Yanvarın 21-də vergi ödəyicilərinin 2018-ci ilin sonuncu rübü üzrə vergi hesabatlarını ödənməsi vaxtı başa çatır. FED.az xəbər verir ki, Vergi Məcəlləsinə görə, həmin vaxtadək hesabatını təqdim etməyən vergi ödəyicilərinə 40 manatlıq maliyyə sanksiyası tətbiq ediləcək.
Amma məsələ təkcə hesabatı təqdim etməklə bitmir – ödəyicilər hesabat dövrü üçün vergilərini də ödəməlidirlər.
Eləcə də bax: Büdcəyə kim nə qədər pul toplayıb - RƏQƏMLƏR, SİYAHI
Bəs hesabatı vaxtında verib, vergini gecikdirənləri nə gözləyir?
Nazirlikdən FED.az-a verilən məlumata görə, əslində hesabatla birlikdə vergilər də ödənilməlidir. Bu baş verməsə, Məcəllənin 59-cu maddəsinə görə, vergilərin ödənilməmiş hissəsinə 0,1% məbləğində faiz hesablanır. Bu, məsələn, 1000 manat vergi borcu olan ödəyici üçün gündə 1 manat deməkdir. Eyni vaxtda ödəyiciyə vergilərini 5 gün ərzində ödəmək barədə bildiriş də göndərilir.
Bu barş verməsə, yəni vergi 5 gün ərzində ödənilməsə 5 gündən sonra ödəyicinin bank hesabına vergi borcunun 105%-i məbləğində sanksiya qoyulacaq və həmin məbləğ bloklanacaq.
Yeri gəlmişkən, əvvəllər vergi ödəyicisi sanksiyanın ləğvi üçün hökmən məhkəməyə müraciət etməli idisə, Məcəlləyə edilən yeni dəyişikliklərə görə, nazirliyin özünə müraciətlə də bunu etmək mümkünür.