“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən yaradılmış “SA Maritime AFEZCO” Birgə Müəssisəsinə məxsus “Aframax” tipli sayca üçüncü gəmidə Dövlət Himninin sədaları altında üçrəngli Azərbaycan bayrağı qaldırılıb.
Bu barədə FED.az-a ASCO-dan məlumat evrilib.
Digər "Aframax" tipli tankerlər kimi, bu gəmi də Prezident İlham Əliyevin tapşırığı ilə xalqımız üçün mühüm olan tarixi torpağımızın şərəfinə adlandırılıb. Belə ki, yeni istismara verilən gəmiyə “Zəngəzur” adı verilib.
"Zəngəzur"un dedveyti də (ümumi yükgötürmə qabiliyyəti) bundan öncə istismara verilən "Şuşa" və "Qarabağ" “Aframax” tipli tankerlər kimi təxminən 115 min tondur.
“ASCO Ship Management AFEZCO" tərəfindən idarə olunacaq "Aframax" tipli bu tanker də Xəzərdənkənar sularda istismar ediləcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin dəstəyi ilə alınan bu nəhəng gəmilər ölkəmiz üçün strateji əhəmiyyətə malik olmaqla, milli gəmiçiliyin yükdaşıma potensialının artırılmasına xidmət edəcək, neft sənayemizin beynəlxalq dəyər zəncirinə töhfə verəcək.
Onu da əlavə edək ki, “Aframax” tipli tankerlərin alınması layihəsi üzrə ASCO-nun payı bir müddət əvvəl yerli bazarda uğurla buraxılan “ASCO istiqrazları”ndan cəlb olunan vəsait hesabına maliyələşdirilib.