“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmişdir.
FED.az xəbər verir ki, "Qayda fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini, həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir.
Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası
Eləcə də bax: Palata bank sektorundakı son vəziyyəti - AÇIQLADI
1. Ümumi müddəa
Bu Qayda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra – Fərman) 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir.
2. Əsas anlayışlar
2.1. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. kredit təşkilatı – bank, xarici bankın yerli filialı və ya bank olmayan kredit təşkilatı (kredit ittifaqları istisna olmaqla);
2.1.2. ləğvetmə prosesində olan kredit təşkilatı – ləğvetmə prosesində olan bank, xarici bankın yerli filialı və ya bank olmayan kredit təşkilatı (kredit ittifaqları istisna olmaqla);
2.1.3. əsas kredit borcu – kredit müqaviləsi üzrə kredit təşkilatı tərəfindən borc verilmiş pul məbləğinin qalığı;
2.1.4. vaxtı keçmiş kredit borcu – fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 2019-cu il 1 mart tarixinə 360 gündən çox gecikdirilmiş borclar;
2.1.5. ödəniş müddəti keçmiş əsas kredit borcu – fiziki şəxslərlə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun ödənilməsi 10 gündən çox gecikdirilmiş borclar;
2.1.6. dəbbə pulu – müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kredit təşkilatına və ya ləğvetmə prosesində olan kredit təşkilatına ödəməli olduğu pul məbləği (cərimə, penya);
2.1.7. restrukturizasiya – kredit təşkilatı tərəfindən əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi;
2.1.8. fiziki şəxs – kredit təşkilatı ilə kredit müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs;
2.1.9. məhkəmədə olan işlərin geri çağırılması – vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi;
2.1.10. kompensasiya – fiziki şəxslərin xarici valyutada olan kreditlərinin devalvasiya nəticəsində manatla artmış hissəsinin Fərmanla müəyyən olunmuş qaydada qiymətləndirilməklə dövlət tərəfindən qarşılanması məqsədilə onlara dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilən məbləğ;
2.1.11. güzəşt – fiziki şəxslərin əsas kredit borclarına hesablanmış faizlərin və dəbbə pulunun Fərmana və bu Qaydaya uyğun olaraq tam və ya qismən silinməsi;
2.1.12. elektron portal – Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra – Palata) tərəfindən yaradılan, müvafiq autentifikasiyadan keçməklə fiziki şəxslər və kredit təşkilatları tərəfindən kompensasiya və restrukturizasiya ilə bağlı məlumatların onlayn rejimdə əldə edilməsini təmin edən elektron məlumat bazası;
2.1.13. güzəştli kredit – fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara kredit təşkilatları tərəfindən illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər.
2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar “Banklar haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan mənaları ifadə edir.
3. Kompensasiya tətbiq ediləcək kredit öhdəlikləri və kompensasiya məbləğinin hesablanması
3.1. Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri aşağıdakı şərtlərdən ən azı birinə cavab verməlidir:
3.1.1. 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır;
3.1.2. 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır.
3.2. Kompensasiya məbləği aşağıdakı qaydada hesablanır:
3.2.1. bu Qaydanın 3.1.1-ci yarımbəndində nəzərdə tutulan əsas kredit borclarına münasibətdə:
1. fiziki şəxsin 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır;
2. bu Qaydanın 3.2.1-ci yarımbəndinin 1-ci abzasına uyğun olaraq hesablanmış məbləğ 1 ABŞ dollarına 0,25 manat kimi qiymətləndilir.
3.2.2. bu Qaydanın 3.1.2-ci yarımbəndində nəzərdə tutulan əsas kredit borclarına münasibətdə:
1. fiziki şəxsin 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır;
2. bu Qaydanın 3.2.2-ci yarımbəndinin 1-ci abzasına uyğun olaraq hesablanmış məbləğ 1 ABŞ dollarına 0,60 manat kimi qiymətləndirilir.
3.2.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə xarici valyutada mövcud olan əsas kredit borclarına münasibətdə bu Qaydanın 3.2.1-ci və 3.2.2-ci yarımbəndlərində qeyd olunan hər iki qaydada hesablanmış kompensasiya məbləğləri cəmlənir.
