Yanvarın 29-da Bakı Fond Birjasında hərracı keçirilən «METAK» şirkətinin məbləği 2 milyon manat olan istiqrazlarını cəmi 3 investor alıb. Bu barədə FED.az-a qiymətli kağızlar bazarından bildirilib. Ən böyük investor Azfinans investisiya şirkəti olub – «METAK» istiqrazlarının 1 milyon 650 min manatlıq hissəsini bu şirkət əldə edib. Diər iki investor isə müvafiq olaraq 200 min manatlıq və 150 min manatlıq istiqraz alıblar.
Xatırladaq ki, «METAK» istiqrazları 1 illik müddətə manatla buraxılıb, istiqrazın nominal qiyməti 1000 manat, illik gəlirliyi 14%-dir.
İstiqrazlar üzrə ötən həftə – yanvarın 25-də keçrilən hərrac baş tutmamışdı – həmin vaxt FED.az-a açıqlama verən şirkət nümayəndələri bunu texniki məsələlərlə əlaqələndirmişdilər. Məhz buna görə, yanvarın 29-da təkrar hərrac keçirilmişdi.
Şirkətin özündə istiqrazların cəmi 3 investor tərəfindən alındığını problem saymırlar. «METAK»dan FED.az-a bildirilib ki, istiqrazlara maraq hələ də var və qiymətli kağızların indiki alıcıları onları digər investorlara da sata bilərlər.
Eləcə də bax: "Metak" istiqrazları üzrə hərrac baş tutmadı – EKSKLÜZİV