Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Şuşa şəhərində inşa edilən yeni yaşayış kompleksində tikinti işlərinin gedişi ilə tanış olublar.
Eləcə də bax: Bayram Səfərov: “Şuşaya ilk olaraq qəzalı binalarda yaşayanlar köçürüləcək”
FED.az xəbər verir ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, tikintinin ümumi sahəsi 8 hektara yaxındır. Yaşayış kompleksi 23 binadan ibarət olacaq. Səkkiz binanın tikintisinə bu il iyulun 1-də, digər 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb.
Məlumat verildi ki, yaşayış kompleksində ümumilikdə 450 mənzil olacaq. Burada birotaqlı mənzillərin sayı 28, ikiotaqlı mənzillərin sayı 195, üçotaqlı mənzillərin sayı 190, dördotaqlı mənzillərin sayı 30, beşotaqlı mənzillərin sayı isə 7-dir. Binalar 3 və 5 mərtəbəli olacaq. Kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılacaq. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.