FED.az Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin müsahibəsini təqdim edir.
- Azərbaycan Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında” 2019-cu il aprelin 3-də imzaladığı Fərman məhkəmə-hüquq sistemində hansı dəyişiklərə səbəb olacaq?
- Bildiyiniz kimi, ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurması ilə yanaşı Avropa hüquq məkanına daxil olması, Konstitusiyaya və bir sıra qanunvericilik aktlarına edilən müvafiq əlavə və dəyişikliklərə uyğun olaraq insan hüquq və azadlıqlarının daha dolğun müdafiəsinin təmin edilməsi baxımından məhkəmə-hüquq sistemində fəaliyyətin təkmilləşdirilməsi, hüquqi maarifləndirmə işinin gücləndirilməsi və müasirləşdirilməsi zərurətini doğurmaqla məhkəmə islahatının davam etdirilməsini şərtləndirən amillərdən biri kimi qəbul olunur. Bu baxımdan davamlı tərəqqi naminə hər bir sahəni əhatə edən islahatlar məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi və inkişafında da yeni mərhələnin başlanmasını və bu sahədə aparılan islahatların dərinləşməsini ön plana çıxarır. Məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyət, məhkəmə fəaliyyətinin səmərələliyinin artırılması ilə günün tələbləri səviyyəsində qurulmasına yönəlmiş diqqəti “Məhkəmə -hüquq sistemində islahatların dərinləşməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanda da özünün bariz nümunəsini tapıb. Bu Fərman məhkəmə-hüquq sistemində islahatların dərinləşməsini, hazırkı mərhələdə müasir tələblərə cavab verən və kompleksli davamiyyəti şərtləndirməklə məhkəmə sisteminin gələcək inkişafı prespektivini əks etdirən “yol xəritəsi”dir. Fərmanda göstərilib ki, müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir. Azərbaycan Prezidenti özünün proqram xarakterli Fərmanında məhkəmə hakimiyyəti ilə əlaqədar məhkəmə-hüquq sistemində kompleks qanunverici, institusional və praktiki tədbirlərin görülməsi, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması, cəmiyyətdə məhkəmələrə etimadın möhkəmələndirilməsi istiqamətində mühüm tədbirlərin görülməsi, işlərə baxılarkən ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyinin təmin edilməsi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət edilməsinə dair tövsiyələr verib. Fərmanda göstərilən çoxşaxəli tədbirlər sırasında Azərbaycan Respublikasının Ali Məhkəməsi, Baş Prokurorluğu və Ədliyyə Nazirliyi tərəfindən cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək məqsədilə qanun layihələrinin, o cümlədən, Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası və Ədliyyə Nazirliyinin birlikdə sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması, hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması, həmçinin məhkəmə fəaliyyətinin hüquqi təminatı da daxil olmaqla, onların maddi-texniki təminatının, habelə hakimlərin, məhkəmə aparatı işçilərinin sosial müdafiəsi ilə bağlı tədbirlərin də həyata keçirilməsi üçün normativ hüquqi aktların layihələrinin hazırlanması da əksini tapıb.
Eləcə də bax: «Məhkəmə hakimlərinin maaşı 5-10 min manatdan az olmamalıdır» - MÜSAHİBƏ
Bundan başqa, hakimlərin müstəqilliyini və məhkəmə fəaliyyətinin həyata keçirilməsi zamanı ədalət mühakiməsinin prinsiplərinə dönmədən riayət edilməsi, qanunçuluğun, qərəzsizliyin, məhkəmələrə inamın artırılmasının təmin edilməsi məqsədilə bir sıra digər təşkilati tədbirlərin hazırlanıb həyata keçirilməsi də nəzərdə tutulub. Belə ki, hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün qaynar xəttin yaradılması, hakimlərin və məhkəmə sədrlərinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi prosedurlarında şəffaflığın daha da artırılması, bu sahədə tətbiq edilən meyarların təkmilləşdirilməsi, hüquq pozuntularına və Hakimlərin Etik Davranış Kodeksinin pozulması hallarına yol verən hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsində aşkarlığın və qərəzsizliyin daha dolğun şəkildə təmin edilməsi məqsədilə məhkəmə qərarlarının elektron qaydada dərc edilməsinin, məhkəmələrdə işlərin təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürülməsinin, qeyri-prosessual münasibətlərin yolverilməzliyinin təmin edilməsinin mütəmadi monitorinqinin aparılması Məhkəmə-Hüquq Şurasına tövsiyə olunub. Həmin yeniliklər məhkəmə fəaliyyətinin keyfiyyətinin, səmərəliliyinin yüksəldilməsi ilə yanaşı, məhkəmələrə ictimai inamın artmasına, baxılan mübahisələrin tez həll olunmasına xidmət edəcək.
