Türkiyədə dolların məzənnəsi indiyədək görünməmiş səviyyəyə çatıb. FED.az xəbər verir ki, qonşu ölkədə ABŞ dolları lirə qarşısında sürətlə bahalaşaraq gün ərzində 4,65 lirədən 4,8 lirəyə yüksəlib. Son bir ayda dolların məzənnəsi 16,8% (aprelin 22-də 1 dollar 4,1083 lirəyə bərabər idi), son bir ildə isə 34,9% (ötən il mayın 22-də 1 dollar 3,5590 lirəyə bərabər idi) bahalaşıb.
Bu, türk lirəsinin dollar qarşısında ən aşağı məzənnəsidir. Lirənin ucuzlaşmasının əsas səbəbi ölkənin mərkəzi bankının ikirəqəmli inflyasiya ilə bacara bilməməsi təhlükəsi, eləcə də, prezident Rəcəb Tayib Ərdoğanın ölkədəki monetar siyasətə qarışmasıdır.
Nəticədə təkcə 2018-ci ilin əvvəlindən indiyədək lirə öz dəyərinin 16,5%-ni itirib. Bu, inkişaf etməkdə olan ölkələrin valyutaları arasında ən aşağı göstəricidir.
İnvestorlarda Türkiyə ilə bağlı narahatlıq yaradan məqamlardan biri də ötən həftə Londonda baş verib. Prezident Ərdoğan Londona səfəri zamanı bəyan edib ki, parlament seçkilərindən sonra ölkədəki monetar siyasət üzərində daha sərt nəzarət yaradacaq. Xatırladaq ki, parlament seçkiləri iyunun 24-ə təyin edilib.
Yeri gəlmişkən, ekspertlər, o cümlədən «WHIreland»ın baş bazar analitiki Mayk İnqrem bildirir ki, inkişaf etməkdə olan ölkələrdə milli valyutaların zəifləməsinin əsas səbəblərindən biri həmin ölkələrin mərkəzi banklarına işləməyə imkan verməməkdir.
Ərdoğan yüksək faiz dərəcələrinin əleyhinədir. Türkiyə rəhbəri kreditləşməni artırmaq üçün faiz dərəcələrinin aşağı salınmasını istəyir. İnvestorlar isə əksinə, faiz dərəcələrinin artımını istəyir. Bəzi narahatlıqlara görə, faiz dərəcəsini artırmayan Mərkəzi Bank ölkə rəhbərliyindən asılıdır.
Hazırda investorların əsas diqqəti Mərkəzi Bankın iyunun 7-ə təyin edilən iclasına yönəlib. Burada məlum olacaq ki, lirənin sürətli ucuzlaşması qarşısında Mərkəzi Bank faiz dərəcələrini artıracaq, ya yox.
Hələlik isə ötən həftə mərkəzi bank bəyan edib ki, ölkədə qiymətlərin qeyri-sağlam formalaşması prosesini» diqqətlə izləyir və bunun inflyasiyaya təsirindən asılı olaraq addımlar atacaq.
Dollarla yanaşı, Türkiyədə avro və funt sterlinq də bahalaşır. Gün ərzində avronun məzənnəsi 5,5 lirədən 5,65 lirəyə, funtun məzənnəsi isə 6,28 lirədən 6,44 lirəyə yüksəlib.
Türkiyədə dollar sürətlə bahalaşır – LİRƏ ÇÖKÜR
04:31
23 May 2018