Prezident İlham Əliyev “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1296-VQD nömrəli Qanununun tətbiqi haqqında” sərəncam imzalayıb.
ELƏCƏ DƏ BAX: Azərbaycan bankları "halal" kredit verəcəklər - TOPLANTI
FED.az-ın məlumatına görə, qanuna edilən dəyişiklik bankların idarəetmə strukturu ilə bağlıdır.
Beləliklə, indiyə qədər hər bir bank ali idarəetmə orqanı olan səhmdarların ümumi yığıncağı, onun idarə olunmasına və işinə nəzarəti həyata keçirən orqan olan Müşahidə Şurası, bankda audit işini təşkil edən Audit Komitəsi və məsul icra orqanı olan İdarə Heyəti tərəfindən idarə olunub. Dəyişikliyə əsasən bundan sonra Cəmiyyətin icra orqanının səlahiyyətləri müqaviləyə əsasən başqa hüquqi şəxsə və ya fərdi sahibkara (idarəçiyə) verilə bilməz.
Bank səhmdarlarının ümumi yığıncağının müstəsna səlahiyyətlərində də dəyişiklik edilib. İndiyə qədər bankın Müşahidə Şurasının və Audit Komitəsinin üzvlərini təyin və azad etmək, həmin idarəetmə orqanlarının əsasnaməsini təsdiq etmək, bankın inzibatçılarının işə götürülməsi müddətlərini və şərtlərini müəyyənləşdirmək bu səlahiyyətlər sırasında olub. Dəyişikliyə əsasən artıq bu səlahiyyət bankın Müşahidə Şurasının üzvlərini təyin və azad etmək əsasnaməsini təsdiq etmək, bu qanunun tələbləri nəzərə alınmaqlabankın inzibatçılarının işə götürülməsi müddətlərini və şərtlərini müəyyənləşdirmək olacaq.
Müşahidə Şurasının səlahiyyətləri sırasına isə bankın Audit Komitəsinin üzvlərini təyin və azad etmək, Audit Komitəsinin əsasnaməsini təsdiq etmək daxil edilib.
Qüvvədə olan qanuna əsasən Bankın Müşahidə Şurası 3 nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. İndiyə qədər Şuranın üzvləri bankın səhmdarlarının ümumi yığıncağı tərəfindən səhmdarlardan və/və ya kənar şəxslərdən 4 ildən çox olmayan müddətə təyin edilən fiziki şəxslər olub. Dəyişikliyə əsasən Şuranın üzvləri bankın səhmdarlarının ümumi yığıncağı tərəfindən səhmdarlardan və/və ya kənar şəxslərdən 3 ildən çox olmayan müddətə təyin edilən fiziki şəxslər olacaq. İdarə Heyətinin üzvləri bank səhmdarlarının ümumi yığıncağı tərəfindən artıq 4 ildən deyil, 3 ildən çox olmayan müddətə təyin ediləcəklər.
İndiyə qədər Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin hər bir üzvü özünün və ailə üzvlərinin birbaşa və ya dolayısı ilə malik ola bildiyi mühüm kommersiya maraqlarını bankın İdarə Heyəti və Müşahidə Şurası qarşısında açıqlayıb. Dəyişikliyə əsasən artıq Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin hər bir üzvü özünün və ailə üzvlərinin birbaşa və ya dolayısı ilə malik ola bildiyi mühüm kommersiya maraqlarını yalnız bankın Müşahidə Şurası qarşısında açılqayacaq.
Banklara dair tələblər – DƏYİŞDİ
21:27
10 Dek 2018