3.3. Devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır. Həmin fiziki şəxslərin siyahısı, habelə kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılanan məbləğ müvafiq kredit təşkilatı, ləğvetmə prosesində olan kredit təşkilatlarına münasibətdə isə ləğvedici funksiyalarının həvalə olunduğu şəxs tərəfindən Palataya təqdim edilir.
4. Kompensasiyanın ödənilməsi
4.1. Kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir.
4.2. Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür.
4.3. Palatanın bu Qaydanın 4.1-ci bəndinə əsasən müəyyənləşdirdiyi siyahı üzrə, Fərmanın 2-ci hissəsinə uyğun olaraq, kompensasiyanın ödənilməsi aşağıdakı ardıcıllıqla həyata keçirilir:
4.3.1. kompensasiya, ilk növbədə, proporsional qaydada fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilir;
4.3.2. bu Qaydanın 4.3.1-ci yarımbəndində nəzərdə tutulan kredit borcları ödənildikdən sonra, qalan məbləğ fiziki şəxsin sərəncamına verilir.
4.4. Bu Qaydanın 4.3.1-ci yarımbəndində nəzərdə tutulan kredit borclarının fiziki şəxs tərəfindən 2019-cu il martın 1-dən sonra (2019-cu il martın 1-i daxil olmaqla) ödənildiyi müəyyən olunduqda, kredit təşkilatı kompensasiyanın ödəniş müddəti keçmiş əsas kredit borcunun ödənilməsinə yönəldilən hissəsinin 5 (beş) iş günü müddətində həmin fiziki şəxsə qaytarılmasına (onun sərəncamına verilməsinə) dair Fərmana və bu Qaydaya uyğun tədbir görür.
4.5. Bankın müştərisi olan fiziki şəxslərə kompensasiyanın ödənilməsi həmin kompensasiya hesablanmış kreditin verildiyi müvafiq bank vasitəsilə həyata keçirilir.
4.6. Bank olmayan kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının müştərisi olan fiziki şəxslərə kompensasiyanın ödənilməsi poçt rabitəsinin milli operatoru vasitəsilə həyata keçirilir.
4.7. Banklar və poçt rabitəsinin milli operatoru 500 manatdan yuxarı məbləğdə kompensasiyanın verilməsini onlar tərəfindən emissiya edilmiş və kompensasiya veriləcək şəxsin adına olan ödəniş kartlarına köçürməklə həyata keçirirlər. Banklar və poçt rabitəsinin milli operatoru tərəfindən 500 manat və ondan aşağı məbləğdə kompensasiyalar banklar və poçt rabitəsinin milli operatoru tərəfindən pul köçürməsi (fiziki şəxsin adına bank hesabı açılmadan nağd pulun onun xeyrinə köçürülməsi əməliyyatı) yolu ilə verilir.
4.8. Kompensasiyanın verilməsini həyata keçirən bank və ya poçt rabitəsinin milli operatoru tərəfindən həmin ödəniş kartının verilməsinə və həmin ödəniş kartı ilə həyata keçirilən əməliyyatlara, habelə pul köçürməsinə görə komisyon haqların tutulmasına yol verilmir.
4.9. Ödəniş kartları banklar və poçt rabitəsinin milli operatoru tərəfindən 1 il müddətə emissiya olunur.
4.10. Bu Qaydanın 4.9-cu bəndində nəzərdə tutulmuş müddətdən sonra kompensasiya əldə etmək üçün müraciət edən fiziki şəxslərə həmin kompensasiyanın ödənilməsi üçün ödəniş kartları bankların və poçt rabitəsinin milli operatorunun müraciət tarixinə qüvvədə olan xidmət haqlarının müqabilində verilir.
5. Fiziki şəxslərin kompensasiya hesablanan əsas kredit borclarına güzəştlərin tətbiq edilməsi
5.1. Kredit təşkilatı fiziki şəxsin kompensasiya hesablanan əsas kredit borcları üzrə 2019-cu il martın 1-nə hesablanmış faiz və dəbbə pulunun məbləğini müəyyən edir və bu Qaydanın 1 nömrəli əlavəsində müəyyən edilmiş qaydada bu barədə Palataya məlumat verir.
