Azərbaycanın plastik boru istehsalçısı olan «METAK» şirkəti investisiya bazarı üzrə partnyorunu dəyişir. FED.az xəbər verir ki, indiyədək qiymətli kağızlar bazarı üzrə əməliyyatlarını «Azfinance» şirkəti ilə həyata keçirən «METAK» bundan sonra «Unicapital» investisiya şirkətilə əməkdaşlıq etmək niyyətindədir.
Belə ki, «METAK» özünün yeni istiqraz emissiyasını «Unicapital» şirkəti vasitəsilə həyata keçirəcək. Bu barədə FED.az-a məlumat verən «Unicapital»ın baş meneceri Heydər İbrahimli bildirib ki, artıq «Unicapital» «METAK»ın yeni istiqrazlarının emissiyası ilə bağlı hazırlıqlara başlayıb. İstiqrazların 3 milyon manat həcmində buraxılması gözlənilir.
Eləcə də bax:Azərbaycanın valyuta ehtiyatlarına nə almaq olar? - SİYAHI
Bu, «METAK»ın ikinci istiqraz buraxılışı olacaq. «METAK» istiqrazlarının 2 milyon manatlıq ilk emissiyası yanvarın sonunda baş tutmuşdu. İstiqrazların nominal qiyməti 10 min manat, illik gəlirliyi 14% təşkil edirdi. Amma həmin vaxt istiqrazlara maraq böyük olmamış və kağızları cəmi 3 investor almışdı. Sonradan qiymətli kağızlar bazarında baş verən dəyişiklik - dövlət istiqrazlarının və AMB-nin notlarının gəlirliyinin aşağı enərək 8-9%-ə düşməsi – fonunda «METAK» istiqrazlarına maraq artmışdı.
İndi isə «METAK» ikinci istiqraz emissiyasına hazırlaşır. «METAK»ın investisiya partnyorunu dəyişdiyini şirkətin özündə də təsdiqləyiblər. Burada bildiriblər ki, yeni partnyorun cəlb edilməsinin səbəbi bazar əməliyyatlarını diversifikasiya etmək və «Unicapital»ın təklif etdiyi şərtlərin daha əlverişli olmasıdır.