Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının NİZAMNAMƏSİ
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra – Palata) qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru), valyuta mübadiləsi fəaliyyəti və ödəniş sistemləri (bundan sonra – maliyyə bazarları) sahəsində fəaliyyətin lisenziyalaşdırılmasını, tənzimlənməsini və həmin sahələrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin edir.
1.2. Palata öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.
1.3. Palata öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Palata ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Palata sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Palatanın fəaliyyəti nəticəsində əldə olunan vəsait (gəlir) onun işinin təmin edilməsinə yönəldilir.
1.5. Palatanın müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.6. Qanuna uyğun olaraq, Palatanın əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Palata məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
1.7. Palata Bakı şəhərində yerləşir.
2. Palatanın fəaliyyətinin məqsədi və fəaliyyət istiqamətləri
2.1. Palatanın fəaliyyətinin məqsədi maliyyə bazarları sahəsinin lisenziyalaşdırılmasını, tənzimlənməsini və bu sahəyə nəzarəti həyata keçirmək, Azərbaycan Respublikasında maliyyə bazarlarının səmərəli fəaliyyətini və dayanıqlığını təmin etmək, kreditorların, sığortalıların, investorların və maliyyə bazarlarının digər istehlakçılarının hüquqlarını qorumaqdır. Palata bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyəti həyata keçirərkən maliyyə bazarlarının tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq prinsip və standartları əsas götürür.
2.2. Palatanın fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.2.1. maliyyə bazarları sahəsində dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək, tənzimləməni və qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək;
2.2.2. maliyyə bazarları sahəsinin inkişafını təmin etmək;
2.2.3. makroprudensial nəzarətin həyata keçirilməsini təmin etmək;
2.2.4. maliyyə bazarlarının tənzimlənməsi ilə bağlı normativ xarakterli aktlar qəbul etmək və müvafiq hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;
2.2.5. maliyyə bazarlarında fəaliyyətin lisenziyalaşdırılmasını, icazələrin verilməsini və ləğv edilməsini təmin etmək;
2.2.6. maliyyə bazarlarında davamlı və hərtərəfli nəzarətin həyata keçirilməsini, yoxlamalar aparılmasını və ya bu yoxlamaların keçirilməsinin üçüncü şəxslərə həvalə edilməsini, hesabatların alınmasını təmin etmək;
2.2.7. əmanətlərin sığortalanması sahəsində nəzarət sisteminin fəaliyyətini təmin etmək;
2.2.8. maliyyə bazarlarında vahid informasiya sisteminin tətbiqini təmin etmək.
3. Palatanın vəzifələri və hüquqları
3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Palatanın vəzifələri aşağıdakılardır:
3.1.1. Palatanın nəzarət etdiyi subyektlərdə stress-testlərin keçirilmə qaydasını müəyyənləşdirmək və onları təşkil etmək, maliyyə bazarlarında sistem risklərini təhlil etmək, stress-test və ssenarilərin təhlilini aparmaq, bu təhlil əsasında maliyyə bazarlarının tənzimlənməsi istiqamətlərini müəyyənləşdirmək və tətbiq etmək;
3.1.2. Palatanın nəzarət etdiyi subyektlərə münasibətdə təsir tədbirlərini tətbiq etmək;
3.1.3. Palatanın nəzarət etdiyi subyektlərin sağlamlaşdırılması sahəsində tədbirlər planı hazırlamaq, onun icrasını əlaqələndirmək və icrasına nəzarət etmək;
3.1.4. Palatanın nəzarət etdiyi subyektlərdə korporativ idarəetmə standartlarını müəyyənləşdirmək və onların tətbiqinə nəzarət etmək;
3.1.5. aksiz markalarının sifarişi, onların satışı və uçotunun aparılması qaydalarını müəyyən etmək və bu qaydalara riayət olunmasına nəzarəti həyata keçirmək;
3.1.6. maliyyə bazarlarında istehlakçıların və investorların hüquqlarını müdafiə etmək;
3.1.7. maliyyə bazarlarının inkişaf istiqamətləri üzrə təkliflər vermək;
3.1.8. dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin maliyyə bazarları sahəsində fəaliyyətini əlaqələndirmək;
3.1.9. maliyyə bazarları sahəsində qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
3.1.10. maliyyə bazarları sahəsində normativ xarakterli aktlar qəbul etmək;
3.1.11. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Palatanın səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;