5.2. Kredit təşkilatı fiziki şəxsin xarici valyutada olan əsas kredit borcları üzrə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan faiz və dəbbə puluna dair kredit təşkilatının tələblərindən aşağıdakı həcmdə imtina edilməsi haqqında qərar qəbul edir:
5.2.1. Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir;
5.2.2. əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansında olan əsas kredit borclarına münasibətdə – faiz borcları kompensasiyanın əsas kredit borcu nisbətinə müvafiq olaraq, dəbbə pulları isə tam məbləğdə silinir;
5.2.3. əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansdankənar hesablarında olan əsas kredit borclarına münasibətdə – faiz və dəbbə pulları aşağıdakı qaydada silinir:
1. kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən çox olduqda – tam şəkildə;
2. kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən az olduqda –kompensasiyanın əsas kredit borcuna nisbətindən az olmamaqla.
5.3. Kredit təşkilatları bu Qaydanın 5.2-ci bəndində nəzərdə tutulmuş güzəştlərlə bağlı borcalanları məlumatlandırır (yazılı və ya elektron formada (elektron poçt, SMS) bildiriş göndərməklə) və hər ay üzrə həmin güzəştlər tətbiq edilən şəxslərin siyahısını bu Qaydanın 2 nömrəli əlavəsində müəyyən olunmuş qaydada Palataya təqdim edir.
6. Fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası
6.1. Fərmana əsasən kredit təşkilatları tərəfindən fiziki şəxslərin restrukturizasiya olunacaq əsas kredit borcları aşağıdakı tələblərə cavab verməlidir:
6.1.1. həmin kredit borcunun verilməsinə dair fiziki şəxslə kredit təşkilatı arasında müvafiq kredit müqaviləsi 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək bağlanmalıdır;
6.1.2. fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun (balans və (və ya) balansdankənar hesablarında olan əsas kredit borcları) qalıq məbləğinin cəmi 17 000 manatdan və ya 10 000 ABŞ dollarından (Mərkəzi Bankın 2019-cu il martın 1-nə elan etdiyi məzənnəyə uyğun olaraq, 10 000 ABŞ dolları ekvivalentindən) çox olmamalıdır;
6.1.3. fiziki şəxsin bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmalıdır.
6.2. Fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur.
6.3. Kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır.
6.4. Fiziki şəxslə kredit təşkilatı arasında bağlanan yeni güzəştli kredit müqaviləsində ən azı aşağıdakılar nəzərə alınmalıdır:
6.4.1. kreditin məqsədi restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi kimi müəyyən olunur;
6.4.2. kreditin müddəti 5 il (1 il güzəşt müddəti ilə) müəyyən olunur və güzəşt müddəti ərzində borcalan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmur;
6.4.3. kreditin illik faiz dərəcəsi 1 faiz müəyyən edilir;
6.4.4. kredit müqaviləsi milli valyutada rəsmiləşdirilir;
6.4.5. müqavilənin rəsmiləşdirilməsi ilə bağlı komisyon haqq tutulmur;
6.4.6. kreditin vaxtından əvvəl ödənilməsi ilə bağlı əlavə ödəniş alınmır;
6.4.7. kredit müqaviləsi üzrə müəyyənləşdirilən dəbbə pulunun yuxarı həddi 5 il müddətinə 0,1 faizdən çox olmamalıdır;
6.5. kredit müqaviləsində restrukturizasiya olunan kredit borcunun aid olduğu kredit müqaviləsində nəzərdə tutulan şərtlərdən daha ağır şərtlər müəyyən edilə bilməz.
6.6. Palata kredit təşkilatlarının verdiyi məlumatlar əsasında hər bir fiziki şəxs üzrə restrukturizasiya olunacaq kreditlərin məbləğini və kredit təşkilatlarının restrukturizasiya olunacaq ümumi kredit portfelinin həcmini müəyyən edir.
6.7. Palata restrukturizasiya olunacaq kreditlərlə bağlı Mərkəzi Bank tərəfindən dövlət zəmanəti ilə veriləcək kreditlərin ümumi məbləği, həmçinin hər bir kredit təşkilatı üzrə ayrılacaq kredit məbləği barədə məlumatı Mərkəzi Banka və Maliyyə Nazirliyinə təqdim edir.
