Bugünlərdə sabiq təhsil naziri Mikayıl Cabbarovun nazir işlədiyi dövrdə təhsildə xidmətlərinə dair cədvəl yayımlanmışdı. Sahibkarlar üçün maraq doğuracağını nəzərə alaraq, 18 illik fəaliyyəti dövründə 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədovun xidmətlərinə vergi üzrə ekspert Vəli Əliyev ilə birlikdə nəzər saldıq.
Beləliklə, ilk olaraq müsbət işləri sadalayaq:
1. 2005-ci ildən başlayaraq vergi orqanlarına işə qəbul TQDK vasitəsi ilə həyata kecirildi. Bu hadisə o vaxtı dövlət qulluğuna qəbul üzrə ilk addım idi. Qəbul obyektiv şəraitdə keçirilir və bu, indidə davam etdirilir. Ona görə də kölgə salası fikir söyləmək insafsızlıq olar.
2.Vergilər Nazirliyinin digər dövlət qurumlarına nümunə olacaq işi vətəndaş müraciətlərinin baxılmasının yüksək səviyyədə təşkil olunmasıdır.
3. 2006-cı ildə AVİS proqram təminatının istismara verilməsi və İnternet Vergi İdarəsinin təşkili böyük hadisə idi.
4. Elektron kargüzarlığın, elektron bəyannamələrin tətbiqi ilə Azərbaycanda elektron hökumətin tətbiqinə başlanıldı. Daha sonra Vergilər Nazirliyinin təqdim etdiyi elektron xidmətlərin sayı və yüksək keyfiyyəti, elektron vergi hesab fakturalarının, elektron qaimələrin tətbiqi Fazil Məmmədovun aktivinə yazılmalıdır.
Amma bu dövrdə baş vermiş çatışmamazlıqlar xüsusən də cəzasızlıq mühiti bütün yaxşı işlərə kölgə saldı.
Məlum olduğu kimi, 2016-cı ildə ölkə başçısının təşəbbüsü ilə Apellyasiya Şuraları yaradıldı. Bu təşəbbüs ASAN xidmətlə müqayisə edilə biləcək nəaliyyətdir.
Apellyasiya Şurası vasitəsi ilə məhkəmələrdə əldə edilməsi əlçatmaz xəyal kimi görünən mübahisələrin məhkəmədənkənar həllinə nail olundu. Məsələn, vergi orqanı bir neçə müəssisənin hesabından pul vəsaitini qeyri-qanuni yollarla silmişdi. Vergi Apellyasiya Şurasının qərarı ilə vergi orqanının bu hərəkəti qanunsuz hesab olundu. Başqa misal, Vergi Apellyasiya Şurasının qərarına əsasən artıq ödənilmiş vergi məbləği sahibkara vaxtında geri qaytarılmadığı üçün Bakı şəhəri Vergilər Departamenti sahibkara 20000 manat gecikmə faizi ödədi.
Zahirən bunlar Fazil Məmmədovun xidməti kimi görünsə də əslində sahibkarların çox saylı şikayətləri və sərt mövqe nümayiş etməsi, həmçinin Prezident yanında Apellyasiya Şurasının işə öbyektiv yanaşmasının nəticəsində baş vermişdi. Əslində vergi orqanlarının qanunsuz hərəkətləri Nazirliyin mənfi fəaliyyətidir. Bu günədək vergi orqanı tərəfindən icra olunmayan Vergi Apellyasiya Şurasının qərarları mövcuddur. Cəzasızlıq o həddədir ki, Vergi Apellyasiya Şurasının qərarları vergi orqanının qanunsuz əməllərinin baş vermə faktını təsdiq edir, büdcə 20000 manat itkiyə məruz qalır, amma bu qanunsuzluğa görə kimsə cəzalandırılmır və həmin şəxslər indidə vəzifə sahibləridir.
Son dövrlərin səs-küylu və eyni zamanda sahibkarlığın inkişafına xidmət edən Konstitusiya Məhkəməsinin qərarları Fazil Məmmədovun və dolayısı ilə Ali Məhkəmənin bəzi hakimlərinin işinə qiymət verilməsi üçün obyektiv kriteriyadır. Xatırladaq ki, divident, sığorta agentlərinin vergiyə cəlb edilməsi, lizinq işi ilə əlaqədar Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarlar bu qəbildəndir. Bu qərarlar isə vergi orqanlarının qanunsuz əməllərini ifşa edərək, sistematik islahatların vacibliyini göstərir.
İnsider©
Vergilər nazirinin 18 illik fəaliyyətinin "swot analizi"
12:37
15 Dek 2017