Beynəlxalq reytinq agentlikləri olan “Moody’s” və “Standart&Poors” (S&P) Türkiyənin kredit reytinqini aşağı salıb.
FED.az xəbər verir ki, bu barədə hər iki agentlik birgə məlumat yayıb.
S&P-dən bildirilib ki, Türkiyənin uzunmüddətli xarici valyutada kredit reytinqi “BB-”dan “B+”a, uzunmüddətli milli valyutada olan kredit reytinqi isə “BB”dən “BB-“a endirilib. Ölkənin reytinq üzrə proqnozu isə sabit olaraq saxlanılıb.
Bunudan əlavə “S&P” Türkiyənin qısamüddətli yerli və xarici valyutalardakı kredit reytinqini “B” səviyəsində müəyyən edib.
Agentlikdən bildirilib ki, əgər hökumət iqtisadi proqramları uğurla həyata keçirsə, həmçinin inflyasiya nəzarət altına alsa bu kredit reytinqinin yenidən artmasına şərait yarada bilər.
Türkiyənin kredit reytinqini "Ba2"dən "Ba3"ə salan “Moody's” ölkənin kredit reytinqi üzrə proqnozunu da “neqativ” olaraq müəyyən edib.
Bu agentlik də iqtisadi proqramların uğurla yerinə yetirilməsinə və inflyasiyanın idarə edilməsinə nail olunduğu təqdirdə kredit reytinqinin yüksəldilə bilinəcəyini açıqlayıb. Həmçinin “Moody's”də hesab edirlər ki, xarici investisiyaların cəlbi və cari büdcə kəsirinin aşağı salınması da rəsmi Ankaranın kredit reytinqini yüksəltməyə imkan verə bilər.