Eləcə də bax: İki məhkəmə hakimi işdən çıxarılıb
- Fərmana əsasən, Ali Məhkəməyə və Məhkəmə-Hüquq Şurasına tövsiyə edilib, Ədliyyə Nazirliyinə tapşırılıb ki, sahibkarlıq fəaliyyətinə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması barədə qanun layihəsini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər. Qanun layihəsinin hazırlanması istiqamətində hansı işlər görülüb? Sahibkarlıq fəaliyyətinə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması sahibkarlığın inkişafına necə təsir edəcək?
- Bildiyiniz kimi, Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinin I hissəsinə əsasən hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 13-cü maddəsində isə göstərilib ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Sahibkarlıq fəaliyyəti Azərbaycan dövlətinin iqtisadi qüdrətinin artırılmasının mühüm istiqamətini təşkil edir. Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, sahibkarlığa dəstəklə bağlı maliyyə mexanizmlərinin daha da əlçatan olması, sahibkarların hüquqlarının müdafiəsinin çevik mexanizminin yaradılması bu sahədə nailiyyətlər üçün geniş imkanlar yaradıb. Onun inkişafı istehsalın artmasına, yeni iş yerlərinin açılmasına, ölkənin ərzaq təhlükəzliyinin təmininə, istehsal olunan malların dünya bazarına çıxarılması yolu ilə ölkəmizin nüfuzunun artmasına və son nəticədə dünya birliyində dövlətimizin layiqli yerini tutmasına xidmət edir. Bundan başqa, sahibkarlıq sahəsində mütərəqqi tənzimləmə ölkə iqtisadiyyatına investisiya yatırılmasına da müsbət təsir göstərir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin məsələni diqqət mərkəzində saxlamaqla sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılmasını nəzərdə tutur. Bu cür ixtisaslaşmış məhkəmənin yaradılması ilk növbədə sahibkarlığa dövlət qayğısının bariz nümunəsi olmaqla, bu sahədə münasibətlərin iqtisadi inteqrasiya baxımından çoxşaxəli olmasını və mürəkkəbliyini nəzərə alaraq, sahibkarlıqla əlaqəli yarana biləcək bütün mübahisələrin daha çevik və səmərəli həllinə nail olmaq məqsədi daşıyır. Onu da vurğulamaq zəruridir ki, bu məsələnin həyata keçirilməsi bir sıra qanunvericilik aktlarına dəyişikliklərin olinmasını da ehtiva edir. Bununla bağlı Fərmanda nəzərdə tutulduğu kimi, Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası və Ədliyyə Nazirliyi ilə birlikdə Mülki-Prosessual Məcəllədə, İnzibati-Prosessual Məcəllədə, "Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihələri hazırlanır.
Eləcə də bax: Azərbaycanda məhkəmə qərarlarının bir hissəsini – ROBOTLAR VERMƏYƏ BAŞLAYIB
- Fərmana görə, Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsi və həmin vəzifənin icra olunması mexanizmi təsbit edilməlidir. Bu nə üçün vacibdir?
