Sahibkarlığın İnkişafı Fondu (SİF) işğaldan azad edilmiş ərazilərdə indiyədək icra olunan layihələrin maliyyələşdirilməsinə 24 milyon manatadək güzəştli kreditin ayrılmasını təmin edib.
Azad edilmiş ərazilərdə 10 layihə üzrə güzəştli kreditin həcmi açıqlanıb
FED.az xəbər verir ki, bunu SİF-in İdarə Heyətinin üzvü Emin Şirinov İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Qarabağ Ərazi Vergilər Baş idarəsinin Füzuli şəhərində Ağdam, Füzuli və Xocavənddə sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüşdə deyib.
Müxtəlif sahələrdə fəaliyyət göstərən 70-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin qatıldığı görüşdə vergi ödəyicilərinə göstərilən xidmətlər, işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan vergi güzəştləri, o cümlədən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması barədə məlumat verilib.
E.Şirinov SİF tərəfindən sahibkarlıq subyektlərinə göstərilən maliyyə dəstəyi alətləri barədə məlumat verib. Onun sözlərinə görə, SİF üzləşdikləri çətinliklərin həlli istiqamətində sahibkarlara səlahiyyətləri çərçivəsində dəstək verməyə hazırdır.
Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov isə azad olunmuş ərazilərə böyük qayıdışla bağlı 1-ci dövlət proqramı ilə bağlı bir sıra məqamlara toxunub, bu ərazilərdə sahibkarlığın inkişafı istiqamətində dövlət tərəfindən atılan addımlar barədə ətraflı məlumat verib. O vurğulayıb ki, sahibkarlığın inkişafına yönələn dəstək mexanizmləri bu ərazilərdə insanların məskunlaşması, işçi qüvvəsinin cəlb olunması, infrastrukturun böyüməsi nöqteyi nəzərdən olduqca önəmlidir.
Görüşdə qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən vergi ödəyicilərinin monitorinqi aparılıb və bunun əsas məqsədi sahibkarlıq subyektlərinin vergi orqanında qeydiyyatda olmasının qiymətləndirilməsidir. Çünki məhz qeydiyyatda olan sahibkarlıq subyektləri bu ərazilərdə rezident statusu əldə edərək vergi güzəştlərindən yararlana biləcəklər.