Vergi Məcəlləsinə son dəyişikliklər layihəsində fərdi qaydada sahibkarlıqla məşğul olan fiziki şəxslərin, yəni sabit vergi ödəyicilərinin siyahısının genişləndirilməsi nəzərdə tutulur. Hazırda sabit vergi ödəyicisi siyahısına fərdi yaşayış evlərində və mənzillərdə çalışan ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və digər analoji işlər və nəqqaşlıqla məşğul olan şəxslər daxildir.
ELƏCƏ DƏ BAX: Vergilər necə hesablanacaq? - NAZİRLİK İZAH EDİR - VİDEO
2019-cu ildən artıq bu siyahıya bərbərlər (sabit məbləğ 20 manat), dərzilər (sabit məbləğ 10 manat) və ofisiantlar (sabit məbləğ 10 manat) da daxil ediləcəklər. Bununla da onların vergi yükü xeyli azalacaq, baxmayaraq ki, sabit məbləğlərə əmsallar da tətbiq ediləcək. Nəzərdə tutulan əmsallar isə dəyişməz olaraq qalacaq. Belə ki, Bakı şəhərində bu əmsal (kənd və qəsəbələr daxil olmaqla) 2.0, Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində 1.5, Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində 1.0, digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) isə 0.5 olacaq. Məsələn, Bakıda işləyən bərbər 40 manat (20 manat sabit məbləğ x 2 əmsal), dərzi və ofisiantlar isə 20 manat (10 manat sabit məbləğ x 2 əmsal) ödəyəcəklər. Digər bir misal: bu qaydaya əsasən, Gəncədə bərbər 30 manat (20 manat sabit məbləğ x 1.5 əmsal), dərzi və ofisiantlar isə 15 manat (10 manat sabit məbləğ x 1.5 əmsal) vergi ödəyəcəklər.
Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, əslində yeni qanun böyük bir şey tələb etmir: "Fərdi qaydada işləyən şəxslər əvvəllər də vergi ödəyicisi idilər, dəyişikliklər qüvvəyə mindikdən sonra onlar sabit qaydada vergi ödəyəcəklər".
Qeyd olunub ki, bu yeniliklər fərdi qaydada sahibkarlıqla məşğul olan şəxsləri əlavə vergi inzibatçılığından azad edəcək: "Qanun Milli Məclis tərəfindən qəbul edilib və qüvvəyə mindikdən sonra fərdi qaydada işləyən sahibkarlar bu barədə məlumatlandırılacaq".
Nazirlikdən bildiriblər ki, yeni qayda əslində sahibkarlar üçün çox əlverişlidir: "Məsələn, hazırda Bakıda işləyən bərbər gəlirin 4%-ni (digər bölgələrdə - 2%) ödəyirsə, 2019-cu ildən o, gəlirindən asılı olmayaraq vergini sabit formada ödəyəcək. Bu ona görədir ki, fərdi qaydada işləyən şəxslər əlavə vergi inzibatçılığından azad edilsin, həm də vergi yükü yüngülləşdirilsin. Bu, kiçik sahibkarlığa edilən güzəştlərdən biridir. Bununla yanaşı, onlar vergi orqanına hər rüb uzrə bəyannamənin təqdim edilməsindən də azad ediləcək".