Dünyanın istənilən nöqtəsində yaşayan bir azərbaycanlının uğuru həmvətənlərini sevindirməyə bilməz. Belə həmvətənlərimizdən biri də ABŞ-ın San-Fransisko şəhərində yaşayan və həmin şəhərdə ilk krioterapiya klinikasının rəhbəri olan Afaq Şükürovadır.
“CRYO SF” klinikasının rəhbəri Afaq Şükürova ilə müsahibəni təqdim edirik.
– Afaq xanım, ümumiyyətlə xarici bir ölkəyə köçmək cəsarət tələb edir…
– Əslində ABŞ-da yaşamaq mənim uşaqlıq arzum olub. Sadəcə hadisələr elə cərəyan etdi ki, bu arzum planlaşdırdığımdan 25 il sonra gerçək oldu. Təhsil aldım, ailə qurdum və bu arzumu deyim, planmı deyim bir müddətlik kənara qoyuldu. Həyat yoldaşım məndən fərqli olaraq Avropaya meylli biri idi. İllər sonra həyatımda elə bir mərhələyə gəldim ki, hər şeyi sıfırdan başlamalı oldum.
Eləcə də bax: Azərbaycanda 30 min mühasibin aqibəti necə olacaq? - VİDEO
– ABŞ-a meyli daha çox azad olmaq istəyi ilə bağlaya bilərikmi?
– Əslində azadlıq mənəvi olmalıdır. Bizdə, yəni Azərbaycanda atılan addımlarda öz fikrindən daha çox “başqaları nə deyər?” prinsipi üstün tutulur. Bakıda olanda rəfiqəmlə bir şirkət açmışdıq, tədbirlərin təşkilatı ilə məşğul idik. Bəzən işimiz gec saatlaradək uzanırdı. Ailəmin narazı olduğunu, bu xırda bir nüansın onlar tərəfindən rahat qəbul edilmədiyini görürdüm. Çünki bizdə ad və soyaddan əlavə sənin kimin qızı olduğun böyük rol oynayır. Yəni sənin adının önündə bir ad daha var və sən artıq sadəcə öz adının deyil, həm də onun məsuliyyətini daşıyırsan. Mən başa düşdüm ki, ayaq üstə durmaq üçün addım atmalıyam.
– Həyatınızda yeni səhifə açmaq üçün həm də iki uşaqla birgə uşaqlıq arzunuzun ardınca getmək qorxutmadı sizi?
– Xarakter olaraq mübariz insanam, çətinlikdən qorxan deyiləm. Bir şey qeyd edim, daha inkişaf etmiş cəmiyyətdə gənclər həyatları ilə bağlı qərarları daha erkən yaşlarında verirlər. Heç kəs bunun asan olacağını vəd etməmişdi, amma artıq qərar qəbul etmişdim. Əgər həyatımda yeni bir səhifə açıramsa, bunu tam fərqli cəmiyyətdə, fərqli şərtlər altında edəcəkdim. Bir şeyi də qeyd edim ki, mən Amerikaya gələndə artıq burada bacım öz ailəsi ilə birgə yaşayırdı.
Eləcə də bax: Nazirlik kassadan yayınan obyektləri açıqladı - SİYAHI
– Bayaq da dediyim kimi xarici bir ölkəyə köçmək cəsarət tələb edir, həmin ölkədə təhsil aldığın sahədən köklü şəkildə fərqlənən bir işlə məşğul olmaq isə daha böyük bir cəsarətdən tələb edir.
– Bəli, həm cəsarət, həm səbir, həm də inad. Beynəlxalq münasibətlər və hüquq üzrə magistr dərəcəsinə sahibəm. ABŞ-a köçəndən sonra ingilis dilini inkişaf etdirmək üçün kurslara başladım. Bildiyiniz kimi bura Silikon vadisidir, burada sosial bilimləri bitirən insan üçün iş tapmaq çətindir. Mövcud tələblərə uyğun bir iş qurmaq istəyirsənsə, elə bir seçim etməlisən ki, həm bu cəmiyyətə yararlı olasan, həm də özünə xeyrin dəysin. Mühəndislik biliklərim yoxdur, burada isə mütləq kompüter elmləri ilə əlaqən olmalıdır ki, öz sözünü deyə biləsən. Bir illik “projekt menecment” kursuna getdim. Yeni layihəyə necə başlayıb və necə davam etdirmək lazım olduğunu sistemli şəkildə öyrəndim.
Eləcə də bax: Bakıda «Qızıl» və «platin» iş adamlarının– SEÇKİSİ KEÇİRİLİR
– “CRYO SF” klinikasını açmaq ideyası, bu kursların nəticəsi oldu?
