Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) oktyabrın bu gün keçirilən ilk hərracının nəticələrini açıqlayıb. FED.az-a komitədən verilən xəbərə görə, hərraca çıxarılan əmlakların cəlbediciliyi və geniş seçim imkanı sifarişçilər arasında rəqabət yaradıb. Ayın ilk hərracında 15 dövlət əmlakı üzrə 22 sifariş verilib.
Bu dəfə hərracda çayın ilkin emalı və satışı sahəsi üzrə fəaliyyət göstərən “Astara Çay-3” ASC-nin səhm paketi özəlləşdirildi. Astaranın Pensər kəndində yerləşən SC-nin 30%-lik səhm paketi 86,2 min manata satılıb.
Hərracda bir neçə maraqlı müəssisə özəlləşdirilib. Bunlardan biri Masallı rayonundakı Qızılavar kənd Sənətkarlıq klubu olub. Torpaqla birlikdə özəlləşdirilən əmlakının ümumi faydalı sahəsi 616 kv.m-dir və alıcıya 25 min manata başa gəlib. Lənkəran şəhərində yerləşən 264 kvadratmetrlik anbar isə hərracda 17,5 min manata satılıb.
Özəlləşdirilən qeyri-yaşayış sahələrindən 6-sı Bakıda, 2-si isə Tərtərdə yerləşir. İnvestisiya yatıran şəxslərə müxtəlif xidmət sahələrində gəlir qazandıra biləcək qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 19,4 kv.m ilə 84,5 kv.m aralığındadır.
Bakı şəhəri, Nəsimi rayonu, Kazımovski küçəsindəki qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 78,1 kv.m-dir. İaşə və ya ofis obyekti kimi istifadə oluna bilən obyektin son satış qiyməti 60 min manat olub.
Bu gün avtomobillər üzrə hərrac da maraqlı keçib. Buraxılış ili 2006, ilkin hərrac qiyməti 10,5 min manat olan BMW markalı avtomobilin qiyməti 15 min manata qalxıb. Daha bir BMW-nin uğrunda da mübarizə gedib və nəticədə qiyməti 11,2 min manatdan 15,6 min manata qalxıb.
Komitə tərəfindən növbəti hərraclardan biri oktyabrın 9-u keçiriləcək. Hərraca ümumilikdə 67 dövlət əmlakı çıxarılıb. Onlardan 17-si səhmdar cəmiyyəti, 33-ü kiçik dövlət müəssisə və obyekti, 17-si qeyri-yaşayış sahəsidir. Hərraca qoşulmaq istəyən şəxslər Özəlləşdirmə portalından (privatization.az) sadələşdirilmiş prosedurlar əsasında əmlakı seçib sifariş verə bilər.