Azərbaycan Mərkəzi Bankında (AMB) Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbəsi yaradılıb.
Mərkəzi Bankın daha bir departamentinin adı dəyişdirilib
FED.az xəbər verir ki, İdarə Heyıətinin sədrinin əmri ilə şöbəyə İlahə Həsən qızı Baxışova-Tahirli müdir təyin edilib.
Şöbənin əsas fəaliyyət istiqamətləri əhalinin maliyyə məlumatlılığının artırılması, maliyyə sektorunda peşəkar inkişafın dəstəklənməsi və bu sahələr üzrə müvafiq siyasət və mexanizmlərin hazırlanmasını əhatə edir.
Şöbə həmçinin maliyyə savadlılığının mövcud vəziyyətinin öyrənilməsi, analitik hesabatların hazırlanması, təlim, seminar və maarifləndirici proqramların təşkili, eləcə də maliyyə sektorunda müxtəlif vəzifələr üzrə peşəkar standartların və qiymətləndirmə mexanizmlərinin hazırlanması istiqamətində fəaliyyət göstərəcək.
Şöbənin rəhbəri İlahə Baxışova-Tahirli Mərkəzi Bankda fəaliyyətə 2023-cü ilin aprelində başlayıb. O, əvvəlcə insan kapitalının inkişafı üzrə böyük mütəxəssis kimi çalışıb. 2024-cü ilin avqustundan peşəkar inkişaf və maliyyə maarifləndirilməsi istiqamətində böyük mütəxəssis vəzifəsini icra edib..
İlahə Baxışova-Tahirli Mərkəzi Bankdan əvvəl təxminən 5 il Azərbaycanın pərakəndə ticarət şirkəti “Bravo Supermarket Azerbaijan”da çalışıb. O, burada öyrənmə və inkişaf üzrə assistent vəzifəsindən başlayaraq işə qəbul, istedadların idarə edilməsi və insan resurslarının inkişafı istiqamətində müxtəlif vəzifələr tutub. Son olaraq şirkətdə İstedadların idarə edilməsi üzrə böyük mütəxəssis kimi fəaliyyət göstərib.
O, əmək fəaliyyətinin əvvəlki dövründə Bakıda fəaliyyət göstərən “Excelsior Hotel Baku”da insan resursları üzrə assistent kimi də çalışıb.












