2025-ci ilin ilk 5 ayında Azərbaycana idxal olunan hibrid avtomobillərin sayı kəskin artsa da, onların orta idxal qiyməti ciddi şəkildə ucuzlaşıb.
Bu barədə FED.az Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən xəbər verir.
Cari ilin ilk 5 ayında ölkəyə 18 min 426 ədəd hibrid avtomobil gətirilib. Halbuki 2024-cü ilin eyni dövründə bu göstərici 6 min 923 ədəd idi. Beləliklə, idxalda 11 min 503 ədəd və ya 166,2% (2,6 dəfə) artım qeydə alınıb.
2025-ci ildə hibrid idxalının ümumi dəyəri 377 milyon 309 min dollar, 2024-cü ildə isə bu məbləğ 213 milyon 372 min dollar olub. Bu da dəyər baxımından 163 milyon 937 min dollar və ya 76,8% artım deməkdir.
Cari ildə bir hibrid avtomobilin orta idxal qiyməti 20 min 477 dollar (34 min 811 manat) təşkil edib. Bu isə ötən ilin eyni dövründəki 30 min 820 dollarla (52 min 394 manat) müqayisədə 10 343 dollar və ya 33,6% daha aşağıdır.