3.1.12. maliyyə bazarları sahəsində hüquqmüəyyənedici sənədlər vermək, müvafiq məsələlərə münasibət bildirmək;
3.1.13. maliyyə bazarları sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək;
3.1.14. maliyyə bazarlarının və alətlərinin təbliği, maliyyə bazarları və investisiyalar sahəsində əhalinin maarifləndirilməsi məqsədilə tədbirlər görmək;
3.1.15. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq nəzarət orqanının səlahiyyətlərini həyata keçirmək;
3.1.16. maliyyə bazarları sahəsində elektron xidmətləri “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;
3.1.17. Palatanın fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.1.18. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Palatanın əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;
3.1.19. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.1.20. Palataya ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.1.21. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
3.1.22. Palatanın informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;
3.1.23. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;
3.1.24. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
3.1.25. müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;
3.1.26. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Palatanın aşağıdakı hüquqları vardır:
3.2.1. maliyyə bazarları sahəsində normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək;
3.2.2. maliyyə bazarları sahəsində beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək və bu müqavilələrin layihələrinin hazırlanmasında iştirak etmək;
3.2.3. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) və mərkəzi bankları ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
3.2.4. maliyyə bazarları sahəsində yoxlamalar aparmaq, icrası məcburi olan göstərişlər vermək və bundan irəli gələn digər tədbirlər görmək;
3.2.5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərin göstərilməsinə (hüquqi hərəkətlərin həyata keçirilməsinə) görə həmin Qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu, habelə qanunla müəyyən edildiyi hallarda digər ödənişlər tutmaq;
3.2.6. tutduğu dövlət rüsumunun Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hissəsini əldə etmək;
3.2.7. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
3.2.8. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.9. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
3.2.10. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
3.2.11. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;
3.2.12. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
3.2.13. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
3.2.14. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
4. Palatanın idarə olunması
4.1. Palata öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.
4.2. Palatanı idarəetmə orqanı İdarə Heyətidir.
4.3. Palatanın İdarə Heyəti (bundan sonra – İdarə Heyəti) Palataya ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi beş nəfərdən – Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən, onun iki müavinindən və digər iki üzvdən ibarətdir.
4.4. İqtisadiyyat və ya hüquq ixtisasları üzrə ali təhsili, iqtisadiyyat, hüquq, maliyyə və ya bank işi sahəsində təcrübəsi olan, ağır və xüsusilə ağır cinayətlərə, habelə mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət sahəsində, qulluq mənafeyi əleyhinə cinayətlərə görə məhkum edilməmiş, xarici dövlətlər qarşısında heç bir öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı İdarə Heyətinin üzvü ola bilər.
4.5. İdarə Heyətinin üzvləri, habelə Palatanın bütün digər vəzifəli şəxsləri Palatada işlədikləri dövrdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli fəaliyyətlə, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzlər. İdarə Heyətinin üzvləri, eləcə də Palatanın bütün digər vəzifəli şəxsləri, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin idarəetmə orqanlarında vəzifə tuta bilməzlər.
4.6. İdarə Heyətinin üzvləri, onların yaxın qohumları, habelə Palatanın bütün digər vəzifəli şəxsləri Palatanın nəzarət etdiyi hüquqi şəxslərdə mühüm iştirak payına malik ola bilməzlər və onların fəaliyyətindən gəlir əldə etmək maraqları olmamalıdır.
4.7. İdarə Heyətinin üzvləri, habelə Palatanın bütün digər vəzifəli şəxsləri siyasi partiyalarda və ictimai birliklərə üzv ola bilməz və orada vəzifə tuta bilməzlər.
