Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə evlərin kreditlə satılmasını asanlaşdırıb.
İlin sonuna qədər Füzuli şəhərində növbəti yaşayış kompleksinin tikintisinə başlanılacaq
FED.az xəbər verir ki, bu prezident İlham Əliyevin “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında fərmanında nəzərdə tutulur.
Fərmana əsasən, İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsində iki istiqamətdə asanlaşma baş verib.
Birinci dəyişiklik - ipoteka krediti götürərkən müştəri tərəfindən ödənilən ilkin ödənişin məbləği azaldılıb. Belə ki, indiyüədək adi ipoteka krediti götürəndə ilkin ödəniş azı 15 faiz olmalı idisə, indi bu məbləğ 10%-ə endirilib. Yəni Qarabağda tikilmiş evləri ipoteka krediti ilə alanda ilkin ödəniş 10% də ola bilər.
Bu yenilik imkan verir ki, Qarabağda daha az ödənişlə məzil əldə edilsin.
İkinci yenilik – ipoteka krediti götürən müştərinin maaşına və gəlirlərinə tələbin yumşaldılmasıdır. Qaydalara görə, indiyədək ipoteka krediti üzrə aylıq ödəniş müştərinin bütün gəlirlərinin 70%-dən artıq olmamalı idi. İndi isə dəyişikliyə görə, Qarabağda ipoteka krediti ilə mənzil alanda müştərinin aylıq ödənişi onun aylıq gəlirlərinin 75%-ə qədər ola bilər.
Bununla nə dəyişir? Məsələn, aylıq gəliri 1500 manat olan müştəri ipoteka krediti götürmək istəyir. İndiyədək o aylıq ödənişə maaşının yalnız 1050 manatını sərf edə bilərdi. İndi isə bu məbləğ 1125 manata yüksəlib.
Və ya indiyədək müştərinin aylıq ödənişinin 1000 manat olması üçün onun aylıq gəlirləri (maaşı və sair) 1430 manat olmalı idi. Yəni gəliri bundan aşağı olan müştərilər aylıq ödəişi 1000 manat olan krediti götürə bilmirdi. İndi isə aylıq gəliri 1335 manat olan müştərilər də belə krediti götürə biləcək.
Bu yenilik, Qarabağ və işğaldan azad olunan digər ərazilərdə özəl şirkətlər tərəfindən tikilən evlərin satışına daha da asanlaşdırmalıdır.