Ermənistan Azərbaycanla gömrük və sərhəd prosedurlarını sadələşdirməyi planlaşdırır.
FED.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Azərbaycan və digər qonşu dövlətlərlə gömrük və sərhəd prosedurlarını sadələşdirməyə hazırdır.
«Vaşinqton bəyannaməsində bu sazişin fəaliyyət göstərdiyi beş prinsip açıq şəkildə göstərilib: ərazi bütövlüyü, suverenlik, yurisdiksiya, sərhədlərin toxunulmazlığı və qarşılıqlılıq», - Paşinyan bildirib.
Onun sözlərinə görə, “Sülhün kəsişməsi” layihəsini təqdim edərkən Ermənistan bu prinsiplər əsasında nizamlanmaya və sadələşdirmələrə hazır olduğunu bəyan edib.
Ermənistanın baş naziri əlavə edib ki, inkişaf etmiş ölkələrdə ənənəvi gömrük və sərhəd nəzarəti üsulları keçmişdə qalıb. Biometrik pasportların tətbiqi ilə yeni prosedurlar meydana çıxır. Bütün ölkələrdə, o cümlədən Ermənistanda da 5-10 il ərzində fiziki yoxlama və axtarış üsulları aradan qalxacaq. İrəvan bütün sərhəd-keçid məntəqələrində prosedurları sadələşdirərək biznes, ixrac, idxal və tranzit üçün şəraiti asanlaşdıracaq.
Xatırladaqki, avqustun 8-də ABŞ prezidenti Donald Tramp, azərbaycanlı həmkarı İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda görüşərək İrəvanla Bakı arasında münaqişənin həllinə dair birgə bəyannamə imzalayıblar.