VISA beynəlxalq ödəmə sistemi Azərbaycanda nağdsız ödənişlərin səviyyəsinin dünya göstəriciləri ilə müqayisədə aşağı olduğunu qeyd edir.
"Əgər dünya göstəricilərinə nəzər salsaq, bu gün dünya üzrə ödənişlərin yalnız 36%-i, Azərbaycanda isə 83%-i nağd formada həyata keçirilir", - deyə VISA-nın nümayəndəsi Məcid Hüceyr bu gün Bakıda keçirilən seminarda bildirib.
FED.az xəbər verir ki, VISA-nın məlumatına görə, 2018-ci ildə Azərbaycanda ödənişlər bazarı $26 mlrd. 295,7 mln. təşkil edib. Bu həcmin yalnız 4%-i ödəniş kartları vasitəsilə həyata keçirilib, daha 13%-i isə birbaşa köçürmələr təşkil edib. Qalan həcm nağd hesablaşmaların payına düşüb.
"Dünya üzrə bütün əməliyyatların təxminən 40%-i (dünya üzrə həcm $39 trln. 556 mlrd. 346,6 mln. təşkil edib) nağdsız ödənişlərin, daha 16% birbaşa köçürmələrin, 4% isə ayrı-ayrılıqda çek və digər ödəniş növlərinin payına düşür", - deyə M. Hüceyr qeyd edib.