6.8. Bu Qaydanın 6.7-ci bəndinə uyğun olaraq, Palatanın təqdim etdiyi məlumatlar əsasında Maliyyə Nazirliyi Fərmanın 9.1-ci bəndinə uyğun olaraq, Mərkəzi Bank tərəfindən verilən kreditlərin ümumi məbləğinə dövlət zəmanəti verilməsini təmin edir. Mərkəzi Bank hər bir kredit təşkilatına dövlət zəmanəti ilə tranşlarla (hissələrlə) ödənilməsi nəzərdə tutulan kredit xətti açır.
6.9. Kredit təşkilatları vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını bu Qaydanın tələblərini nəzərə almaqla təklif edirlər.
6.10. Kredit təşkilatları bu Qaydaya uyğun olaraq, fiziki şəxslərlə bağlanmış yeni güzəştli kredit müqavilələri barədə məlumatı hər növbəti həftənin ikinci iş günü bu Qaydanın 3 nömrəli əlavəsində müəyyən edilmiş qaydada Palataya təqdim edir.
6.11. Palata bu Qaydanın 6.10-cu bəndinə əsasən məlumatı əldə etdikdən sonra 5 iş günü müddətində kredit təşkilatına açılmış kredit xətti üzrə dövlət zəmanəti ilə növbəti güzəştli kreditin ayrılması məqsədilə Mərkəzi Banka müraciət edir.
6.12. Bu Qaydanın 6.11-ci bəndində nəzərdə tutulan müraciət daxil olduqdan sonra Mərkəzi Bank 5 iş günü ərzində “Banklar haqqında” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq rəsmiləşdirməklə kredit təşkilatına açılmış kredit xətti üzrə dövlət zəmanəti ilə növbəti güzəştli kreditin ayrılmasını və həmin kredit təşkilatının hesabına köçürülməsini təmin edir.
6.13. Palata kredit təşkilatlarının xarici valyutada olan kreditlərin manatla verilən kreditlərlə əvəzlənməsi nəticəsində yaranan valyuta mövqeyi barədə məlumatı Mərkəzi Banka təqdim edir.
6.14. Mərkəzi Bank Fərmanın 5.2-ci bəndinə və bu Qaydanın 6.13-cü bəndinə əsasən təqdim olunmuş məlumat nəzərə alınmaqla, banklara onların müraciəti əsasında ABŞ dollarında ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin edir. Həmin qiymətli kağızlar Fərmanın 5.1-ci bəndinə əsasən banklara ayrılan vəsait hesabına əldə edilir.
6.15. Kredit təşkilatları tərəfindən bu Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür.
6.16. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır.
6.17. Ləğvetmə prosesində olan kredit təşkilatlarında fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi və digər tədbirlərin görülməsi) bu Qaydanın tələbləri nəzərə alınmaqla ləğvedici funksiyasının həvalə olunduğu şəxslər tərəfindən həyata keçirilir.
7. Fiziki şəxslərlə işin təşkili
7.1. Palata kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatalığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə elektron portal (bundan sonra – Portal) yaradır.
7.2. Portalda hər bir fiziki şəxs üzrə ən azı aşağıdakı məlumatlar əks olunur:
7.2.1. hər bir kredit təşkilatı və ləğvetmə prosesində olan kredit təşkilatındakı kredit borcları üzrə ödəniləcək kompensasiyanın məbləği;
7.2.2. dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiyanın cəmi məbləği;
7.2.3. kompensasiyanın bu Qaydanın 4.3.1-ci və 4.3.2-ci yarımbəndlərinə uyğun olaraq, kredit borclarının ödənilməsinə yönəldilən və fiziki şəxsin sərəncamında qalan hissəsinin məbləği;
7.2.4. restrukturizasiya olunacaq kreditlər üzrə əsas kredit borcları və həmin kredit borclarının restrukturizasiya olunacağı kredit təşkilatları barədə məlumatlar.
7.3. Portalda bu Qaydanın 7.2-ci bəndində göstərilən məlumatlar barədə axtarış fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin məlumatları əsasında müvafiq autentifikasiyadan keçməklə aparılır.