- Konstitusiyanın 131-ci maddəsinin I hissəsinə görə Ali Məhkəmə ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır, o, kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir, məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir. Yuxarıda qeyd olunan Fərmanda da məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsi, məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin təmin edilməsi məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün ciddi tədbirlər görülməsi, ədalət mühakiməsinin keyfiyyətinin artırılması məqsədilə məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi sahəsində fəaliyyətini gücləndirilməsilə əlaqədar müddəalar əksini tapıb. Nəzərə almaq lazımdır ki, vahid məhkəmə təcrübəsinin yaradılması məhkəmələrin həll etdikləri mübahisələrə qanunun eyni cür və doğru tətbiqi baxımından mühüm əhəmiyyətə malikdir. Belə təcrübə məhkəmə qərarlarının sabitliyinə, qanunun müəyyənliyinə dayaq olmaqla oxşar məsələlər üzrə müxtəlif məhkəmə aktlarının çıxarılmasına sədd çəkir, məhkəmələrə inamın təmin olunmasına zəmin yaradır. Vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının sürətlə inkişaf edən ictimai münasibətlərin bəzi hallarda əmələ gətirdiyi hüquqi boşluqların, qeyri-müəyyənliklərin və ya ziddiyyətlərin aradan qaldırılmasında da mühüm rolu var. Bu baxımdan bütün hallarda məhkəmələrdə qanunun normaları onların həqiqi mənasına uyğun təfsir və tətbiq edilməli, nizamlamasına baxmayaraq, işdən-işə və subyektdən-subyektə görə eyni münasibət dəyişməməlidir. Məhz buna görə Ali Məhkəmədə qanunların məhkəmələrdə tətbiqi təcrübəsi təhlil edilir və ümumiləşdirilir, Ali Məhkəmə Plenumunun qərarları vasitəsilə məhkəmələrin hüquq tətbiqetmə təcrübəsi vahid məxrəcə gətirilir, ayrı-ayrı sahələrdə hüquqi tənzimləmədəki boşluqlar və ya qeyri-müəyyənliklər aradan qaldırılır. Vahid məhkəmə təcrübəsinin formalaşdırılması milli qanunvericiliyin insan hüquq və azadlıqları ilə bağlı normalarının da “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası və Avropa Məhkəməsinin presedentlərinə uyğunluğu və mütənasibliyi hədlərində şərh və tətbiqinə imkan verir. Hazırda Ali Məhkəmə Plenumunun məhkəmə təcrübəsinə dair qərarları tövsifedici xarakterə malikdir. Bununla belə, həmin qərarların məcburi xarakterli akt səviyyəsinə qaldırılmasına dair hazırlamış qanun layihələriproseslərin vahid qaydada keçirilməsinə, oxşar məsələlər üzrə məhkəmə mülahizələrinin müxtəlifliyinin aradan qaldırılmasına xidmət edəcək. Onu da vurğulamaq yerinə düşər ki, Ali Məhkəmənin Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili şöbəsinin işinin Fərmanda göstərilən məsələlərin həllinə cavab verən tərzdə yenidən qurulması məqsədilə təşkilati işlərin həyata keçirilməsinə də başlanılıb.
- Hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmləri təkmilləşdirilməli və belə müdaxiləyə görə məsuliyyət artırılmalıdır. Bu sahədə hansı mexanizmlər hazırlanır?
- Konstitusiyanın hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtlərini ehtiva edən 127-ci maddəsinin III hissəsinə görə hər hansı şəxs tərəfindən və hər hansı səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanunla zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir. Bu norma təminatverici xarakterə malik olmaqla məhkəməni, hakimi hər hansı müdaxilədən hifz eləməyə yönəlib. O da vurğulanmalıdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində də ədalət mühakiməsinin qərəzsizliyi və nüfuzunun qorunması məqsədilə fikir azadlığının məhdudlşdırılması istisna edilmir. Adı çəkilən Fərmanda da hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılmasına dair norma nəzərdə tutulub. Məlumdur ki, hakimin peşəkarlığından irəli gələn mühüm keyfiyyətlərindən biri onun müstəqilliyi ilə sıx bağlılıq təşkil edən qərəzsizliyidir. Konkret işlər üzrə hakimin yalnız qanunu rəhbər tutması, mövcud vəziyyətdəki qanunun tətbiqində həmişə onun fərdiliyi - daxili inamının formalaşmasında kənar təsirin mövcud olub-olmaması on plana çıxır. İşə baxarkən hakimin fəaliyyətinə hər hansı müdaxilə onun qərəzsizliyinə, ədalətli qərarın çıxarılmasına mənfi təsir göstərən amil kimi çıxış edə bilər. Belə təsir xüsusən də kütləvi informasiya vasitələrinin məhkəmələrdə baxılan işlərlə əlaqədar bu və ya digər faktın işıqlandırılması zamanı hakimlər və ya tərəflər barəsində birtərəfli, həqiqətə uyğun olmayan müxtəlif materialların dərc edilməsi, yayılması ilə də baş verir. Digər tərəfdən hakimlərin fəaliyyətinə bu və ya digər formada hər hansı kənar təsirlər də hakimlərin müstəqilliyinə zərbə vurur. Bu isə son nəticədə işlərə qanuni və əsaslı baxılsa da, çıxarılan məhkəmə aktının şübhə altına alınmasına, həmçinin hakimin və məhkəmənin nüfuzuna xələl gətirtməklə məhkəməyə ictimai inamın sarsılmasına gətirib çıxarır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məhz belə faktorların qarşısının alınmasının zəruriliyini diqqətdən kənarda saxlamayıb.
