Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şuşa rayonu, Şuşa-Laçın avtomobil yolunun Turşsu kəndi yaxınlığından keçən hissəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən FED.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şuşa Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal çağırış ünvanına cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən Rusiya Federasiyasının sülhməramlı kontingentinə məxsus “KamAZ” markalı, həcmi 8 ton olan yanacaqdaşıyan avtomobilin yol kənarına aşması ilə yanğınla nəticələnən yol-nəqliyyat hadisəsinin baş verdiyi müəyyən olunub. Hadisə zamanı yol kənarında dayanan erməni vətəndaşlara məxsus "Hummer" və "Mercedes" markalı avtomobillərdə də yanğın baş verib.