7.4. Palata tərəfindən vətəndaşların qəbulu üçün ayrıca sahə müəyyən olunur və qaynar xətt yaradılır, habelə həmin şəxslərlə iş üçün müvafiq əməkdaşlar ayrılır. Həmin əməkdaşlar tərəfindən fiziki şəxslərin Fərmandan və bu Qaydadan irəli gələn müraciətləri araşdırılır və bu Qaydanın 8.5-ci bəndində müəyyən edilmiş hallarda Apellyasiya Komissiyasına təqdim edilir.
7.5. Kredit təşkilatlarında (baş ofis, filial və şöbə) vətəndaşların qəbulu üçün ayrıca sahə müəyyən olunur və qaynar xətt yaradılır, habelə həmin şəxslərlə iş üçün müvafiq əməkdaşlar ayrılır, işlərin koordinasiyası məqsədilə kredit təşkilatının İdarə Heyətinin müvafiq üzvü və ya təkbaşına icra orqanının rəhbəri məsul şəxs qismində müəyyən olunur və bu barədə dərhal Palataya məlumat verilir.
7.6. Bank olmayan kredit təşkilatlarının və ləğvetmə prosesində olan kredit təşkilatlarının müştərilərinə münasibətdə kompensasiya ödəniləcək fiziki şəxslərin siyahısı (fiziki şəxslər, ödəniləcək kompensasiya və müştərisi olduğu kredit təşkilatının yerləşdiyi ərazi göstərilməklə) Palata tərəfindən poçt rabitəsinin milli operatoruna göndərilir.
7.7. Poçt rabitəsinin milli operatoru bu Qaydanın 4.7-ci və 7.6-cı bəndlərinə əsasən kompensasiya ödənilən fiziki şəxslərin siyahısını Palataya təqdim edir.
7.8. Bu Qaydanın 4.5-4.7-ci bəndlərinə uyğun olaraq, kompensasiyanın ödənilməsini həyata keçirən banklar və poçt rabitəsinin milli operatoru tərəfindən fiziki şəxslərə aşağıdakı məlumatlar göndərilir:
7.8.1. fiziki şəxsə ödəniləcək kompensasiya məbləği;
7.8.2. fiziki şəxsə kompensasiya ödənilən kreditinin olduğu kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı barədə məlumat (adı, ünvanı, əlaqə vasitələri);
7.8.3. fiziki şəxsin kompensasiyanın köçürüldüyü ödəniş kartını əldə edə biləcəyi və ya bu Qaydanın 4.7-ci bəndinə müvafiq olaraq pul köçürməsinin ediləcəyi kredit təşkilatı və ya poçt rabitəsinin milli operatoru barədə məlumat (kredit təşkilatının, onun filialının, poçt rabitəsinin milli operatorunun və onun şöbəsinin adı, ünvanı, əlaqə vasitəsi);
7.8.4. fiziki şəxsin kompensasiyanın ödənildiyi ödəniş kartının hazır olduğu və ya bu Qaydanın 4.7-ci bəndinə müvafiq olaraq pul köçürməsinin ediləcəyi tarix;
7.8.5. bu Qaydanın 7.11-ci və 7.12-ci bəndlərində nəzərdə tutulan sənədlər barədə məlumat.
7.9. Bu Qaydanın 7.8-ci bəndində göstərilən məlumatlar fiziki şəxslərə SMS, elektron poçt və ya alınmasını təsdiq edən digər formada göndərilir (təqdim olunur, çatdırılır).
7.10. Restrukturizasiya proseslərinin təşkili üçün kredit təşkilatı tərəfindən aşağıdakılar təmin olunur:
7.10.1. ən azı aşağıdakı məlumatları özündə əks etdirən bildirişlərin (SMS, elektron poçt və alınmasını təsdiq edən digər formada) fiziki şəxsə göndərilməsi (təqdim olunması, çatdırılması):
1. fiziki şəxsin kredit borcunun restrukturizasiya olunmasına dair yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif edən kredit təşkilatının (baş ofis, filial) adı, ünvanı, əlaqə vasitləri;
2. fiziki şəxsin kredit borcunun restrukturizasiya olunmasına dair yeni müqavilə bağlanması üçün şəxsiyyətini təsdiq edən sənədi gətirməli olduğu barədə məlumat.