Göstərilənlərlə əlaqədar müvafiq qanun layihəsi hazırlanıb, Məhkəmə-Hüquq Şurasında isə Fərmanın tələblərinə uyğun olaraq hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün qaynar xətt yaradılıb.
- Mülki prosessual qanunvericilik kompleks şəkildə birgə təhlil edilməli, bu sahədə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla onun təkmilləşdirilməsi barədə təkliflər hazırlanmalıdır. Ali Məhkəmə bu sahədə təkliflərlə çıxış edəcəkmi?
- Bildiyiniz kimi, mülki prosessual hüquq daim inkişafda olan maddi hüquq sahələrinin normalarının məcburi həyata keçirilməsi forması qismində qəbul olunur. Özü-özlüyündə prosessual qanunvericiliyin inkişaf etdirilməsi dinamik inkişaf tempində olan müasir reallığın tələblərindən irəli gəlməklə təkmilləşdirilmənin dəqiq konsepsiya hədləri çərçivəsində aparılmasını ehtiva edir, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı yeni prosessual üsul və vasitələrin nəzərdə tutmasını şərtləndirir. Bununla belə, nəzərə alınmalıdır ki, fərdlərin prosesin bütün mərhələlərinə əlçatanlığı məhdudlaşdırılmamalı, proses iştirakçılarının çəkişməsinin formal deyil, real təmin edilməsinə yönəlməli, ayrı-ayrı məhkəmə prosedurlarının sadələşdirilməsi yolu ilə hakimlərin üzərinə düşən iş yükünün azalmasına gətirib çıxarmalı, ən əsası mülki prosesin fundamental prinsiplərinin inkarı və ya onlardan yayınma mümkünlüyü ilə nəticələnməməlidir. Təhlil onu göstərir ki, əksər xarici ölkələrdə məhkəmələrin iş yükünün azaldılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə münsiflər məhkəmələrinin imkanlarından, moderatorluq institutundan, notariat orqanlarının (notariusların) tərəflər arasında mübahisə yarandığı təqdirdə onun həllində iştirakına böyük üstünlük verilir. Ali Məhkəmədə də Fərmandan irəli gələn mülki prosessual qanunvericiliyin təkmilləşdirilməsi, qabaqcıl beynəlxalq təcrübənin təhlil edilməsi və müvafiq normativ hüquqi aktların hazırlanması sahəsində işlər gedir.
- Ali Məhkəmə təcrübəsinin ümumilədirilməsi nəticəsində müəyyən edilmiş, sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılması üçün müvafiq mexanizmin yaradılması barədə təkliflərini 2 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Bu yöndə təkliflər hazırlanıbmı?
- Qeyd etdiyim kimi, məhkəmə qərarlarının sabitliyinin təmin edilməsi məhkəmələrə olan inamın yüksəlməsinə, onların nüfuzunun artmasına, oxşar məsələlər üzrə ayrı-ayrı məhkəmələrin müxtəlif mövqe sərgiləməsinə sədd çəkən prosessual imkandır. Vahid məhkəmə təcrübəsinin digər xüsusiyyəti ondan ibarətdir ki, qanunun müəyyənliyi prinsipinin tam əhatəsində dayanmaqla fərdlərin qabaqcadan etdikləri hərəkələrinin (hərəkətsizliklərinin) hansı hüquqi nəticələr doğuracağını görməyə imkan yaradır. Bu baxımdan Fərmanda Ali Məhkəməyə aid tövsiyələr sırasında hüquqi məsələlərin həllinə dair sabit məhkəmə təcrübəsinin formalaşdırılması üçün əməli tədbirlərin görülməsi, məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi sahəsində fəaliyyətin gücləndirilməsi ilə yanaşı, məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində müəyyən edilmiş, sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılması üçün müvafiq mexanizm yaradılması barədə təkliflərin də Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi göstərilib. Bir daha vurğulamaq yerinə düşər ki, Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair qərarlarının tövsüfedici xarakteri onların məhkəmələr tərəfindən icrasının mütləqliyini nəzərdə tutmur. Belə vəziyyət isə onlarda müəyyən edilmiş hüquqi mövqenin məhkəmələrdə baxılan işlər zamanı nəzərə alınmasında qeyri-müəyyənliyin yaranmasına səbəb olur. Həmin problemin aradan qaldırılmasının sadə üsulu isə belə qərarların məcburi xarakterli akt səviyyəsinə qaldırılmasından ibarətdir. Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair qərarlarının məhz məcburiliyi xüsusən də, mürəkkəb işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına təkan verən amillərdən ən əsası hesab olunmalıdır. Bundan başqa, məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının ardıcıllığı, sabitliyi və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqelərinin qabaqcadan proqnozlaşdırılan olmasını təmin etmək üçün prosessual qanunvericilikdə nəzərdə tutulan imkanlardan istifadə edilir. Bununla belə, məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində müəyyən edilmiş sistemli xarakter daşıyan nöqsanların ardan qaldırılması üçün daha çevik, mükəmməl prosesual mexanizmlərin hazırlanması da zərurətə çevrilib. Bu məqamı da Prezident İlham Əliyev diqqət mərkəzində saxlayaraq, Fərmanda bu məsələnin həll olunmasının təmin edilməsini də nəzərdə tutub. Həmin məsələnin icrası ilə əlaqədar Ali Məhkəmə tərəfindən bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilməsinə dair qanun layihələri hazırlanıb.
