Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Qətər əmiri Şeyx Təmim bin Həmid Əl Sani ilə qapalı görüş keçirib.
FED.az xəbər verir ki, 3,5 saat davam edən görüşün sonunda Qətərin Türkiyəyə 15 milyard dollarlıq sərmayə qoyacağı açıqlanıb.
Tərəflər Qətər-Türkiyə əlaqələrini daha da inkişaf etdirmək qərarına gəliblər. Bundan başqa, Ərdoğanla Əl Sani gündəmdəki məsələləri müzakirə ediblər.
Məsələ ilə bağlı verilən rəsmi açıqlamada deyilir:
"Qətər əmiri Şeyx Tamim bin Həməd Əl-Saninin işgüzar səfəri çərçivəsində baş tutan görüşdə ikitərəfli əlaqələr və regional məsələlər haqqında fikir mübadiləsi aparılmışdır. Cənab Şeyx Təmim, görüşdə, Qətər olaraq Türkiyəyə 15 milyard dollar birbaşa investisiya yatıracaqlarını bildirmişdir".
Bundan əvvəl Səudiyyə Ərəbəistanı Qətərə embarqo tətbiq edən zaman Türkiyə bu ölkəyə kömək edərək təyyarə ilə qida və digər məhsullar göndərmişdi. İndid də Qətər Türkiyəyə ən böyük dəstək verən dövlət olub.
15 milyard dolların bazarın valyuta ehtiyacının ödənilməsinə böyük kömək olacağı qeyd edilir.
Xəbərdən sonra, Dollar/TL məzənnəsi 5.98 səviyyəsini görüb (Saat 19:15-ə olan məlumat).