“İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun məlumatına əsasən, “İşğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” ölkə prezidentinin 29 oktyabr 2020-ci il tarixli fərmanına uyğun olaraq, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılmasını həyata keçirir və məlumatlar elektron informasiya sisteminə inteqrasiya edir.
FED.az xəbər verir ki, artıq 10 229 daşınmaz əmlak və 2 817 infrastruktur obyekti olmaqla, 13 046 əmlakın inventarlaşdırma işləri tamamlanıb.
Bununla yanaşı, 1 532 km avtomobil yolunun, 292 km elektrik, 45 km qaz və 19 km su təchizatı xəttinin, 249 km suvarma şəbəkəsinin (kanallar, arxlar və s.) inventarlaşdırılması başa çatdırılıb. 478 000 ha torpaq sahəsi ortofoto xəritələr əsasında vektorlaşdırılaraq (elektron xəritələşmə) elektron məlumat bazasına daxil edilib.
Ümumilikdə, 10 rayon üzrə 168 yaşayış məntəqəsində işlər yekunlaşdırılıb, 9 yaşayış məntəqəsi üzrə işlər davam etdirilir, 409 yaşayış məntəqəsinin tamamilə dağıdılıb yararsız hala gətirildiyi müəyyən olunub.
Digər yaşayış məntəqələrinə təhlükəsiz giriş imkanları yarandıqca, inventarlaşdırma işləri aparılacaq.
Ölkə prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir. (Report)