Azərbaycanda kredit mübahisələri ilə bağlı çox maraqlı məhkəmə qərarı qəbul edilib.
“Atlas Medical Center” MMC - MƏHKƏMƏYƏ VERİLDİ
FED.az xəbər verir ki, Ali Məhkəmə tərəfindən qəbul edilən və ictimaiyyətə açıqlanan qərar kredit mübahisələri ilə bağlı ən çox yayılan hallardan birini tənzimləyir və vahid məhkəmə təcrübəsi kimi tətbiq ediləcək. Yəni bundan sonra kreditlə bağlı oxşar məhkəmə mübahisəsi olanda bu qərar nümunə kimi götürüləcək.
Beləliklə, söhbət vəfat edən şəxsin kreditinin kim tərəfindən ödənilməsindən və ya ümumiyyətlə ödənilməməsi baroədə mübahisədən gedir.
Ali Məhkəmədən FED.az-a verilən məlumata görə, məsələ 2015-ci ildə götürülmüş kreditlə bağlıdır. Həmin vaxt bankla müştəri arasında bağlanmış kredit müqaviləsinə əsasən bank borcalana 45 ay müddətinə illik 25% dərəcəsi ilə 12 000 manat məbləğində kredit verməyi, borcalan isə həmin krediti müəyyən olunmuş müddətdə faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürüb.
Kredit götürüləndə borcu alana iki nəfər zamin durub. Müqaviləyə görə, müştəri borcu ödəməsə, zaminlər onu tam bağlamalı idilər.
Kredit götürüləndən 1 il sonra müştəri, yəni krediti götürən şəxs vəfat edib. 30 iyul 2022-ci il tarixli maliyyə arayışına görə müqavilə üzrə cəmi 7 887 manat borc qalıb.
Bundan sonra, bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən, yəni zaminlərdən və vəfat edən şəxsin varisindən bu 7 min 887 manat borcun qaytarılmasını xahiş edib.
Bank öz iddiasında bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə bağlı olaraq krediti götürən və vəfat edən şəxsin varis və zaminlərinə kredit müqaviləsi üzrə yaranmış borcun restrukturizasiya olunması və bununla bağlı banka müraciət edilməsi təklif edilib. Yəni bank təklif edib ki, kreitin müddəti uzadılsın və cavabdehlər borcu qaytarsınlar. Amma varis və zaminlər bu təklifi qəbul etməyib, yəni fərmanın yaratdığı güzəştlərdən istifadə etməyiblər.
Bundan sonra məhkəmə mübahisəsi başlayıb, və bank 2 dəfə məhkəmədə uduzub.
Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edilib, yəni krediti nə varisin, nə də zaminin üzərinə qoub.
Məhkəmə bildirib ki, bank müştərinin varisindən krediti ödəməyi tələb etsə də, müştərinin miras əmlakının varis tərəfindən qəbul edildiyini sübut edə bilməyib. Məsələ bundadır ki, qaydaya görə, varis rəhmətliyin kreditini o vaxt qaytarır ki, onun əmlakı varisə keçmiş olsun. Bank isə miras əmlakın varisə keçdiyini sübut edə bilmədiyindən pulu varisdən almaq baş tutmayıb, məhkəmə belə hesab edib. Zaminlərə gəldikdə isə məhkəmə bu iddianı da əsassız sayıb. Belə ki, araşdırma göstərib ki, 15 aprel 2015-ci il tarixində bağlanan kredit müqaviləsinə daxil olan zaminlik müqaviləsində zaminliyin nə vaxtadək qəvvüdə olacağı göstərilməyib. İşə məhkəmədə baxılında isə zaminlərin müqaviləsinin bitməsindən 1 ildən çox vaxt keçib.
Həmçinin məhkəmə onu da qeyd edib ki, bu işdə 1 illik müddət 2020-ci ilin yanvar ayının 15-də bitdiyi halda (həmin tarixdə isə müvafiq Fərmanın tətbiqi ilə bağlı tədbirlər artıq həyata keçirilib), bank zaminlərə qarşı məhkəməyə iki il müddət ötürülərək müraciət edilib. Bu halları nəzərə alaraq məhkəmə zaminləri də rahat buraxıb.
Bank təbii ki, bu qərardan narazı qalaraq apellyasiya şikayəti verib. Amma o da təmin edilməyib, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıb.
Bundan sonra iddiaçı kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib və Ali Məhkəmə məsələyə, daha dəqiqi, məsələnin varislə bağlı hissəsinə fərqli yanaşıb.
Ali Məhkəmənin mövqeyinə görə, vəfat etmiş şəxsin mirasının vərəsə tərəfindən qəbul edilib-edilməməsi məsələsinin bank tərəfindən sübut edilməsi tələbi düz deyil. Mirasın qəbul edilməsini bank sübut etməməlidir. Əksinə. Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində göstərilib ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, miras qoyanın borclarının mirasdan çox olduğunu vərəsə özü sübut etməlidir.
Bununla bağlı daha bir məqam Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarında da var. Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixdə qəbul etdiyi Qərarda isə məsələ daha aydın göstərilib. Burada bildirir ki, əgər varis, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyibsə, o mirası qəbul etmiş sayılır.
Başqa sözlə, Ali Məhkəmə hesab edir ki, vərəsənin mirası qəbul edib-edmədiyini bank sübut etməyə borclu deyil. Vərəsə özü sübut etməlidir ki, o mirası qəbul etməyib. Eyni zamanda mirasdan imtina etməyibsə, onu qəbul etmiş sayılır. Bu isə o deməkdir ki, vərəsə mirasla birlikdə krediti də qəbul edir.
Beləliklə, Ali Məhkəmə işi vərəsəyə münasibətdə ləğv edərək, yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərib. Bu o deməkdir ki, həmin işdə kreditin varis tərəfindən ödənilməsi barədə qərar veriləcək.