Vergilər Nazirliyi Azərbaycanda kassadan yayınan və nağd əməliyyatlara üstünlük verən sahələri açıqlayıb. FED.az xəbər verir ki, nazirliyin məlumatına görə, hazırda ölkədə nağd ödənişlərin payı 90 faizdən çoxdur.
Bunun əsas səbəbləri uçotdan yayınan (qeyri-rəsmi və ya «kölgə») iqtisadiyyatın, qeyri-formal məşğulluğun, qeyri-mütəşəkkil və pərakəndə ticarətin miqyasının yüksək olması, maliyyə savadlılığının aşağı səviyyəsi, infrastruktur və texniki amillər (ödəniş sistemlərinin çeşidinin az, xidmət tariflərinin isə yüksək olması, POS-terminallarla bağlı əməliyyat xərclərinin çoxluğu, regionlarda rabitə infrastrukturunun zəifliyi), qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac olması (bank olmayan ödəniş xidməti provayderlərinin fəaliyyətinin tənzimlənməməsi, elektron pulun normativ hüquqi bazasının olmaması, kart sahiblərinin hüquqlarının yetərincə müdafiə edilməməsi) və s. kimi amillərlə bağlıdır.
Nağd ödənişlərin ən çox istifadə edildiyi obyektlər şadlıq evləri, restoran-kafe, hotel, avtoservislər və başqalarıdır.
Nazirliyin açıqlamasına görə, nağd ödənişlərin dominant olduğu əsas sahələr aşağıdakılardır:
- İctimai iaşə və turizm obyektləri - 600-dən çox şadlıq evi, 19 minə yaxın restoran-kafe, 580 hotel, yüzlərlə yanacaqdoldurma məntəqəsi, avtoservis, idman-sağlamlıq mərkəzləri, gözəllik salonları və bir sıra digər xidmət sektorları.
- Ticarət obyektləri - bazarlar, ticarət mərkəzləri, iri super-hipermarketlər, məişət texnikaları, ev əşyaları, cehizlik mallar, mebel salonları, brend butiklər, topdan və pərakəndə satış mərkəzləri.
- Elm-təhsil və səhiyyə müəssisələri - bağçalar, məktəbəqədər hazırlıq, xarici dil və ümumi hazırlıq kursları, repetitorluq, xəstəxanalar, klinikalar, apteklər.
- İctimai nəqliyyat - «Bakı kart»ın işləmədiyi 2400 sərnişin avtobusu, 20-yə yaxın özəl taksi xidməti, dəmir yolu.
- Torpaq və daşınmaz əmlak bazarı, icarəsi və kirayəsi.
- Fiziki şəxslərin «çelnok» ticarəti - əsasən idxal əməliyyatları.
- Avtomobil bazarı - avtomobil idxalı, avtosalonlar, avtobazarlar.
- Qeyri-leqal əməkhaqqı, muzdla işləyən yerli və əcnəbi işçilərə ödənilən əməkhaqqı.
- Mərc oyunları, şou-biznes, əyləncə sektoru.
- Valyutadəyişmə məntəqələri və s.
Sadalanan bu uzun siyahıdan göründüyü kimi, ölkə iqtisadiyyatının böyük bir sahəsində əsasən nağd ödənişlər həyata keçirilir. Minlərlə hüquqi və fiziki şəxsin uçotdan yayındırdığı pul vəsaitlərinin, ödənişlərin nağdsızlaşdırılması və leqallaşması nəticəsində maliyyə-vergi mühasibatlıq sənədlərində şəffaflıq yaranar və dövlət büdcəsinə vergi daxilolmaları xeyli artar.
Mütəxəssislər hesab edirlər ki, iqtisadiyyatın yüksək səviyyədə nağdlaşması bir sıra neqativ nəticələr doğurur: makroiqtisadi idarəetmə çətinləşir, iqtisadiyyat investisiya resurslarından məhrum olur, maliyyə-vergi intizamı pozulur, şəffaflıq aşağı düşür, dövlət büdcəsinə vergi-gömrük gəlirləri və bank sisteminin resurs bazası azalır, faiz dərəcələri yüksəlir, pul çapı ilə bağlı əlavə xərclər meydana çıxır və s.
Bu baxımdan, maliyyə bazarının inkişafı, iqtisadiyyata investisiya qoyuluşu imkanlarının genişləndirilməsi, vahid elektron ödəniş məkanının formalaşdırılması və ölkədə nağd pul dövriyyəsinin məhdudlaşdırılması ilə əlaqədar müasir elektron ödəniş xidmətlərinin təkmilləşdirilməsi, nağdsız ödənişlərin stimullaşdırılması ilə bağlı tədbirlərin davamlı olaraq həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Bu tədbirlər təsərrüfat subyektlərində maliyyə intizamının gücləndirilməsi, korporativ sektorda şəffaflığın artırılması, o cümlədən vergidən yayınma hallarının aradan qaldırılmasına xidmət edir.