7.10.2. Fərmandan və bu Qaydadan irəli gələn digər tədbirlərin görülməsi.
7.11. Fiziki şəxsə kompensasiyanın ödənildiyi ödəniş kartının verilməsi aşağıdakı sənədlər əsasında həyata keçirilir:
7.11.1. şəxsiyyətini təsdiq edən sənəd;
7.11.2. adına ödəniş kartı olan şəxs vəfat etdikdə və müraciət onun vərəsəsi (vərəsələri) tərəfindən edildikdə, vərəsəlik hüququnu təsdiq edən sənədlər.
7.12. Bu Qaydaya uyğun olaraq kompensasiyanın köçürüldüyü ödəniş kartının alınması və ya kredit borcunun restrukturizasiya edilməsi məqsədilə fiziki şəxsin adından onun nümayəndəsi müraciət etdikdə bu Qaydada nəzərdə tutulan sənədlərlə yanaşı nümayəndənin səlahiyyətini təsdiq edən sənədin əsli təqdim olunmalıdır.
8. Mübahisələrin həlli
8.1. Fərmanın və bu Qaydanın tətbiqi ilə bağlı müraciətlərə baxılması və yaranan mübahisələrin həlli məqsədilə Palata tərəfindən işçi qrup və Apellyasiya Komissiyası (bundan sonra – Komissiya) yaradılır.
8.2. Fərmanın və bu Qaydanın tətbiqi ilə bağlı kredit təşkilatları və fiziki şəxslər tərəfindən edilmiş müraciətlərə işçi qrupda baxılır. İşçi qrup tərəfindən müraciətlərə baxılması zamanı bu Qaydanın 8.5-ci bəndində göstərilən hallar aşkar olunduqda, müraciət Komissiyaya göndərilir.
8.3. Komissiyanın tərkibi Palatanın işçilərindən tək sayda təşkil olunur və İdarə Heyətinin sədri tərəfindən təsdiq olunur.
8.4. Komissiyanın iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Komissiyanın iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir (bu Qaydanın 8.7-ci bəndində nəzərdə tutulan hal istisna olmaqla). Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.
8.5. Komissiya aşağıdakı məsələlərə baxır və onlara dair qərar qəbul edir:
8.5.1. fiziki şəxsə ödəniləcək kompensasiyaya və restrukturizasiya olunacaq kredit borclarına dair mübahisələr;
8.5.2. kompensasiya ödəniləcək fiziki şəxslərin siyahısına dair mübahisələr;
8.5.3. bu Qaydanın tətbiqinə dair yaranan digər məsələlər.
8.6. Komissiya müraciətlərə “Vətəndaş müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxır və tədbirlər görür.
8.7. Komissiyanın üzvləri onların yaxın qohumları (əri (arvadı), valideynləri, o cümlədən ərinin, arvadının valideynləri, babaları və nənələri, övladları, övladlığa götürənləri (götürülənləri), qardaşları və bacıları) ilə bağlı qərarların qəbulunda iştirak etmir.
8.8. Fiziki şəxsə kompensasiya ödənilməli olduqda və bu barədə məlumat bu Qaydanın 4.1-ci bəndində göstərilən siyahıda əks etdirilmədikdə və ya həmin məlumatda səhv olduqda, Komissiyanın qərarına əsasən Palata fiziki şəxsin adını həmin siyahıya daxil edir (məlumatlarda düzəliş edir) və bu Qaydaya uyğun olaraq kompensasiyanın fiziki şəxsə ödənilməsini təmin edən tədbirlər görür.
9. Hesabatlılıq
9.1. Bu Qaydanın 4.3.1-ci və 4.3.2-ci yarımbəndlərinə uyğun olaraq edilən ödənişlər barədə məlumatlar bu Qaydanın 4 nömrəli əlavəsində müəyyən edilmiş formada Palataya təqdim edilir.
9.2. Bu Qaydanın 9.1-ci bəndində nəzərdə tutulan məlumatlar hər ötən iş günü üçün növbəti iş günü saat 12:00-dan gec olmayaraq təqdim olunur.
10. Yekun müddəa
Fərmanın 7.3-cü bəndinə uyğun olaraq, bu Qaydadan irəli gələn digər məsələlər Palata tərəfindən həll olunur.