“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC Bakı-Tbilisi-Qars dəmir yolu ilə daha bir neçə yeni növ yükü daşımağa başlayıb.
MMC-dən FED.az-a bildirilib ki, buna Bakı-Tbilisi-Qars dəmir yolunun yaratdığı yeni cəlbedici imkanların hesabına nail olunub.
Eləcə də bax: Bu ilin I yarısında BTQ ilə daşınmış yükün həcmi - AÇIQLANIB
Belə ki, aparılan danışıqlar nəticəsində, bu dəfə sınaq məqsədilə Türkiyədən Türkmənistana qarışıq yüklər daşınıb. On iki yük avtomobili ilə Türkiyənin Qars stansiyasına çatdırılan yüklər, burada “ADY Express”ə məxsus və təqdim etdiyi 4 ədəd yarımvaqona aşırılaraq, yola salınıb. Gürcüstanın Axalkalaki stansiyasında təkər cütləri dəyişdirildikdən sonra, vaqonlar Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatdırılıb, buradan isə Türkmənbaşı limanına bərə vasitəsi ilə nəql edilib. 220 tonadək yük Türkiyədən Türkmənistana qısa müddət ərzində - 5 günə çatdırılıb. Bu isə ənənəvi avtomobil yolu ilə daşımadan fərqli olaraq, tranzit vaxtının azı 2 dəfə azalması deməkdir. Bunu avtomobil yollarında və sərhədlərdəki sıxlıq ilə yanaşı, dəmir yolunun sürət və çevikliyi ilə əlaqələndirmək olar. İmzalanmış müqaviləyə əsasən, “ADY Express” 50 min ton bu növ yüklərin Bakı-Tbilisi-Qars dəmir yolu ilə nəqlini həyata keçirəcək.
Azərtac