Azərbaycan, Qazaxıstan, Özbəkistan və Tacikistan xarici iqtisadi və geosiyasi risklərə qarşı mübarizə aparmaq üçün əhəmiyyətli dayanıqlılıq ehtiyatına malikdir.
"Moody’s": Hörmüz riskləri Azərbaycan və Qazaxıstanın ixrac gəlirlərini artıra bilər
FED.az xəbər verir ki, bu barədə "Moody's" beynəlxalq reytinq agentliyi bildirir.
"Mərkəzi Asiya və Qafqazın suveren emitentləri nisbətən aşağı borc yükü, dayanıqlı iqtisadi artım, büdcə ehtiyatları və güzəştli maliyyələşdirməyə çıxış imkanları sayəsində regionda ən güclü maliyyə mövqelərini qoruyub saxlayır. Region ölkələrinin maliyyə dayanıqlığı həmçinin sabit büdcə göstəriciləri və həyata keçirilən struktur islahatları ilə dəstəklənir. Bir sıra ölkələr, o cümlədən Azərbaycan və Ermənistan artan gəlirlər və xərclərin artımının məhdudlaşdırılması dəstəyi ilə büdcə balanslarının konsolidasiyasını həyata keçirir", - analitiklər qeyd edirlər.
"Moody's"in qiymətləndirməsinə görə, büdcə mövqelərinin daha da gücləndirilməsi regionun suveren emitentlərinin kredit qabiliyyətinin qorunub saxlanmasının əsas amillərindən biri olacaq. Bununla yanaşı, iqtisadiyyatlarının strukturu, dövlət ehtiyatlarının həcmi və maliyyələşməyə çıxış şərtləri nəzərə alınmaqla ayrı-ayrı ölkələrin imkanları əhəmiyyətli dərəcədə fərqlənir.
Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində gələcək irəliləyiş regional sabitliyin və iqtisadi perspektivlərin dəstəklənməsi üçün əlavə amil ola bilər. Geosiyasi gərginliyin azalması Cənubi Qafqazda ticarət, nəqliyyat, energetika və infrastruktur əlaqələrinin inkişafı üçün yeni imkanlar yarada bilər.
Qeyd edilib ki, Şərqi Avropa, Mərkəzi Asiya və Qafqazda suveren emitentlərin kredit qabiliyyəti proqnozu islahatlara olan təkan, iqtisadi şaxələndirmə və regional əlaqələrin dərinləşməsi hesabına müsbətdir.
"Regionda iqtisadi artım olduqca yüksək səviyyələrdən sonra normallaşsa da, dayanıqlı olaraq qalacaq. Xüsusilə, Mərkəzi Asiya və Qafqazda 2026-2027-ci illərdə infrastruktura investisiyaların və regional qarşılıqlı əlaqələrin artması fonunda dinamika güclü olaraq qalacaq. Eyni zamanda, iqtisadiyyatın miqrasiya, kapitalın relokasiyası və ticarət axınlarının yenidən yönləndirilməsi ilə stimullaşdırıldığı 2022-ci ildən sonrakı dövrün pik göstəriciləri ilə müqayisədə normallaşma baş verəcək", - ekspertlər hesab edirlər.
Agentliyin analitlərinin fikrincə, artımın dəstəklənməsində infrastruktura dövlət və özəl investisiyaları, nəqliyyat marşrutlarının genişləndirilməsi, eləcə də region ölkələri arasında iqtisadi əlaqələrin gücləndirilməsi mühüm rol oynayacaq. Yeni ticarət dəhlizlərinin inkişafı həmçinin xarici ticarətin şaxələndirilməsinə və ayrı-ayrı iqtisadiyyatların ənənəvi marşrutlardan asılılığının azaldılmasına kömək edir.
Bütövlükdə sabit büdcə göstəriciləri və güzəştli maliyyələşdirməyə çıxış regionun əksər ölkələrinin kredit potensialını dəstəkləyəcək. Büdcə saldosu, borc yükü və borca xidmət göstəricilərinin dövlət müəssisələrinin şərti öhdəlikləri, irimiqyaslı infrastruktur layihələri və borclanmanın yüksək dəyəri ilə bağlı davam edən risklərə baxmayaraq, nisbətən sabit qalacağı gözlənilir.
Bununla yanaşı, "Moody`s" dövlət maliyyəsinin daha da gücləndirilməsinin zəruriliyinə diqqət çəkir. İri infrastruktur layihələrinin həyata keçirilməsi, xərclərin artması və xarici maliyyələşmə dəyərinin ehtimal olunan artımı ayrı-ayrı ölkələrin büdcə göstəricilərinə təzyiq göstərə bilər.
Analitiklər əsas məhdudlaşdırıcı amillər arasında Rusiya-Ukrayna münaqişəsinin nəticələri də daxil olmaqla, geosiyasi riskləri xüsusilə qeyd edirlər. İqtisadi dinamikaya həmçinin xammal malları üzrə dünya qiymətlərinin, xarici tələbatın və ticarət şərtlərinin dəyişməsi də təsir edə bilər.
Bununla belə, son illərdə bir çox Mərkəzi Asiya və Qafqaz ölkələri xarici sarsıntılara qarşı durmaq qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndiriblər. Ticarət əlaqələrinin şaxələndirilməsi, regional əməkdaşlığın artması, toplanmış valyuta və büdcə ehtiyatları, həmçinin yeni nəqliyyat və enerji marşrutlarının inkişafı iqtisadiyyatların xarici şoklara qarşı dayanıqlığını artırır.
Beləliklə, "Moody`s"in qiymətləndirməsinə görə, region 2026-2027-ci illərə nisbətən əlverişli kredit mövqeləri ilə daxil olur. Büdcə intizamının qorunub saxlanması, islahatların davam etdirilməsi və infrastruktur layihələrinin həyata keçirilməsi şərtilə Mərkəzi Asiya və Qafqaz son illərin son dərəcədə güclü dövründən sonra iqtisadi fəallığın tədricən normallaşması şəraitində belə dayanıqlı artım templərini qoruya bilər. (Report)