- Məhkəmələrin və digər orqanların qərarlarının icrasının alternativ mexanizmləri, o cümlədən icranın özəl qurumlara həvalə edilməsi nə dərəcədə effektiv ola bilər?
- Müasir dövrdə məhkəmə aktlarının icrası mühüm əhəmiyyət kəsb etməklə ədalət mühakiməsinin həyata keçirilməsinin sonuncu mərhələsi sayılır. Təsadüfi deyil ki, Avropa Məhkəməsinin silsilə qərarlarında da məhkəmə qərarlarının icrası ədalətli məhkəmə araşdırılması hüququnun tərkib hissəsi kimi dəyərləndirilir. Bu baxımdan icranın səmərəliliyi və keyfiyyəti son nəticədə cəmiyyətdə məhkəmələrə olan inamın bu və ya digər tərzdə formalaşmasına əhəmiyyətli təsir göstərir. Bununla belə, o da qeyd edilməlidir ki, bir çox Avropa ölkəsində, hətta postsovet məkanında məhkəmə və digər orqanların qərarlarının icrasını yalnız dövlət icra məmurları deyil, o cümlədən xüsusi icra qurumları da həyata keçirir. Məsələn, Ukrayna və Qazaxıstanda da belə qurumlar mövcuddur. Onların statusuna gəldikdə, onlar nə dövlət qulluqçusu, nə də sahibkar hesab olunurlar. Lakin belə özəl qurumların mövcudluğu heç də o demək deyil ki, xüsusi dövlət qulluqçuları sayılan icra məmurlarından tamamilə imtina olunub. Məhkəmə və digər orqanların qərarlarının icrasının özəl qurumlarda fəaliyyət göstərən özəl icraçılar tərəfindən məcburi icrası dövlət icra məmurlarının iş yükünün əhəmiyyətli dərəcədə azaldılmasına, icranın tezliyinin və keyfiyyətinin yüksəldilməsinə ciddi təsir göstərir. Digər tərəfdən, icra məmuru aparatının saxlanılması ilə əlaqədar dövlətin çəkdiyi xərclər də azalır. Bununla belə, nəzərdən qaçırılmamalıdır ki, bu institutun ölkəmizdə tətbiqi ilə əlaqədar bir sıra xüsusiyyətlər nəzərə alınmalıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Fərmanda məhkəmələrin və digər orqanların qərarlarının icrasının alternativ mexanizmləri, o cümlədən icranın özəl qurumlara həvalə edilməsi ilə bağlı qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsini və həmin təcrübənin tətbiqinin mümkünlüyünü zəruri şərt kimi müəyyənləşdirib.
- Mediasiya institutunun yaradılması məhkəmələrin yükünü azaldacaqmı? Beynəlxalq təcrübədə bu institut özünü nə dərəcədə doğruldub?