– Əslində klinikanın yaranma ideyasının bir tarixçəsi var. Bayaq da qeyd etdim ki, mən ABŞ-a köçəndə bacım artıq burada yaşayırdı. Onun həyat yoldaşı idman ilə məşğul olan və sağlam həyat tərzinə üstünlük verən bir insandır. ABŞ-a köçəndən bir müddət sonra məndə yuxu problemi yarandı. Krioterapiyanı sınaqdan keçirməyi də mənə məhz bacımın həyat yoldaşı məsləhət gördü. Sınadım və müsbət təsirini hiss etdim. Dörd seansdan sonra gündəlik performansda çox böyük bir fərq gördüm. Birincisi, enerjini yüksəldir, ikincisi, özünü daha yüngül və rahat hiss edirsən, 2-3 seansdan sonra yuxu problemi aradan qalxdı. Mən bu terapiyanı elə bir məqamda tapdım ki, artıq iş izni almışdım, “Project menecment” kursunu bitirmişdim. Ailə üzvlərim ilə klinika işini müzakirə edərkən, sakinlərinin sağlam həyat ilə bağlı olan hər şeylə maraqlandığı və sınaqdan keçirdiyi San-Fransisko kimi bir şəhərdə bir dənə də olsun krioterapiya mərkəzinin olmadığı ortaya çıxdı. Necə deyərlər, düzgün zamanda düzgün addım. Mən onsuz da yeni bir iş axtarırdım, mövcud olan müəyyən büdcə ilə biznes qurmaq istəyirdim. Həm ideya olaraq, həm də bu işi qanuni yol ilə reallaşdırmaq istiqamətində ən böyük dəstək ailəmdən, xüsusi ilə bacım və bacımın yoldaşından gəldi. Artıq iki il yarım ərzində fəaliyyət göstərən klinikanı, son bir ildə tam rəhbər olaraq özüm idarə edirəm və fəxrlə deyə bilərəm ki, “CRYO SF” loqosu trend olaraq tanınır.
– Krioterapiya nədir, bu alternativ müalicə üsulundan necə istifadə edilir?
– Krioterapiya – soyuq ilə müalicə deməkdir. Buz vannasının hi-tech formasıdır. Bir məsələ var ki, buz vannasının xeyrini görmək üçün 20-25 dəqiqə orda oturmaq lazımdır. Buna isə hər insan dözə bilməz. Oturanda da beldən aşağı oturursan. Müalicə alan üstü açıq kabinin içində durur. Bu, soyuq, amma tamamilə quru buxardır. Bu zaman müalicə alan şəxsin oksigen uda bilməsi üçün başı həmin kabinadan yuxarıda qalır, əks halda nitrogenin tərkibində oksigen olmadığı üçün insan huşunu itirə bilər. Soyuq buxarın verildiyi cəmi 3 dəqiqə ərzində bədənin temperaturu çox sürətli şəkildə aşağı salınır, bədəndə olan qan mərkəzə yığılır və sonra damarlara və ürəyə gedir. Bu, bədən üçün haradasa şok terapiyası effektini verir, qan dövranını aktivləşdirir və metabolizmi sürətləndirir. Bu prosedura zamanı qan çox böyük həcmdə oksigen qəbul edir, bu isə toksinlərin orqanizmdən xaric edilməsinə gətirib çıxarır.
– Məlumata görə, ilkin olaraq bu üsuldan arıqlama, dərinin cavanlaşdırılması üçün istifadə edirdilər. Bu səbəbdən krioterapiyanı sırf kosmetoloji prosedura hesab etmək olar?
– Xeyr, bu, sırf kosmetoloji prosedura deyil. Doğrudur, bura dəri qulluğu, kalori yandırması daxildir, amma bunlarla yanaşı, həm də zədə və iltihab, hovlanma ağrılarının aradan qaldırılması da yer alır. İlk dəfə Yapon alimi Yamauçi tərəfindən ixtira edilib, aparat şəklində istifadəsi isə Polşada həyata keçirilib. Krioterapiya aparatları Avropada istehsal edilir. ABŞ-da son 10 il ərzində daha çox yayılıb. Çəllək-kabinə aparatları ilə yanaşı orqanizmin müəyyən hissələrində yerli müalicə də mümkündür.
– Kalori yandırma və dərinin cavanlaşdırılması prosesində soyuq buxar necə yardım edir?
– Ümumiyyətlə, arıqlama prosesi metabolizmin hesabına gedir. Pəhriz saxlayıb, idmanla məşğul olan şəxslər arasında arıqlama prosesinin zəif getdiyi insanlar var. Buna səbəb metabolizmin ləng olmasıdır. Krioterapiya zamanı bədənə soyuq buxar veriləndə üşüyürsən və özünü isitməyə çalışırsan. İsitməyə çalışdıqca da enerji sərf edirsən və hər seans ərzində 500-700 kalori yandırmaq ehtimalın olur. İkinci tərəfdən də krioterapiya metabolizmi sürətləndirdiyi üçün çəki vermək asan olur.
