümlədən Şimal-Cənub dəmiryo layihəsindəki işlərdə çəkilib.
Beləliklə, indi bu şirkət, müqaviləyə əsasən, digər maliyyə-iqtisadi və sosial öhdəliklərlə yanaşı, dövlət büdcəsinə 2,2 mln. manat məbləğində vəsaitin köçürülməsi, habelə 3 il ərzində müəssisəyə 10 mln. manat həcmində investisiya qoyuluşuna dair İnvestisiya Proqramının icrasını öhdəsinə götürüb.
Bu 10 milyon manat hesabına qalib şirkət zavodda təmir-tikinti aparmalı, 40 nohuru tamamilə bərpa etməlidir. Bundan başqa, müəssisədə Qapalı Su Dövriyyəsi sistemi qurulacaq, yeni texnoloji avadanlıqlar quraşdırılacaq, törədici balıqlar, xammal, material, nəqliyyat vasitələri və texnikalar alınacaq.
Əmlak Məsələləri Dövlət Xidməti bildirir ki, layihə çərçivəsində müxtəlif balıq və balıqçılıq məhsullarının istehsalı nəzərdə tutulur. Belə ki, nohur təsərrüfatında əsasən çəki, naqqa, qayabalığı və ağ amur, Qapalı Su Dövriyyəsində isə Sibir nərəsi və qara kürü istehsalının təşkili planlaşdırılır. Həmçinin müəssisədə soyudulmuş və hisə verilmiş balıq məhsullarının istehsalı da nəzərdə tutulur. Həyata keçiriləcək investisiya qoyuluşları nəticəsində müəssisədə 150 iş yerinin yaradılması planlaşdırılır.
Əmlak Məsələləri Dövlət Xidməti bildirir ki, müəssisənin yenidən qurulması ilə Neftçaladakı balıqartırma zavodunun istehsal potensialı artırılacaq, daxili bazarı balıq məhsulları ilə təmin etmək, həmçinin ixrac imkanı yaranacaq.