- Mediasiya qədim köklərə malik olmaqla, işdə heç bir marağı olmayan, qərəzsiz və müstəqilmediatorun vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həllini nəzərdə tutur. Bu zaman mediator tərəflərə mübahisə ilə əlaqədar onları qane edən razılaşmanın əldə olunmasına yardım göstərir. Bu halda tərəflər mübahisənin nizamlanması və həll olunması ilə əlaqədar prosesin gedişinə tam nəzarəti həyata keçirirlər. Mediasiya institutu demək olar ki, əksər ölkədə müvəffəqiyyətlə işləyir. Mediasiyanın populyarlığı və üstünlüyü ilk növbədə ondan irəli gəlir ki, burada məhkəmədə mübahisə ilə əlaqədar daha ciddi dəlillərə malik ola tərəfə hüquqi üstünlük verilməsindən fərqli olaraq, mübahisənin tərəflərin özlərinin qarşılıqlı razılaşmasına uyğun olmaqla çözülməsi əsas meyardır. Bu mexanizm tərəfləri məhkəmə çəkişməsinə daxil olmadan öz problemlərinin həllinin çox da böyük məsrəf tələb etməyən prosedurdur.
“Mediasiya haqqında” 29 mart 2019-cu il tarixli qanunda da göstərilib ki, qanun mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir. Qanunun işə düşməsi şübhəsiz ki, məhkəmələrin iş yükünün azalmasına xidmət edəcək. Həmin qanunun 3.2-ci maddəsində birbaşa göstərilib ki, iqtisadi mübahisələr, həmçinin, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Bu baxımdan adıçəkilən normativ hüquqi aktın mübahisə tərəfləri arasında qarşılıqlı inam hissinin artırılmasına - xüsusən də ailə münasibətləri ilə bağlı olan mübahisələr zamanı, lüzumsuz məhkəmə çəkişmələrinin isə azalmasına təkan verəcək.
- Aparılacaq islahatlar məhkəmə sistemində rast gəlinən nöqsanların aradan qaldırılmasını şərtləndirəcəkmi?
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 aprel 2019-cu il tarixli fərmanı onun məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla, həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir. Fərmanda məhkəmə hakimiyyətinin nüfuzunun artırılması, cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi istiqamətində mühüm tədbirlərin görülməsi, işlərə baxılarkən ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyinin təmin edilməsi və Konstitusiyada təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət edilməsinə dair tövsiyələr verilib. Fərmanın məzmunundan göründüyü kimi cənab Prezident məhkəmə hüquq sistemində islahatların dərinləşməsi üzrə tədbirlərin kompleks şəkildə aparılmasını islahatların müvəffəqiyyət qazanmasının mühüm şərti kimi görür. Bu baxımdan məhkəmələrin maddi texniki bazasının yaxşılaşdırılması, məhkəmə və hakimlərin müstəqilliyinin təminatı qismində qəbul olunan hüquq bazasının gücləndirilməsi ilə yanaşı, hakimlərin, məhkəmə aparatı işçilərinin sosial müdafiəsi ilə bağlı mühüm tədbirlərin də həyata keçirilməsinı nəzərdə tutulur.
Yüksək və şərəfli missiyanı-hüquq və azadlıqları qoruyan məhkəmə hakimiyyəti və hakimlər qanunlara dönmədən riayət etməklə, dövlətin adından qəbul edilmiş qərarların vaxtında və dəqiq icrası yolu ilə cəmiyyətdə etimad və hörmətin layiqli daşıyıcıları olmalıdırlar. Bu isə dəyişikliklərin hər bir hakimin özündən, ədalət mühakiməsi orqanından başlamasını şərtləndirir. Ədalət mühakiməsinin daha keyfiyyətlə həyata keçirilməsi, vətəndaşların üzləşdiyi vəziyyəti daha dəqiq anlamaq məqsədi ilə bundan sonra da xalqın səsinə diqqətlə qulaq asmalı, hüquq və azadlıqların layiqli müdafiəsi naminə ədalət mühakiməsində köklü islahatları biz hakimlər məhz özümüzdən başlamalıyıq. Əminəm ki, bu islahatlar neqativ halların qarşısının alınmasında müstəsna rol oynayacaq.
- Hakimlərimiz Avropa Məhkəməsinin presedent hüququndan nə dərəcədə istifadə edir? Avropa Məhkəməsi ilə əməkdaşlıq, hakimlərimizin təcrübəsinin artırılması istiqamətində hansı addımlar atılıb?