Dəriyə qulluğa gəldikdə isə, bilirik ki, müəyyən yaşdan sonra kallogen hüceyrələri ifraz edilmir, ona görə də dəridə sallanmalar, boşalmalar yaranır. Bu yaşla əlaqədar bir haldır. Soyuq hava bu hüceyrələri hərəkətə gətirir. Bir neçə seansdan sonra sizin dərinizin kollogen ifrazı və elastikliyi artır. Təbii ki, söhbət bütün qırışların aradan qaldırılmasından getmir. Mimik qırışlar gedir. Bir şeyi də qeyd edim ki, botoks və dərinin dartılması kimi proseslərdə nəticəni dərhal görürsən, amma krioterapiyada bu nəticəni bir qədər gözləmək lazım gəlir.
– “CRYO SF”-də seansın qiyməti neçəyədir?
– Qiymət 3 dəqiqə 60 dollaradır. İlk dəfə 29 dollara sınaqdan keçirmək mümkündür.
– Afaq xanım, Beynəlxalq münasibətlər üzrə təhsil almış biri olaraq, alternativ terapiya üsulu ilə məşğul olmaq çətin deyil?
– Bu, əslində tibbi savad tələb edən istiqamət deyil. Çünki insan orqanizminə heç bir inyeksiya və müdaxilə etmirəm. Bu sadəcə nitrogen ilə edilən bir terapiyadır, onu da düzgün istifadə etməyi bacarmaq lazımdır. Digər tərəfdən isə, aparatları aldığım müəssisədən treninq keçərək, lazımi təlimatları almışam.
– Sizin sosial şəbəkələrdəki səhifələrinizdə insanlar ilə yanaşı heyvanların da müalicə edildiyini görmək olar…
– Burada heyvanlar ailə üzvü hesab edilir və biz insanlar ilə yanaşı heyvanların da müalicəsi ilə məşğul olacağımızı bildirəndə müştərilər çox sevinirlər.
– Klinikanız San-Fransiskoda olan yeganə krioterapiya klinikasıdır. Gələcəkdə fəaliyyətinizi genişləndirmək planınız varmı?
– 2 il əvvəl bu klinikanı açarkən bəli, yeganə idik. İndi isə artıq deyil, çünki krioterapiya San-Fransiskoda da yetəri qədər populyarlaşmağa başlayıb. Belə bir planımız var. Bu klinika San-Fransiskodan 45 dəqiqəlik məsafədə olan bir ərazidə yerləşəcək. Qeyd edim ki, yaxın rəfiqəmlə birgə açmağı planlaşdırırıq.
– Afaq xanım sosial şəbəkələrdə paylaşımlarınızdan Azərbaycana bağlı olduğunuz görünür…
– 5 ildir Azərbaycandan uzaqdayam, hər zaman demişəm, deyəcəm də, başqa ölkədə yaşamağıma və işləməyimə, burada nail olduqlarıma baxmayaraq, mən vətənimi həddindən artıq sevirəm. Mən azərbaycanlı olaraq dünyaya gəlmişəm, Azərbaycanı təmsil edən və qürurlandıran həmvətənlərimiz var, mən də onlardan biri olmaq istəyirəm.
ABŞ çox sayda ölkələrin və millətlərin nümayəndələrinin yaşadığı bir dövlətdir. Rəqabətin bu qədər güclü olduğu bir yerdə şirkət açmışam. Mənim Azərbaycana olan sevgim fiziki bir anlayışla bağlı deyil. Oğlum təhsil aldığı məktəbdə çıxış etməli idi, mən onun çıxışı zamanı arxasında Azərbaycanın bayrağının olmasını istədim. Azərbaycanı tanıtmaq üçün ofisdə ölkəmizə aid kitablar və jurnallar, atributlar qoymuşam. Klinikaya gələn müştərilər ləhcəmdən başqa dövlətdən gəldiyimi hiss edib, haradan olduğumu soruşurlar, nə qədər tələssəm də, onlara Azərbaycan haqqında qısa məlumat verirəm. Burada ölkəmiz haqqında heç bir informasiyası olmayan o qədər insan var. Mənə dəfələrlə “Əgər Azərbaycanı belə sevirsənsə, niyə xaricdə yaşayırsan?” soruşurlar, hər dəfə də eyni cavabı verirəm. Düşünürəm ki, Azərbaycandan kənarda işləyərək və yaradaraq, mən övladlarımı Azərbaycan üçün daha xeyirli vətəndaş kimi yetişdirə bilərəm.
insider.az