4.8. İdarə Heyətinin üzvləri maraqların toqquşması halları barədə İdarə Heyətinin sədrinə, İdarə Heyətinin sədri isə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
4.9. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə onun müavinlərindən biri, o da olmadıqda isə İdarə Heyətinin digər üzvü icra edir.
4.10. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:
4.10.1. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək və sənədlər (o cümlədən Palatanın maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;
4.10.2. Palatanın inkişaf istiqamətlərini, strateji məqsəd və planlarını müəyyən etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;
4.10.3. Palatanın kapital ehtiyatlarının formalaşdırılması və bu ehtiyatlardan istifadə qaydasını müəyyən etmək;
4.10.4. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Palatanın nəzarət etdiyi subyektlərin ödəməli olduqları haqların məbləğini və bu haqların ödənilmə qaydasını müəyyən etmək;
4.10.5. qanunla müəyyən olunmuş hallarda və qaydada maliyyə bazarları sahəsində lisenziyalaşdırma (bank və sığorta fəaliyyətinə lisenziya verilməsinə münasibətdə – Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla) və icazələrlə bağlı qərar qəbul etmək;
4.10.6. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Palatanın strukturunu və işçilərinin say həddini, maliyyə və kapital bazarında uyğun əməkhaqqı səviyyəsini nəzərə almaqla əməkhaqqı fondunu və işçilərin əməkhaqlarını təsdiq etmək, Palatanın əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;4.10.7. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Palatanın maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;
4.10.8. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Palatanın kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;
4.10.9. Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Palatanın idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;
4.10.10. Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Palatanın xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Palatanın aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
4.10.11. aidiyyəti şəxslə dəyəri Palatanın aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
4.10.12. normativ xarakterli aktları, o cümlədən iqtisadi tənzimləmə (prudensial) normativlərini təsdiq etmək;
4.10.13. Palatanın nəzarət etdiyi subyektlərdə müvəqqəti inzibatçının təyin edilməsi və səlahiyyətinə xitam verilməsi barədə qərar qəbul etmək;
4.10.14. Palatanın fəaliyyətinə nəzarət etmək;4.10.15. Palatanın fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), idarəetmə prosedurlarını, struktur bölmələrinin, habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;
4.10.16. Palatanın fəaliyyətinə dair illik hesabatı dinləmək;
4.10.17. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;
4.10.18. daxili audit xidmətinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
4.10.19. əvvəlki ildə ölkənin maliyyə bazarlarındakı vəziyyət və inkişaf perspektivləri barədə hər il martın 31-dək Azərbaycan Respublikasının Prezidentinə hesabat təqdim etmək;
4.10.20. Palatanın fəaliyyətini təşkil etmək;
4.10.21. Palatanın strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;
4.10.22. bu Nizamnamənin 3.1.20-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
4.10.23. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;
4.10.24. audit fəaliyyətinin riskəsaslı illik planını təsdiq etmək;
4.10.25. bu Nizamnamənin 3.1.9-cu və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək.
4.11. İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmayaraq çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən digər üzvün) səsi həlledicidir.
4.12. İdarə Heyətinin üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.
4.13. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.
4.14. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.
4.15. İdarə Heyətinin sədri:
4.15.1. Palatanın cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;
4.15.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;
4.15.3. öz təşəbbüsü ilə və ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;
4.15.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;
4.15.5. Palatanın fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;
4.15.6. Palatanın fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
4.15.7. Palatanın vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
4.15.8. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Palatanın Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;
4.15.9. Palatanın işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;
4.15.10. Palatanın, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir;
4.15.11. Palatanın əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;
4.15.12. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Palatanın adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;
4.15.13. Palatanın fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır;
4.15.14. Palatanın fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;
4.15.15. Palatada kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;
4.15.16. Palatada müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir;
4.15.17. İdarə Heyətinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar verir.