- Azərbaycan Respublikası 2001-ci il yanvarın 25-də Avropa Şurasına daxil olduqdan sonra "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasına qoşulmaqla Konvensiyanı özünü hüququn mənbəyi, Avropa Məhkəməsinin qərarlarını konvensiya normalarının şərhinin mənbəyi kimi qəbul edir. Təsadüfi deyil ki, Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarında göstərilib ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Bu baxımdan Avropa Məhkəməsinin presedent hüququ bizim hüquq sistemimiz üçün mühüm əhəmiyyət kəsb edir. Hər həftə Ali Məhkəmədə keçirilən seminarda beynəlxalq hüquqi aktlar, xüsusən də "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının müddəaları, Avropa Məhkəməsinin presedent hüququ öyrənilir. Hüquq tətbiqetmə təcrübəsinə xüsusilə təsir göstərən qərarlar tərcümə edilərək öyrənilməsi üçün aşağı instansiya məhkəmələrinə də göndərilir. Bundan başqa, Ali Məhkəmənin hakimləri və digər hakimlər beynəlxalq hüquqa daha dərindən yiyələnmək məqsədilə xarici dövlətlərdə, Avropa Məhkəməsində ezamiyyətdə olurlar. Ali Məhkəmədə hakimlərin iştirakı ilə beynəlxalq hüquq sahəsində böyük nüfuza malik olan tanınmış alim və hüquqşünaslarla hüququn ayrı-ayrı sahələrinə həsr olunan və təcrübə mübadiləsinə xidmət edən elmi konfranslar, dəyirmi masalar keçirilir. Presedent hüququn təbliği həmçinin zona müşavirələrinin keçirilməsi, kitab və məqalələrin yazılması, hakimlərə, hakimliyə namizədlərə, vəkillərə mühazirələrin oxunması ilə də həyata keçirilir. Hakimlərimiz iş üzrə gəldiyi nəticənin əsaslandırılmasında Avropa Məhkəməsinin presedent xarakterli qərarlarına istinad edirlər.
- Prezident İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, çəza siyasətinin hümanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamına əsasən Ədliyyə Nazirliyinin Probasiya Xidməti yaradılıb. Ötən dövr ərzində cinayət törətmiş şəxsləri cəmiyyətdən təcrid etmədən islah edilməsini təmin etmək üçün atılan addımları necə qiymətləndirmək olar?
- Cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması dövlət rəhbərinin daim diqqət mərkəzindədir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının preambulasında göstərilir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamda məhkəmələrə həbs qətimkan tədbiri seçilərkən şəxsin cinayətə aidiyyəti ilə bağlı əsaslı şübhənin, həbs qətimkan tədbirinin seçilməsinin qeyri-mümkünlüyü barədə dəlillərin yoxlanılması, Ali Məhkəməyə həbs qətimkan tədbirinin seçilməsi və azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi ilə bağlı məhkəmə təcrübəsinin mütəmadi ümumiləşdirilməsi və bu sahədə ədalətli məhkəmə təcrübəsinin formalaşdırılmasının təmininə nail olunması tövsiyə edilib. Bu tövsiyəyə uyğun olaraq Ali Məhkəmə tərəfindən hər il məhkəmə təcrübəsinin ümumiləşdirilməsi aparılıb, onun nəticələri Ali Məhkəmənin Plenumunda hakimlərin iştirakı ilə müzakirə edilərək Sərəncamın icrasının reallaşdırılması üçün müvafiq tədbirlər görülüb. Ali Məhkəmənin hakimlərindən, Baş Prokurorluğun və Ədliyyə Nazirliyinin birgə işçi qrupu tərəfindən bu Sərəncamda müəyyən edilmiş müddət ərzində “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihələri hazırlanıb, həmin qanun layihələri Milli Məclis tərəfindən qəbul edilib və Azərbaycan Prezidenti tərəfindən imzalandıqdan sonra müvafiq olaraq 20 oktyabr və 1 dekabr 2017-ci il tarixlərdə qüvvəyə minib. Cinayət Məcəlləsində edilmiş dəyişikliklər 8000-dən çox məhkum barəsində tətbiq edilərək, onların bir hissəsi tamamilə cəzadan azad edilib, digərlərinin cəzaları, cəzaçəkmə müəssisənin növü yüngülləşdirilib. 900-dən çox təqsirləndirilən və məhkum olunmuş şəxs barəsində yeni cəza növü olan azadlığın məhdudlaşdırılması cəzası, şərti məhkum etmənin və cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin yeni qaydaları tətbiq edilib və belə şəxslərin üzərində nəzarətin həyata keçirilməsində elektron nəzarət vasitələrindən istifadə edilir. Aparılan ümumiləşdirmələr nəticəsində müəyyən edilib ki, 2016-cı ilin birinci yarım ili ilə müqayisədə 2018-ci ilin eyni dövrü ərzində həbsin seçilməsi və həbsdə saxlanılma müddətlərinin uzadılması haqqında məhkəmələrə təxminən 3000 az təqdimat daxil olub, ümumilikdə təmin edilmiş təqdimatların sayı isə 10 faiz azalıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yuxarıda adı çəkilən fərmanda yenidən cəza siyasətinin hümanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üçün müvafiq qanun layihələrinin hazırlanaraq ona təqdim edilməsinə dair verdiyi tövsiyə və tapşırıqları ilə həmin məsələlərə diqqət yönəltməsi, məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsinin mütəmadi təhlil edilməsinin, bu fəaliyyətin keyfiyyətinin artırılması üçün tədbirlər görülməsinin Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə olunması da bu siyasətin məqsədyönlüyünə, cinayət törətmiş vətəndaşların sərt cəzalara məruz qoyulması yolu ilə islah olunmasına deyil, daha humanist vasitələrlə cəmiyyətə qaytarılmasına üstünlük verməsinin bariz nümunəsidir. Əminliklə qeyd olunmalıdır ki, Fərmana uyğun olaraq həmin məsələlərlə əlaqədar görüləcək işlər, cəmiyyətin inkişafında özünün uğurlu nəticələrini nümayiş etdirəcək.
