Ölkə başçısının “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli sərəncamında vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması və ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının müəyyən edilməsi üçün vergi sistemində islahatların davam etdirilməsi və vergi inzibatçılığının daha da təkmilləşdirilməsinin zəruri olduğu əks olunub. Sərəncamda müasir standartlara uyğun olaraq vergi ödəyicilərinə göstərilən xidmətlərin dairəsinin genişləndirilməsi məqsədi ilə Vergilər Nazirliyinin Çağrı Mərkəzində beynəlxalq təcrübədə tətbiq olunan “Outbound Call Centre” funksiyalarının tətbiqi nəzərdə tutulub.
Vergilər Nazirliyindən Fed.az-a verilən məlumata görə, hazırda nazirliyin Çağrı Mərkəzində qeyd edilən funksiyanın tətbiqi ilə bağlı müvafiq qaydaların layihəsi hazırlanıb və təsdiqlənməsi ilə bağlı zəruri tədbirlər görülür.
“Outbound Call Centre” – Çağrı Mərkəzi təmsilçilərinin mövcud olan və ya gözlənilən (nəzərdə tutulan) müştərilərə zəng etmələri ilə bağlı fəaliyyətidir. Bu fəaliyyət texnoloji imkanlardan istifadə etməklə bir saat ərzində Çağrı Mərkəzi tərəfindən mümkün qədər çox müştəriyə zənglərin edilməsini nəzərdə tutur. Bu funksiyalara mövcud olan problemlər və gecikmələrlə bağlı məlumatlandırma, yeni uçota alınmış vergi ödəyicilərinin onlara yardım məqsədi ilə məlumatlandırılması, borcların yığılması, müştəri məmnunluğu ilə bağlı sorğuların və araşdırmalarının aparılması daxildir.
Bu xidmət növünün tətbiqi nəticəsində vergi qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini vaxtında yerinə yetirməyən və ya əksər hallarda məlumatsızlıq və ya unutqanlıq səbəbindən öz öhdəliklərini vaxtında icra etməyən vergi ödəyicilərinin daha səmərəli məlumatlandırılması həyata keçiriləcək.
Eyni zamanda bu xidmət vergi öhdəliklərini vaxtında yerinə yetirməyəcəyi, bəyannamələri vaxtında və ya düzgün təqdim etməyəcəyi ehtimal olunan və Vergi Məcəlləsinə əsasən ödəyicisi olduğu vergi növlərində uyğunsuzluqlar olan vergi ödəyicilərinin sayının azaldılmasına kömək edəcək.
Vergi ödəyicilərinə göstərilən xidmətlərin dairəsi genişləndirilir
15:09
29 Avq 2016