Yanvar-oktyabr aylarında turizm məqsədilə Azərbaycana gələn 1,2 milyfon nəfər turistin 150 mini və ya hər 8 turistdən biri ona göstərilən xidmətlərin hansındansa narazı qalıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir. Xatırladaq ki, ilk 10 ayda xaricdən ölkəyə 1 milyon 169 min nəfər səfər edib.
Narazı turistlərin sayı ötən ilin eyni dövrünə nisbətən 27 min nəfər və ya 21,9% çoxdur. 2022-ci ilin 10 ayında ölkəyə gələn turistlərin 123 mini xidmətdən narazı qalmışdı.
Rəsmi məlumatlara görə turistlərin narazı qaldığı sahələrin siyahısına restoran və avtobus daşımalara başçılıq edir.
Belə ki, turistlərin 32,5 min nəfəri restoranların xidmətlərindən, 32,1 min nəfəri avtobusla sərnişin daşımadan, 18,4 min nəfəri taksi xidmətlərindən, 17,4 min nəfəri bələdçi xidmətlərindən məmnun olmayanlardır.
Bundan başqa 13,6 min nəfər otellərin xidmətlərindən, 8,9 min nəfər metrodan, 5,3 min nəfər turagentlərin xidmətlərindən razı qalmayıb.