- Ötən ilin analoji dövrü ilə müqayisədə bu ilin birinci rübündə Ali Məhkəmənin mülki, inzibati-iqtisadi və cinayət kollegiyalarında baxılmış işlərin sayı necə dəyişib?
- 2018-ci ilin birinci rübündə və 2019-cu ilin birinci rübündə Azərbaycan Respublikası Ali Məhkəməsinin kollegiyalarında müqayisə üçün baxılmış işlərlə bağlı statistik məlumatı əks etdirən rəqəmlərə diqqət yetirdikdə aşağıdakı mənzərənin şahidi oluruq. Ali Məhkəmənin Mülki kollegiyasında 2018-ci ilin birinci rübündə 2069 mülki işə baxılmışdısa, cari ilin birinci rübündə 1837 mülki işə baxılıb, bu isə 232 (11.2%) mülki iş azalma deməkdir. İnzibati-İqtisadi kollegiyada iqtisadi mübahisələrlə bağlı 2018-ci ilin birinci rübündə baxılmış işlərin sayı 150 iş, 2019-cu ilin həmin dövrü üçün isə 33 (22%) iş azalaraq 117 iş təşkil edib. Bu kollegiyada baxılan inzibati işlər üzrə 2018-ci ilin birinci rübündə 526 işə baxılıb, 2019-cu ildə müvafiq dövr üçün bu rəqəm 185 (35,2%) iş artmaqla 711 iş təşkil edib. Cinayət kollegiyasında 2018-ci ilin birinci rübündə 415 işə baxıldığı halda, 2019-cu ilin birinci rübündə bu rəqəm 124 (29,9%) iş artaraq 539 iş olub. Hərbi kollegiyada 2018-ci ilin müvafiq dövründə 38 işə baxılıb, 2019-cu ilin birinci rübündə isə bu, 13 (34,2%) iş azalaraq 25 iş təşkil edib.
- Baxılan işlərin fonunda ləğv olunan məhkəmə qərarlarının sayı artıb, yoxsa azalıb?
- Ali Məhkəmənin Mülki kollegiyasında 2018-ci ilin birinci rübündə 276 məhkəmə aktı, 2019-cu ilin birinci rübündə isə 96 (34,8%) məhkəmə aktı artmaqla 372 məhkəmə aktı ləğv olunub. İnzibati- İqtisadi kollegiyada iqtisadi mübahisələrlə bağlı 2018-ci ilin birinci rübündə 40 məhkəmə aktı, 2019-cu ilin birinci rübündə isə 15 (37.%) məhkəmə aktı azalaraq 25 məhkəmə aktı ləğv edilib. İnzibati işlər üzrə 2018-ci ilin birinci rübündə 170 məhkəmə aktı, 2019-cu ilin birinci rübündə isə 44 (25,9%) məhkəmə aktı artmaqla 214 məhkəmə aktı ləğv olunub. Cinayət kollegiyasında 2018-ci ilin birinci rübündə 50 məhkəmə aktı ləğv olunub, 2019-cu ilin birinci rübündə isə 7 (14%) məhkəmə aktı azalmaqla 43 məhkəmə aktı ləğv edilib.