4.16. İdarə Heyətinin üzvləri:
4.16.1. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;
4.16.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;
4.16.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;
4.16.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun iclaslarında baxmaq barədə təkliflər verirlər;
4.16.5. İdarə Heyətinin qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.
4.17. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
5. Palatanın nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları
5.1. Palatanın nizamnamə fondu 5 000 000 (beş milyon) manatdır.
5.2. Palatanın əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.
5.3. Palata öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Palata balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir.
5.4. Palatanın sərbəst maliyyə aktivləri Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyində saxlanılır.
5.5. Palata qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Palatanın, onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.
5.6. Palata “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərin göstərilməsinə (hüquqi hərəkətlərin həyata keçirilməsinə) görə həmin Qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu, habelə qanunla müəyyən edilmiş digər ödənişlər tutur.
5.7. Palatanın tutduğu dövlət rüsumunun Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən hissəsi Palatanın fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə onun hesabına köçürülür.
5.8. Palatanın məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aid deyildir.
6. Palatanın fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi
6.1. Palatanın fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
6.2. Palatanın fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.
7. Daxili və kənar audit
7.1. Palata daxili audit xidmətini təsis edir. Daxili audit və bu xidmətin işini icra edən şəxslər öz fəaliyyətlərində müstəqildirlər və öz funksiyalarını icra edərkən onların müstəqil qiymət vermək, nəticələr çıxarmaq hüququ vardır.
7.2. Palatanın daxili audit xidmətinin əməkdaşları “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə cavab verməlidirlər.
7.3. Palatanın daxili audit xidməti İdarə Heyətinə tabedir və ona hesabat verir. Daxili audit xidmətinin əməkdaşlarını İdarə Heyəti vəzifəyə təyin və vəzifədən azad edir.
7.4. Daxili audit xidmətinin əsas funksiyaları aşağıdakılardan ibarətdir:
7.4.1. audit fəaliyyətinin riskəsaslı illik planını hazırlamaq və təsdiq üçün İdarə Heyətinə təqdim etmək;
7.4.2. risklərin idarə olunması, daxili idarəetmə və nəzarət sistemlərini, habelə idarəetmə prosesini qiymətləndirmək üçün sistemli və məqsədyönlü yanaşma tətbiq edərək öz məqsədlərinə nail olmaqda Palatanı dəstəkləmək və risklərin idarə olunması, daxili idarəetmə və nəzarət sistemlərinin, həmçinin idarəetmə prosesinin təkmilləşdirilməsinə kömək etmək;
7.4.3. Palatanın maliyyə-təsərrüfat fəaliyyətinin, habelə maliyyə vəziyyətinin dəqiq qiymətləndirilməsi məqsədilə bütün sahələrdə aparılan əməliyyatların mütəmadi auditini həyata keçirmək;
7.4.4. daxili audit yoxlamalarının nəticələri haqqında, habelə aşkarlanmış çatışmazlıqların aradan qaldırılması üçün İdarə Heyətinə təkliflər vermək;
7.4.5. “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanununda və bu Nizamnamədə nəzərdə tutulmuş digər funksiyaları yerinə yetirmək.
7.5. Palatanın bütün müvafiq bölmələri və əməkdaşları daxili auditi həyata keçirən əməkdaşların tələbi ilə zəruri sənədləri onlara təqdim etməyə, onların vəzifələrinin icrası üçün zəruri şərait yaratmağa borcludurlar.
7.6. Palatanın maliyyə-təsərrüfat fəaliyyətinin auditi İdarə Heyətinin qərarı ilə həyata keçirilir.
7.7. Palata öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.
7.8. Eyni kənar auditorla ardıcıl 3 ildən artıq müddətə müqavilə bağlamaq olmaz.
8. Palatada uçot və hesabat
8.1. Palata “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
8.2. Palata “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik uçot aparır, statistik hesabatları tərtib və təqdim edir.
8.3. Palata idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.
9. Palatanın ləğvi və yenidən təşkili
Palatanın ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.